Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu keçirilib. Prezident İlham Əliyev çıxış edərək bildirmişdir ki, regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır. Azərbaycan təqribən 30 il ərzində Ermənistan ilə münaqişəni dinc yolla həll etmək istəyirdi. Lakin, təəssüflər olsun ki, bu mümkün olmadı. Bunun bir çox səbəbi var idi. Qarabağda Ermənistana məxsus 15 minə yaxın hərbiçi var idi. İki il yarım bundan əvvəl suverenliyimizi bərpa edərkən şahidi olduq ki, Qarabağda Ermənistana məxsus böyük sayda hərbçilər var idi və onlar orada beynəlxalq hüquqa məhəl qoymadan yerləşdirilmişdilər.
Azərbaycanın təklifi çox aydındır. Qarabağda yaşayan insanların iki seçimi var. Biri Azərbaycan vətəndaşları olmaqdır və biz bunun üçün hüquqi və təhlükəsizlik çərçivəsi yaradırıq. Yaxud yaşayış üçün başqa yer tapsınlar. Ancaq Azərbaycanın müraciətləri və bəyanatları lazımi şəkildə dəyərləndirilmədi. Erməni separatçıları hazırda Azərbaycanın ədliyyəsinin hökmünü gözləyirlər. Ancaq zamanında təkliflərimizi rəd edən Erməni separatçılarıbizi hədələyirdilər ki, buraya tank üzərində gələcəklər. Sülh ilə bağlı olan ümidlər tükənmişdir. Qarabağda dırnaqarası hakimiyyəti inhisara götürmüş adamlar sülh ilə bağlı olan bütün təşəbbüsləri boğurdular.
Azərbaycan regiona sülhü müharibə ilə gətirib. Ölkəmiz sübut etdi ki, münaqişənin hərbi yolla həlli var. Sözügedən fakt Qafqazda lokal vəziyyətdən daha geniş şəkildə qiymətləndirilməli olan bir məsələdir. Münaqişə həll olunub. Münaqişə üç il əvvəl, biz işğal olunmuş ərazilərin böyük bir hissəsini azad edəndə həll olunmuşdu. Suverenliyimizin bərpası isə, sadəcə, zaman məsələsi idi. Sülh təklif edən tərəf məhz Azərbaycan olub. Otuz ildir işğala, dağıntılara, etnik təmizləməyə, soyqırımına məruz qalan və ərazisinin tamamilə dağıdılmasından əziyyət çəkən bir ölkə torpaqlarını beynəlxalq vasitəçilər olmadan məhz özü azad etdikdən dərhal sonra özü sülh təklif edib.
Eyni zamanda, hesab edirəm ki, bir-iki aya Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan seqmentinin genişləndirilməsi də başa çatacaq. Bu da 100 milyon ABŞ dollarından çox olan, 100 faiz Azərbaycan investisiyasıdır. Bu seqmentdə maksimum bir neçə ay ərzində yükdaşımalar bir milyon tondan 5 milyon tona qədər genişlənəcək.
Beləliklə, bu, yeni yüklərin qəbulu üçün yeni imkanlardır. Həm də bu yol işğaldan azad edilmiş ərazilərdən, xüsusən də Zəngilandan keçəcək – yəqin ki, artıq orada olan dəmir yolunu görmüsünüz. Bizim bu yolu Ermənistan ərazisindən davam etdirmək planımız var idi, lakin Ermənistan bundan imtina etdi. Beləliklə, biz İran tərəfi ilə razılaşdıq və biz artıq maşınlar üçün körpü, sonra qatarların Ermənistandan yan keçməsi üçün və Araz çayının cənub sahilində təxminən 50 kilometr dəmir yolu çəkilməsi üçün körpü inşa edirik. Bu yol Naxçıvandan keçir və sonradan Türkiyə dəmir yolu sisteminə qoşulur. Türkiyə tərəfi bizə Qars-Naxçıvan dəmir yolunun da tikintisinin planlaşdırıldığını bildirdi. Beləliklə, bu, Orta Dəhlizin daha bir qolu olacaqdır – biri Gürcüstandan keçərək Qarsa və Aralıq dənizi limanlarına, digəri isə Zəngilan, İran, Naxçıvan və yenidən Türkiyə ərazisindən keçəcək. Bu, fiziki imkanları artırır, lakin, eyni zamanda, biz bu yolu kommersiya baxımından daha cəlbedici etməliyik. Bunun üçün biz artıq Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyə arasında çox səmərəli əməkdaşlıq formatı yaratmışıq.
Hesab edirəm ki, Mərkəzi Asiya ölkələrinin, xüsusən də Özbəkistanın bu formata qoşulmağa marağının olması həqiqətən də bizim üçün daha yaxşı ola bilər. Bu, əslində, Avrasiyanın böyük potensiala sahib olan bir yeni nəqliyyat xəritəsidir.
Qarabağın yenidən qurulmasına gəldikdə, təbii ki, əsas maneə zaman və minalardır. Bizim rəqibimiz zamandır, çünki biz bu işləri ən qısa müddətdə həyata keçirmək niyyətindəyik. Bundan əlavə, Qarabağın yenidən qurulması üçün maliyyə vəsaiti toplamışıq və bu, investisiya proqramımızın əsas hissəsini təşkil edəcək. Müqayisə üçün deyim ki, Qarabağın yenidən qurulmasına daha çox vəsait xərcləyəcəyik, – mən dövlət investisiyalarını nəzərdə tuturam, – ölkənin qalan hissəsinə nisbətən daha çox. Bu, ölkənin qalan hissəsini diqqətdən kənar qoyduğumuz anlamına gəlmir. Uzun illər ərzində biz ölkənin qalan hissəsinə artıq milyardlarla manat investisiya yatırmış və əksər infrastruktur layihələrini başa çatdırmışıq. Lakin hazırda Qarabağ bizim əsas prioritetimizdir. Bölgənin özü və ən əhəmiyyətlisi, evlərinə dönməyi gözləyən insanlardır.
Beləliklə, yeni geosiyasi reallıq Azərbaycana dünya səviyyəli və əhəmiyyətli tranzit qovşağına çevrilmək, Avropa ilə Asiya arasında bir növ körpü olmaq üçün tarixi şans verib. Bütün bunlar isə uzun illər əvvəl ölkəmizdən keçən nəqliyyat marşrutlarına kommersiya tələbatını proqnozlaşdıran Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə bağlıdır. Dövlətimizin başçısının həyata keçirdiyi siyasət çərçivəsində son illər ölkənin nəqliyyat potensialının inkişafı istiqamətində çox böyük işlər görülüb, nəqliyyat sektorunun sabit inkişafı təmin edilib.
Müşfiq Səfərov,
YAP Beyləqan rayon təşkilatının sədri