Gənc Mühasiblər İctimai Birliyi və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gənc Peşəkar Mühasiblər” layihəsi uğurla davam edir. Layihənin əsas məqsədi gənclərin mühasib peşəsi üzrə ölkə iqtisadiyyatındakı rollarının artırılmasına dəstək göstərmək, gənc mühasiblərin işgüzar fəallığını yüksəltmək və onların məşğulluğunun təmin olunmasına töhfə verməkdən ibarətdir.
Layihə çərçivəsində gənclər üçün mühasibatlıq kursları ilə yanaşı, kursu bitirən iştirakçıların əmək bazarına adaptasiyasını asanlaşdırmaq məqsədilə karyeraya hazırlıq təlimləri təşkil olunur. Bu istiqamətdə layihə iştirakçıları üçün növbəti psixoloji seminar keçirilmişdir.
Təlimdə “Sən1Sən” platformasının psixoloqları Sədayə Nəsirova və Xəyalə Məhərrəmova gənc mühasiblərlə görüşərək onları peşəkar iş və karyera həyatına hazırlıqla bağlı maraqlandıran sualları cavablandırmışlar. Görüş zamanı iş müsahibələrində psixoloji aspektlər, şəxsi inkişaf istiqamətlərinin analizi və gələcək karyera planlaması ilə bağlı dəyərli tövsiyələr təqdim olunmuşdur.















