Bu gün, böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan xalqı həqiqətən zəngin dövlətçilik ənənələrinə malikdir və tarix boyu qüdrətli dövlətlərə malik olmaqla yanaşı ölkəni, dövləti idarə etməklə bərabər xalqı öz arxasınca apara bilmək qabiliyyəti, ona komandanlıq etmək hünəri, ən çətin məqamlarda qələbə əldə etmək, eləcə də, zəfər çalmaq istedadı olan böyük şəxsiyyətlər, siyasi liderlər, görkəmli dövlət xadimləri, əfsanəvi rəhbərlər, el ağsaqqalları yetirmişdir. Tariximizin bütün dövrlərində adı və fəaliyyəti ilə fəxr etdiyimiz belə şəxsiyyətlərimiz və dövlət rəhbərlərimiz olmuşdur, indi də vardır. Həmin şəxsiyyətlər tarixin müəyyən zamanlarında bəzən ümumxalq lideri olmaqla yanaşı, özünün intellektual fəaliyyəti, fitri istedadı ilə dünya meydanına çıxır, qlobal, beynəlxalq problemlərin həllində bəşəri əhəmiyyətə malik işlər görür, ad çıxarır, hörmət, nüfuz sahibi olur bə planetar əhəmiyyətli dünya şəxsiyyətlərinə çevrilirlər. Belə şəxsiyyətləri yetişdirən məkan, dünya xəritəsində kiçik bir əraziyə malik olan, ancaq dünyanın böyük dövlətlərinin diqqət və tədqiqat mərkəzində olan Azərbaycan məmləkətidir.
Sirr deyil ki, hər bir xalqın özünün müstəqil dövlətinin olması çox önəmli məsələdir. Ötən əsrin əvvəllərində ölkəmizdə gedən ictimai-siyasi prosesləri təhlil edərkən Azərbaycan Xalq Cümhuriyyətinin də əsl dəyəri, mahiyyəti və müstəqilliyə gedən yolda oynadığı tarixi rolu daha aydın şəkildə görünür. 105 il bundan əvvəl – 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il may ayının 28-də qəbul edilən “İstiqlal Bəyannaməsi”ndən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. Qətiyyətlə demək olar ki, 28 May-“Müstəqillik Günü” şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. 1918-ci il may ayının 28-də mürəkkəb siyasi-hərbi şəraitdə, əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi, parlamentli respublikasını yaradıb. Belə ki, 105 il əvvəl xalqını ürəkdən sevən, milli azadlıq ideyalarının çarçıları olan vətənpərvər ziyalımızın siyasi əməyi nəticəsində Şərqdə ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti (AXC) öz istiqlaliyyətini elan etdi. Xalqımızın milli dövlətçilik tarixinin şanlı səhifəsi və salnaməsi olan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyət dövrü hər zaman xalqımız tərəfindən qürurla xatırlanır, dövlətçilik tariximizdə iftixarla qeyd edilən mühüm hadisəyə çevrilib. 1918-1920-ci illər Azərbaycan xalqının həyatında çox böyük əhəmiyyət kəsb edən bir dövr olubdur. Azərbaycan, məhz bu dövrdə ilk dəfə olaraq dövlət suverenliyini qazanaraq dünya birliyində layiqli yer tutmağa çalışıbdır. Bu dövr millətin həyatında mühüm mərhələ olmaqla yanaşı, onun gələcəyinin və istiqlalının bünövrəsini qoyub. Düzdür, iki il tarix üçün o qədər də böyük zaman kəsiyi deyil, lakin bu iki ildə Azərbaycan Cümhuriyyətinin gördüyü işlərin miqyası, əhəmiyyəti və mənası Azərbaycan xalqının həyatında olduqca böyük hadisədir. Az bir vaxtda Azərbaycan parlamenti, hökuməti, ordusu, gömrük və hüquq mühafizə orqanları olan, milli rəmzlərə, dövlət atributlarına malik, vətəndaş haqlarını, hüquqlarını hər şeydən uca tutan demokratik bir respublikaya çevrildi. XX əsrin əvvəllərində monarxiya hərbi-feodal rejimlərinin hökm sürdüyü Şərqdə vətəndaş həmrəyliyinə əsaslanan demokratik, dünyəvi, unitar dövlət ilk dəfə