Gənc Mühasiblər İctimai Birliyi (GMİB) tərəfindən həyata keçirilən “Məsafədən iş formasında əmək funksiyasının yerinə yetirilməsinin hüquqi əsaslarının yaradılması” layihəsi uğurla yekunlaşmışdır.
Layihənin əsas məqsədi Əmək Məcəlləsində distant iş anlayışının tətbiqi ilə bağlı müddəaların əlavə olunmasını təklif etməkdən ibarətdir. Bu çərçivədə Bakı şəhərində mövcud olan “Dövlət-Özəl sektor-QHT əməkdaşlığı” Platforması tərəfindən 5 mart 2024-cü il tarixində genış tərkibli Dəyirmi Masa təşkil edilmişdir.
Distant iş rejiminin Əmək Məcəlləsində yeri və yeni hüquqi əsasların yaradılmasına həsr olunmuş tədbirin açılışını GMİB sədri Solmaz Əliyeva etmişdir.
Tədbir Dövlət Vergi Xidməti Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımovun moderatorluğu ilə davam etmişdir. Tədbirdə GMİB-in layihə meneceri Selcan Əlibəyova layihənin geniş təqdimatını diqqətə çatdırmışdır.
Dəyirmi Masada dövlət, özəl sektor və QHT nümayəndələri iştirak edərək distant iş rejiminin beynəlxalq modellərini, ölkəmizdə bu istiqamətdə həyata keçirilən strateji planları, eləcə də işəgötürənlərin və işçilərin distant iş tətbiqində qarşılaşdıqları müsbət və mənfi tərəfləri müzakirə etmişlər. Müzakirələr nəticəsində irəli sürülən müvafiq təklif və tövsiyələr aidiyyəti qurumlara təqdim olunmuşdur.














