Azərbaycan-Türkmənistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur.
Bu ölkənin Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri, imzalanan sənədlər bunu bir daha təsdiqlədi.
Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Bakı-Aşqabad əlaqələri yalnız dostluq və qardaşlıq münasibətləri ilə məhdudlaşmır, həm də regional və beynəlxalq əhəmiyyət daşıyan strateji əməkdaşlıq modelinə çevrilir.
Türkmənistan həm də işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq proseain bərpasına töhfə verir, belə ki, Qurbanqulu Berdiməhəmmədovun ötən il Füzuliyə səfəri zamanı şəhərdə məscidin tikintisi təşəbbüsü ilə çıxış etməsi və artıq bu layihənin icrasına başlanılması iki xalq arasındakı mənəvi yaxınlığın və qarşılıqlı etimadın nümunəsidir.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinə dost ölkələrin dəstək verməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Türkmənistanın bu prosesə qoşulması isə ortaq tarixə, mədəniyyətə və mənəvi dəyərlərə əsaslanan münasibətlərin real layihələrdə təzahür etdiyini nümayiş etdirir.
Azərbaycan və Türkmənistan xalqlarını bir-birinə yaxınlaşdıran əsas amillərdən biri ortaq türk kökləri və zəngin mədəni irsdir. Son illərdə qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi, yaradıcı kollektivlərin səfərləri və humanitar əməkdaşlığın genişləndirilməsi bu istiqamətdə mühüm nəticələr verib.
Bu ilin əvvəlində Aşqabadda və Arkadağ şəhərində keçirilən Azərbaycan Mədəniyyəti Günləri, ötən il isə Türkmənistan mədəniyyət nümayəndələrinin Bakı və Gəncəyə səfərləri iki ölkə arasında humanitar körpülərin daha da möhkəmlənməsinə xidmət edib. Bakı ilə Aşqabadın, Füzuli ilə Arkadağın qardaşlaşmış şəhərlər olması da bu münasibətlərin institusional əsaslarının gücləndirildiyini göstərir.
Türkmənistan həm də Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv kimi qəbul edilməsinə dəstək verib.
Azərbaycan coğrafi baxımdan Cənubi Qafqazda yerləşsə də, tarix, mədəniyyət, dil və iqtisadi əlaqələr baxımından Mərkəzi Asiya dövlətləri ilə sıx bağlıdır. Dövlət başçımızın da qeyd etdiyi kimi, nəqliyyat, logistika və regional inteqrasiya prosesləri artıq böyük Mərkəzi Asiya məkanının formalaşmasına şərait yaradır. Bu baxımdan Azərbaycanın həmin platformada təmsil olunması yeni geosiyasi reallığın mühüm elementidir.
Türkmənistanın bu məsələdə göstərdiyi dəstək Bakı ilə Aşqabad arasında strateji etimadın yüksək səviyyədə olduğunu nümayiş etdirir.
Azərbaycan və Türkmənistanın əməkdaşlığında nəqliyyat-logistika sahəsi xüsusi yer tutur. Xəzər dənizinin sahilində yerləşən bu ölkələr Şərqlə Qərbi birləşdirən beynəlxalq nəqliyyat marşrutlarının əsas iştirakçılarıdır.
Prezident İlham Əliyevin vurğuladığı kimi, müasir dövrdə təhlükəsiz və etibarlı nəqliyyat dəhlizləri qlobal iqtisadiyyatın ən vacib elementlərindən biridir. Azərbaycanın təşəbbüsü ilə inkişaf etdirilən Orta Dəhliz və Transxəzər marşrutları Türkmənistanın logistik imkanları ilə birlikdə Avropa və Asiya arasında yüklərin daşınmasında mühüm rol oynayır.
Ümumiyyətlə, Bakı-Aşqabad arasında strateji tərəfdaşlığın güclənməsi regional sabitliyə, iqtisadi əməkdaşlığa və nəqliyyat əlaqələrinin inkişafına xidmət edir.
Bu gün Azərbaycan–Türkmənistan münasibətləri həm də Türk dünyasının həmrəyliyinin, regional əməkdaşlığın və qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlığın uğurlu modeli kimi çıxış edir. Bu modelin möhkəmlənməsi isə təbii olaraq onu zəiflətmək istəyən qüvvələrin deyil, regionun sabitliyi və inkişafı naminə əməkdaşlığı dəstəkləyən ölkələrin maraqlarına cavab verir.
Enerji sahəsində əməkdaşlığa gəlincə, Prezident İlham Əliyevin bəyanatında qeyd etdiyi kimi, mövcud potensial tərəflərə enerji sahəsində səylərini daha da birləşdirməyə imkan verir. Bu isə regionun enerji təhlükəsizliyinin gücləndirilməsi və beynəlxalq bazarlarda yeni imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın Türkmənistanın beynəlxalq təşəbbüslərini, xüsusilə neytrallıq siyasətini ardıcıl şəkildə dəstəkləməsi iki ölkə arasındakı münasibətlərin mühüm xüsusiyyətlərindən biridir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Türkmənistanın beynəlxalq nüfuzunun artması, sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi nailiyyətlər Azərbaycanda böyük məmnunluqla qarşılanır.
Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Könül Nurullayeva










