Bəzi müxalif partiyalar növbədənkənar prezident seçkilərində iştirakdan imtina edib və seçkiləri boykot etdiklərini bildirirlər. Azərbaycandakı digər müxalifət partiyasının liderləri isə bu seçkidə ya iştirak edir, ya da birbaşa hazırkı prezident İlham Əliyevə dəstəklərini ifadə edirlər. Bütün bunların fonunda seçkini boykot etmək isə yumşaq desək siyasi məğlubiyyətin etirafıdır. Hər kəs anlayır ki, hazırda cənab İlham Əliyevə alternativ olmadığı kimi rəqabət apara biləcək şəxs də yoxdur. Bu isə təbii olaraq cənab prezidentin tarixi zəfər qazanması ilə birbaşa bağlıdır.
Qarabağ məsələsinin həlli ilə bağlı çoxlu sayda fikirlər söyləmək mümkündür. Ancaq iqtidarda mərhum prezident Heydər Əliyev, daha sonra isə İlham Əliyev olmasaydı belə çətin və mürəkkəb geopolitik məkanda torpaq azad etmək mümkün olardımı? Düşünmürəm.
Bir qədər yaxın tarixə ekskursiya edək. Bu gün qazanılan qələbənin əsası məhz 1994-cü ildə qoyulmuşdu. 90-cı illərin əvvəllərində hakimiyyəti təhvil alan Heydər Əliyev ilk öncə atəşkəslə bağlı razılaşma əldə etdi. Çünki o dönəmlərdə Azərbaycan çox çətin durumda idi. Torpaqlarımız işğal edilmiş, 1 milyona qədər məcburi köçkünümüz var idi. Elə çətin durumda Heydər Əliyev münaqişənin həlli üçün çox ciddi qərarlar verdi. 1994-cü ildə Azərbaycan bütün təhdid və təzyiqlərə rəğmən “Əsrin Müqaviləsi” kimi meqa layihəyə imza atdı və Azərbaycan neftinin Avropaya tədarükünün əsasını qoymuş oldu. Bu müqaviləyə imza atmaq asan idimi? Qətiyyən! Xüsusilə də SSRİ-dən yenicə ayrılmış və müstəqilliyi yenicə bərpa etmiş Azərbaycanın Şimalında nəhəng enerji ixracatçıları bunu asanlıqla qəbul etməyəcəkdi və etmədi. Ancaq bütün bunlara rəğmən ortaya siyasi iradə qoyan Heydər Əliyev bu sənədləri imzaladı. Nəticədə isə Azərbaycan nefti Avropaya daşınaraq ölkəyə ciddi şəkildə maliyyə gətirdi. Həmin maliyyə isə öz növbəsində Azərbaycanın müdafiə sənayesinin inkişafına sərf edildi.
2020-ci ilin 27 sentyabrına qədər Azərbaycan bir neçə dəfə işğal faktını aradan qaldırmaq üçün cəhdlər etdi. Lakin qarşımızda Ermənistanı deyil də Rusiyanı görürdük və prosesi yarımçıq saxlamağa məcbur qalırdıq. Hazırkı Prezident cənab İlham Əliyev Azərbaycanın Qərblə, bölgə ölkələri ilə münasibətlərini daha da inkişaf etdirdi. Xüsusilə də Türkiyə ilə Azərbaycan arasında imzalanmış strateji müttəfiqlik haqqında sənədlər, hərbçilərimizin Türkiyədə kurslar keçməsi prosesin inkişafında dönüş nöqtəsi oldu.
Ermənilərin Tovuz istiqamətində atəş açması və Azərbaycanın strateji obyektlərini hədəf alması Azərbaycanı hərəkətə gətirdi. Lakin bu dəfə Azərbaycanın yanında Türkiyə var idi və məhz Türkiyə amili üçüncü ölkələri bir daha düşünməyə vadar etdi. Nəticədə qələbə qazandıq və reallıqlar tamamilə dəyişdi.
