Bildiyimiz kimi, İsrail dövləti qurulduğu gündən indiyə qədər bütün türkdilli xalqlara dost və qardaş münasibəti göstərib. Şübhəsiz ki, yəhudi xalqı ilə türk xalqlarının minilliklərə söykənən tarixi dostluğu vardır. Heç də təsadüfi deyil ki‚ 1991-ci ildə Azərbaycan müstəqillik qazanan zaman İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmuşdur. 1991-ci ilin dekabr ayının 25-də İsrail Azərbaycanın müstəqilliyini tanıyıb. 1992-ci ilin fevral ayında Azərbaycanın müstəqilliyinin BMT TŞ-da müzakirəyə çıxarıldığı zaman İsrail təşkilata sədrlik edirdi. Məhz İsrailin və yəhudi lobbisinin dəstəyi nəticəsində BMT TŞ-da Azərbaycanın müstəqilliyi müzakirəyə çıxarılır. BMT-də Azərbaycanın müstəqilliyinin tanınmasına ilk səs verən ölkə də, məhz İsrail olub. İsraildən sonra, Təhlükəsizlik Şurasının 5 daimi üzvləri olan ABŞ, daha sonra isə, Böyük Britaniya‚ Fransa və Çinin ardından Rusiya Azərbaycanın lehinə səs vermişdir. Beləliklə, Azərbaycan suveren və müstəqil ölkə olaraq tanınaraq BMT-yə daxil olmuşdur. Həmin vaxtdan İsraillə Azərbaycanın diplomatik münasibətləri sürətlə inkişaf etməyə başladı. 1992-ci ilin aprel ayının 7-də hökumətlərarası diplomatik əlaqələr quruldu. 1993-cü ilin avqust ayında isə, İsrailin Azərbaycanda səfirliyi açılıb.
Bu yaxınlarda Azərbaycanın İsraildə səfirliyinin açılması hər iki ölkənin və hər iki xalqın tarixində çox mühüm əlamətdar hadisədir. İsrail və Azərbaycan əlaqələrinin daha da dərinləşməsində yeni səhifə açacaq, mühüm töhfə verəcəkdir. İsrail-Azərbaycan dostluğu təsadüfi münasibətlərə əsaslanmır və xalqlarımız arasındakı münasibət də yeni deyil. Bu münasibətlərin çox qədim tarixi kökləri və hər iki xalq arasında, məhz qardaşlıq bağları, ənənəsi vardır. Hər iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətləri, məhz xalqlarımızın qədim köklərə söykənən tarixi qardaşlıq bağlarına əsaslanır. Təsadüfi deyil ki‚ İsrail dövləti Azərbaycanın müstəilliyini tanıyan ilk dövlətlərdəndir və Azərbaycan müstəqilliyini qazandığı gündən, məhz İsraillə çox yüksək əlaqələrə malikdir. Bu əlaqələr zamanla qardaşlıq müstəvisinə və müttəfiqliyə yüksəldi. Azərbaycanlılarla yəhudilərin dostluğu və qardaşlığı minnilliklər öncəyə gedib çıxır. Əsrlərdir, yüzillərdir ki‚ Azərbaycan xalqı ilə Yəhudi xalqı arasında sarsılmaz dostluq və qardaşlıq bağları vardır. Əlbəttə ki‚ İsraillə əlaqələrin daha da genişlənməsində və inkişaf etməsində xalqların qardaşlığı böyük rol oynayıb. Hər bir suveren ölkə kimi‚ Azərbaycan dövləti də öz siyasətini özünün və xalqının milli mararları üzərində qurur. Hər bir ölkənin milli‚ strateji və təhlükəsizlik maraqları o dövlətin rəsmi dövlət siyasətini təyin edir. Yəni‚ hər bir dövlətin rəsmi siyasəti hər hansı kənar təzyiq və