Məlum bir reallıq var ki, dövlətlərin beynəlxalq arenadakı əsas yeri onun gücü ilə şərtlənir. Təbii ki, bu gücün ən vacib hissəsini hər bir dövlətin ordusu təşkil edir. Şərqin müsəlman aləmində ilk demokratik hökumətinin ordusu ötən əsrin əvvəllərində – 1918 ildə yaradılıb. Məhz həmin il 26 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Azərbaycanda ilk nizami hərbi hissə – Əlahiddə Korpus yaradılıb. Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə isə, general Xosrov bəy Sultanov təyin edilib. Qeyd edim ki, yaradılan ordu sıralarındakı ilk hərbi qüvvələri 600 nəfərlik könüllü dəstələrdən ibarət olub. O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa ordu biliciləri Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçiriblər. Yeni yaradılan Milli Ordu qısa müddətdə Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi generalları olub. Təəssüflər olsun ki, 1920-ci ildə AXC-nin süqutu və Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalından sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Bu dövrdə Azərbaycan ordusunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələnib.
Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulan ordumuz yenidən dirçələ bildi. Bu dirçəliş tarixə Ümummilli Lider Heydər Əliyevin ciddi səyləri və təşəbbüsünün nəticəsində yazıldı. Onun rəhbərliyi altında ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil hal aldı. Nəticədə, qüdrətli ordu yaratmaq yolunda ilk və lazımı addımlar atıldı, gələcəkdə isə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaradıldı. Tarixi ardıcıllığa nəzər saldıqda görürük ki, Ulu Öndər hələ 1969-cu ildə hakimiyyətə gəlişindən sonra ölkəmizdə hərbi kadrların hazırlanması prosesinə başlayıb. Heydər Əliyevin təşəbbüsü ilə qısa zaman içərisində Bakıda ilk dəfə Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılıb. Dövrün nə qədər mürəkkəb və çətin olduğunu nəzərə alsaq, belə bir qərarı verməyin böyük cəsarət tələb etdiyini anlamaq olur, çünki SSRİ rəhbərliyinin fikrincə belə milli hərbi kadr hazırlanan məktəbin yaradılmasına ehtiyac yox idi. Bu səbəbdən Bakıya dəfələrlə komissiyalar göndərilmiş, məktəbin fəaliyyətinin dayandırılması fikrini əsaslanırmağa çalışmışlar, lakin Ümummilli Lider uzaqgörən siyasəti ilə bu cəhdlərin qarşısını ala bilmişdi. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra bu hərbi məktəb ordu quruculuğunda əsas bazalardan birinə çevrildi. Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra, ordu quruculuğu istiqamətində daha mühüm addımlar atıldı. Azərbaycan -Ermənistan arasında atəşkəs haqda müqavilə imzalandıqdan sonra, ordu quruculuğumuz daha da sürətləndi, həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılması, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı. Əsası 105 il öncə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulan, Ulu Öndər Heydər Əliyev tərəfindən yenidən dirçəldilən Azərbaycan Silahlı Qüvvələri artıq, dünyanın 50 ən güclü ordusundan biri olmaqla bərabər, Cənubi Qafqazın ən güclü ordusudur. Bu gün, Heydər Əliyevin bütün sahələrdə siyasətini uğurla davam etdirən ölkə Prezidenti, cənab İlham Əliyev ordu quruculuğunun inkişafına böyük töhfə verib. Ardıcıl və sistemli islahatlar həyata keçirən dövlət başçısı hər zaman ordu quruculuğuna da xüsusi diqqətlə yanaşıb. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən, hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir. Silahlı qüvvələrin büdcəsinin artması ümumilikdə ordumuzun güclənməsi ilə müşayiət olundu, lakin ordumuzun təkmilləşməsi və dinamik inkişafı prosesi dayanmadan davam etdirilir. Bu gün, qarşıda duran əsas vəzifələrdən biri silahlı qüvvələrin daha da modernləşdirilməsi və ən son hərbi texnologiyaların orduya cəlb edilməsidir. Son illər keçirilən möhtəşəm hərbi paradlar Azərbaycan Silahlı Qüvvələrinin həm güc və qüdrətini, həm də, modernləşdiyini nümayiş etdirir. Bütün bunların nəticəsində güclü Azərbaycan ordusu 44 günlük Vətən müharibəsi zamanı öz gücünü bütün dünyaya sübut etdi. Azərbaycan xalqı 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarını xilas etmək arzusunda idi. İgid Azərbaycan əsgəri isə, torpaqlarımız uğrunda şəhid olan qardaşlarının qisasını almaq, dədə-baba yurdumuz Qarabağda üçrəngli bayrağımızı dalğalandırmaq istəyi ilə hazır vəziyyətdə idi. Beləliklə, mənfur qonşularımız Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu zəfər yürüşünü başlatdı. Başlayan hərbi əməliyyatlar dövründə Azərbaycan Ordusu təqribən 300 yaşayış məntəqəsini, o cümlədən, 5 şəhəri və 4 qəsəbəni, çoxsaylı strateji yüksəklikləri azad edə bildi. 28 illik həsrətdən sonra, 8 noyabr 2020-ci il tarixdə Şuşanın azad edilməsi ilə Ermənistan ordusunu tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdü. Azərbaycan Ordusu şəhidlərimizin qanına görə öz qisasını ala bildi. Ölkəmizin xalq-ordu birliyi üzərində qurulan zəfər yürüşü düşmənə kapitulyasiya etməkdən başqa bir çıxış yolu qoymadı.
Müşfiq Səfərov,
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri