Azərbaycan və Pakistan arasında müxtəlif istiqamətlər, o cümlədən iqtisadi, hərbi sahədə əlaqələrin inkişafının daha intensiv mərhələsi başlanır. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana dövlət səfəri əsnasında əldə edilən razılıqlar da qeyd edilənlərin real təzahürüdür. Onun Prezident İlham Əliyevlə görüşlərində, aparılan müzakirələrdə xüsusi diqqət mərkəzində saxlanılan məqam bundan ibarət oldu ki, ölkələrimiz arasında iqtisadi əlaqələr siyasi səviyyədəki münasibətlərlə ziddiyyət təşkil edir. Siyasi əlaqələr strateji mütəffiqlik həddində olduğu halda, iqtisadi, ticari münasibətlər barədə eyni fikri söyləmək mümkün deyil. Belə vəziyyət ölkələrin milli maraqlarına, tərəfdaşlıq münasibətlərinə qətiyyən uyğun gəlmir və vəziyyətin dəyişdirilməsi istiqamətində genişmiqyaslı fəaliyyətin həyata keçirilməsinə zərurət yaranır. Aparılan hesablamalar göstərir ki, bu gün Azərbaycan və Pakistan arasında ticarət dövriyyəsi cəmi 14 milyon ABŞ dollarına bərabərdir və bu, tərəflərin potensialından dəfələrlə aşağıdır. Müvafiq addımlar atılacağı halda yaxın tezlikdə iki ölkənin ticarət dövriyyəsini 2 milyard ABŞ dollarına çatdırmaq mümkündür. Sonrakı mərhələdə bu göstərici daha yüksək rəqəmlərlə ifadə edilə bilər. Artıq qeyd olunan istiqamətdə müvafiq işlərə start verilib. Prezident İlham Əliyev Azərbaycan-Pakistan biznes forumunda çıxışı zamanı qeyd edib ki, iki ölkə arasındakı qardaşlıq münasibətləri biznes dairələri üçün yaxşı platforma olmalıdır: “Bəzən bizim daha fəal biznes təmaslarımıza mane olan məsələ planlarımız, iqtisadi gündəliyimiz, infrastruktur layihələri ilə bağlı məlumatın olmamasıdır. Həmin boşluğu doldurmaq üçün bu cür toplantılar çox vacibdir. Çünki biznes-forum çərçivəsində müxtəlif təqdimatlar keçirilir, biznes imkanları təqdim edilir, hüquqi formatlar, vergi və gömrüklə bağlı məsələlər müzakirə olunur. Bunun hamısı biznes dairələri və işgüzar insanlar üçün çox vacibdir ki, onlar yeni bazarlara daxil olsunlar”. Dövlət başçısı onu da vurğulayıb ki, gözəl siyasi münasibətlər qarşılıqlı sərmayə səviyyəsində öz əksini tapmalıdır: “Ötən ilin yayında mənim Pakistana səfərim zamanı biz bəyan etdik ki, Azərbaycan Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları həcmində sərmayə yatıracaq”. Yatırılacaq sərmayənin yönəldiləcəyi sahələr də artıq müəyyən olunub və yaxın günlər ərzində konkret razılıqlar əsasında müvafiq işlərə də başlanacaq.
İki ölkə arasında müdafiə, müxtəlif sənaye sahələri, əzcaçılıq, enerji, kənd təsərrüfatı, infrastruktur layihələri, digər belə istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması üçün bütün imkanlar mövcuddur. Məsələnin bu tərəfinə toxunan Prezident İlham Əliyev bildirib: “Biz digər sahələrdə də çox böyük potensial görürük. Bunun üçün çox böyük əsas var. O da iki ölkə arasında olan qardaşlıq və qarşılıqlı siyasi iradədir. Bunun nəticəsində biz işgüzar əlaqələrimizi də siyasi səviyyəyə bərabər inkişaf etdirə bilərik”. Proseslərin gedişi göstərir ki, Azərbaycan və Pakistan müxtəlif təyinatlı birgə istehsal müəssisələri yaradılmasına xüsusi diqqət yetirir. Bura digər sahələrlə yanaşı, müdafiə sənayesi də daxildir. Tərəflərin buna xüsusi diqqət etməsi heç də təsadüfi xarakter daşımır. Faktdır ki, istər Pakistan, istərsə də Azərbaycan çoxsaylı konkret səbəblərə görə, hərbi qüdrətlərini qorumaq, onu davamlı yüksəltmək məcburiyyətindədirlər. Sözügedən istiqamətdə ölkələrin qarşılıqlı əməkdaşlığı tərəflərin hər birinə çoxsaylı üstünlüklər vəd edir. Təqdirəlayiq haldır ki, bu kontekstdə ölkələrimiz arasında münasibətlər hərbi sahədə də uğurla inkişaf edir. Bunu Pakistanın və Azərbaycanın yüksək rütbəli hərbçilərinin intensivləşən qarşılıqlı səfərləri, əldə olunan razılaşmalar da təsdiq edir. Ümumiyyətlə, iki ölkənin hərbi sahədə əməkdaşlığı böyük potensiala malikdir. Bu müstəvidə Azərbaycan ilə Pakistan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin daha da genişləndirilməsi xüsusi diqqət mərkəzində yer alır.
Prezident İlham Əliyev Ölkəmizdə səfərdə olan Pakistanın İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşdəki çıxışında bu səfərin ölkələrimiz arasında qardaşlıq əlaqələrini gücləndirəcəyinə, beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməkdə davam edəcəyimizə əminliyini ifadə edərək vurğuladı ki, bu gün çox geniş iqtisadi gündəliyi razılaşdırdıq və iqtisadi əməkdaşlığımıza, eləcə də sərmayə imkanlarına aid praktiki layihələri müzakirə etdik. Azərbaycanın Pakistana sərmayələri ilə bağlı imzalanacaq sənədlərin bir ay ərzində hazırlanması məqsədilə artıq öz heyətlərimizə fəal çalışmaq təlimatlarını verdik. Münasibətlərimiz nəinki xalqlarımız, o cümlədən təmsil etdiyimiz regionlar üçün həqiqətən vacibdir. Pakistan ilə Azərbaycan arasında bu cür qardaşlıq münasibətlərini görmək iki qardaş müsəlman ölkəsinin tərəfdaşlığının yaxşı nümunəsidir.
Niyaməddin Əsgərov,
YAP Beyləqan rayon təşkilatının sədr müavini