müdaxilələrlə deyil‚ tamamilə öz daxili milli maraqları‚ xalqlararası münasibət üzərində qurulur. Azərbaycan müstəqil, suveren ölkədir və kimlə dostluq quracağını da, yalnız Azərbaycan dövləti özü təyin edir. Kimsə buna müdaxilə və təzyiq edə, kimsə bu münasibətlərə hər hansı hədyan səsləndirə bilməz. Azərbaycanda əsrlər boyu‚ təqribən 2600-2700 ilə yaxındır yəhudilər yaşayır. Yəhudilər Azərbaycanda hər zaman mehriban və dostluq şəraitində yaşayıb. Burada heç bir zaman anti-semitizm‚ yəhudi təqibi olmayıb. Azərbaycan xalqı bütün tarix boyu hər zaman yəhudilərə dost olub. Azərbaycanda doğulan və xaricə köç edən yəhudilər də hər zaman Azərbaycanı özünə Vətən‚ Azərbaycan xalqını isə, özünə qardaş xalq biliblər. Birinci və ikinci Qarabağ müharibəsində də yəhudilər Qarabağın azadlığı, Azərbaycanın ərazi bütövlüyü uğrunda mətanətlə döyüşüb. Birinci Qarabağ müharibəsində çox sayda yəhudi mənsubu könüllü döyüşərək Şəhid olmuşdur. Xaricdə yaşayan yəhudilər daim Azərbaycanla digər dünya ölkələri xüsusən ABŞ‚ İngiltərə‚ Almaniya‚ İtaliya və digər ölkələr arasında yaxşı münasibətlərin olmasına çalışaraq öz Vətənləri Azərbaycana xidmət etməyə çalışırlar. İsrail ilə münasibətlərin qurulmasında isə, Azərbaycandan xaricə və İsrailə köçüb, orada yaşayan azərbaycanlı yəhudilərin böyük xidmətləri vardır. Hazırda, İsraildə 100 min nəfərə yaxın azərbaycanlı yəhudi icması vardır. Bu kifayət qədər böyük bir rəqəmdir. Onlar İsrailin hər yerində Azərbaycançılıq təbliğatı aparır və ermənilərin törətdiyi Xocalı soyqırımından tutmuş bütün erməni vandalizmini bütün dümyaya çatdıraraq Azərbaycan naminə ermənilərlə mübarizə aparırlar. İstər, 2016-cı ilin Aprel döyüşləri zamanı, istər, 2020-ci ilin Tovuz döyüşlərində, istərsə də, 44 günlük Vətən müharibəsində İsraildəki azərbaycanlı yəhudilər gecə-gündüz Azərbaycana və Azərbaycan ordusuna dəstək oldular‚ ermənilər əleyhinə aksiyalar keçirtdilər. Dünyanın hər yerində olan azərbaycanlı yəhudilər Vətənləri Azərbaycan naminə mübarizə apardılar. Birinci və ikinci Qarabağ müharibələrində də yəhudilər Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda gedən döyüşlərdə könüllü iştirak ediblər. Onlardan Milli Qəhrəman Albert Aqarunov və bir neçə nəfər qəhrəmanlıqla Şəhid olub. Bu 30 il vaxt ərzində İsrail ilə Azərbaycanın diplomatik münasibətləri dostluq‚ qardaşlıq və müttəfiqlik səviyyəsinə yüksəldi. Bu gün, İsrail dövləti Azərbaycanın etibarlı hərbi və strateji müttəfiqidir. İki ölkə arasında təkcə hərbi sahədə deyil‚ təhlükəsizlik‚ iqtisadi‚ tibbi və mədəni sahələrdə də çox əhəmiyyətli əməkdaşlıq mövcuddur. Sözsüz ki, İsrail ilə diplomatik münasibətlər və müttəfiqlik təkcə hökumətlərarası deyil. Azərbaycan xalqı ilə yəhudi xalqı arasında min