Yəni, bütün bunlar onu deməyə əsas verir ki, Qarabağ məsələsi heç bir zaman həll edilməməli idi və düyün açılmamalı idi. Ancaq bu baş verdi, bu düyünü də İlham Əliyev açdı. Hətta elə bir qələbə qazandıq ki, bu gün Almaniyanın hərb məktəblərində Azərbaycan Ordusunun Şuşa əməliyyatı ilə bağlı dərslər keçirildi, məşhur qərb nəşrlərində Azərbaycanın apardığı yeni müharibə metodu ilə bağlı məqalələr dərc edildi.
Bütün bunları yenidən xatırlatmaqda məqsədim ondan ibarətdir ki, bu yazdıqlarımı bütünlükdə Azərbaycan cəmiyyəti də bilir. Ona görə də seçkilərdə İlham Əliyevin qələbə qazanacağına kimsənin şübhəsi yoxdur. Adını müxalifət qoyan, lakin heç bir dövlət ərkanına uymayan addımlar şəxslər seçkiləri boykot etməklə əslində məğlubiyyəti etiraf etmiş oldular.
Digər bir məsələ isə Azərbaycanı guya Rusiyanın yanında imiş kimi göstərməyə çalışanlardır. Nə qədər gülməli səslənsə də həmin şəxslər Ermənistanı sülhdə maraqlı olduğunu iddia edir, Azərbaycanı isə Rusiyanın yanında olmaqla ittiham edirlər. Əvvəla anlamaq lazımdır ki, Azərbaycan Qoşulmama Hərakatının liderlərindən biridir və dünya ölkələri üçün də əsl dərslikdir. Bu mənada Azərbaycanın kiminsə yanında olduğunu iddia etmək ya siyasi səriştəsizliyin, ya da qeyri-obyektivliyin göstəricisidir.
Həmin şəxslərə Vladimir Putinin son mətbuat konfransı zamanı nitqini xatırlatmaq istəyirəm. Putin açıqlaması zamanı Qarabağın Azərbaycan ərazisi olduğunu deməklə yanaşı, həm də bunun səbəbkarı kimi Ermənistan hökumətini göstərir. Ən azından bu fakt da onu göstərir ki, Azərbaycanın bu qələbəsi kimləri narahat edib. Əlavə olaraq onu da qeyd edim ki, Azərbaycan dəfələrlə Rusiya Ukrayna savaşı zamanı Ukraynaya humanitar yardım göndərib. Bununla bağlı həm Ukrayna prezident ofisi, həm də birbaşa Volodimir Zelenski Azərbaycan prezidentinə və xalqına təşəkkür edib.
Ancaq hər şey bununla da bitmir. Diqqət çəkmək istədiyim məsələlərdən biri də budur ki, seçkiləri boykot edən həmin şəxslər Qərbdəki bəzi dairələrin dili ilə danışırlar. Eyni mətn, eyni vurğu. Qaldırdıqları məsələ isə yuxarıda qeyd etdiyim məsələlərdir. Sualıma keçməmişdən öncə onu da qeyd edim ki, Rusiya Ukrayna savaşı başlayandan sonra nə hikmətdirsə Ermənistanda iqtisadi artımla bağlı fantastik rəqəmlər ortaya çıxıb. Bu rəqəmlərin hardan ortaya çıxdığı isə bəllidir. Belə ki, bu günə qədər sanksiyalar altında qalan Rusiya öz mallarını Ermənistan üzərindən daşıyır və rəsmi İrəvan bu məsələdə plastarm kimi Rusiyaya meydan verib. Nəticədə isə inanılmaz rəqəmlər ortaya çıxır. Sadəcə bu da deyil. Rusiyanın mal göndərməsi ilə bərabər İrəvan üzərindən bəzi detalları da qəbul edir Rusiya. Təsəvvür edin ki, Ukrayna ordusuna qarşı savaşda istifadə edilən texnikalar üçün çiplər məhz Ermənistan üzərindən Rusiyaya ötürülür. İndi sual edirəm ki, Azərbaycanın belə çətin geopolitik məkanda və durumda yürütdüyü siyasəti hansı arqumentlərlə danmaq olar? Təbii ki, heç bir səbəb yoxdur. Sadəcə olaraq ən böyük problem həm də odur ki, bəzi müxalif partiyalar sadə Dövlət və Hakimiyyət qavramlarını anlamaqda çətinlik çəkirlər.
Fuad Heydər