Azərbaycanda quruldu. Cümhuriyyətin rəhbərliyi çox çətin şəraitdə Azərbaycanın siyasi, iqtisadi-mədəni həyatı ilə bağlı mühüm işlər-sosial-iqtisadi islahatların həyata keçirilməsi üçün hüquqi baza olan iqtisadi qanunlar qəbul etdi, dövlətin iqtisadi siyasətini həyata keçirən strukturlar, o cümlədən vergi və maliyyə orqanlarını, Dövlət Bankını formalaşdırdı. Cümhuriyyətin dövlət quruculuğunda göstərdiyi bütün cəhdlərə baxmayaraq, hadisələrin sonrakı gedişi nəzərdə tutulan tədbirlərin çoxunu həyata keçirməyə imkan vermədi. Onun 23 aylıq fəaliyyəti Azərbaycan xalqının taleyində isə, çox mühüm hadisə idi. Qısa müddətdə öz parlamenti, hökuməti, ordusu, pul vahidi olan Azərbaycan Cümhuriyyətinin topladığı böyük tarixi təcrübə, əsasını qoyduğu demokratiya, demokratik dövlət quruculuğu, bu gün onun hüquqi, mənəvi varisi olan Azərbaycan Respublikasında dönmədən həyata keçirilir və inkişaf etdirilir. Azərbaycan Demokratik Respublikası, həm də, Azərbaycan sözünün müasir siyasi-hüquqi məzmun, rəsmi dövlət statusu almasına səbəb olub. Dövlətçilik atributlarımızı, ordumuzu, himnimizi, gerbimizi yaradan Xalq Cümhuriyyəti bütövlükdə Türk dünyasında, müsəlman Şərqində parlaq bir hadisəyə çevrilib. Ulu Öndər Heydər Əliyev Cümhuriyyətimizi xalqımızın siyasi şüur səviyyəsinin, intellektual, mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi kimi dəyərləndirərək qeyd edirdi: – “Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır”. Ümummilli Lider Azərbaycan Xalq Cümhuriyyətini xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirməsində müstəsna rol oynadığını xatırladaraq cümhuriyyətin təşəkkül tapmasında və fəaliyyət göstərməsində ona rəhbərlik etmiş şəxslərin – Məmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli Xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və başqalarının xidmətlərini yüksək qiymətləndirmişdir. Fəxr və qürurla bildirirdi ki, bu günkü müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin əmanətidir.
Bu gün, ölkə Prezidenti, cənab İlham Əliyev də milli dövlətçilik tariximizin qürur, şərəf səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinə dərin ehtiram hissi ilə yanaşır, Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verir, bu tarixi günü daim əziz tutur. Onun bu diqqətinin nəticəsində Xalq Cümhuriyyətinin qurucularının adları əbədiləşdirilib, həm ölkəmizdə, həm də, bir çox xarici dövlətlərdə “Müstəqillik Günü” yüksək xalq bayramı kimi qeyd edilir. Ölkə Prezidenti, cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinə olan dərin ehtiramının nümunəsi olaraq, Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın “İstiqlaliyyət” küçəsində abidə ucaldılıb. 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, həmin il çərçivəsində ölkəmizdə, eləcə də, xarici dövlətlərdə silsilə tədbirlərin keçirilməsi, Azərbaycan Milli Ordusunun yaradılmasının 100 illiyinin qeyd olunması, sentyabr ayının 15-də Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm paradın keçirilməsi, milli mənlik şüurumuzun, milli dövlətçiliyimizin şah əsəri olan Cümhuriyyətimizə diqqət və qayğısının göstəricisidir. Dövlətimizin başçısının iftixarla bildirdiyi kimi: – “Bugünkü müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaradırıq”…
Sabit Mehdiyev,
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının məsləhətçisi