illiklərə söykənən dərin dostluq və qardaşlıq münasibətləri mövcuddur. Hər iki xalq arasında əsrlər öncəyə gedib çıxan dərin mədəni əlaqələr mövcuddur. Yəhudilərin Qafqazda və Azərbaycanda yaşadığı dövr ərzində Azərbaycan xalqı ilə dostluq və qardaşlıq ənənəsi mövcud olub. Yəhudilər bu günümüzə qədər hər zaman bütün tarix boyu Azərbaycana sadiqlik göstəriblər. Dünyanın hər yerində azərbaycançılığı təbliğ ediblər, Azərbaycanın milli maraqlarına hər zaman son dərəcə sadiq olublar. Azərbaycandakı yerli yəhudi icmaları da var qüvvəsilə Azərbaycan dövlətinin, əsgərinin yanında oldular və bir neçə azərbaycanlı yəhudi könüllü olaraq 44 günlük Vətən müharibəsində döyüşlərdə iştirak etdi. Bütün bunlar, Azərbaycan və İsrailin dostluğunu şərtləndirən əsas amildir. Azərbaycan və İsraili heçbir maddi maraq yox‚ milli maraqlar birləşdirir. Azərbaycan yəhudilərin dünyada İsraildən sonra ən sıx və kompakt şəklində yaşadığı ikinci ölkədir. Dünyanın hər yerində və İsraildə yüzminlərlə azərbaycanlı yəhudi Azərbaycanın milli maraqlarını və Azərbaycançılığı təbliğ edərək‚ münasibətlərin daha da dərinləşməsinə çalışırlar. Dövlətlərin ana siyasəti xalqların münasibəti üzərində qurulur. Azərbaycan xalqı ilə yəhudi xalqı qədim tarixi əhatə edən dərin və ağır sınaqlardan çıxaraq qardaşlaşmış xalqlardır. Azərbaycan ilə İsrail münasibətlərinin təməlində‚ birmənalı olaraq, məhz xalqların sarsılmaz səmimi dostluğu və qardaşlığı dayanır.
Hazırda, qonşu İranın bir çox şəhər və qəsəbələrində‚ bir çox müsəlman ölkələrində qondarma, uydurma erməni soyqırımını əbədiləşdirmək üçün abidələr ucaldılıb, amma Xocalı soyqırımına dair İranda heç bir abidə yoxdur. Təəssüflər olsun ki, İran dövləti heç vaxt Azərbaycan xalqı və dövləti ilə həmrəylik nümayişi etdirməyib. Bütün bunların əksinə olaraq, İsrail hökuməti və Parlamenti erməni soyqırımı layihəsini qətiyyəylə rədd edərək‚ Azərbaycan‚ Türkiyə, eləcə də, bütün Türk xalqları ilə qardaşlıq nümuməsi olaraq həmrəylik nümayiş etdirilib. Xocalı soyqırımının günahsız qurbanları da hər il İsraildə anılmaqda və erməni vəhşiliyi dilə gətirilməkdədir. Azərbaycan və İsrail dövlətlərinin rəhbərləri öz tarixlərinə‚ ölkəsinin milli maraqlarına, öz xalqlarına sədaqət göstərərək, zamanla bu tarixi dostluğu, ənənəni rəsmiyyətə çevirmişlər. Hər hansı bir kənar düşmən qüvvə xalqların bu dostluğunu və qardaşlığını poza bilməz. Xalqların münasibəti maddi maraqlar üzərində yox‚ səmimi dostluq və qardaşlıq üzərində qurulur. Yəhudi xalqı həmişə olduğu kimi‚ bu gün də Azərbaycan xalqının və dövlətinin yanındadır.
Azərbaycan ilə İsrail strateji tərəfdaş və müttəfiqdir. Siyasi‚ iqtisadi‚ hərbi və təhlüləsizlik sahəsində Azərbaycan ilə İsrail ən etibarlı müttəfiqdir. Hazırda, İsrailin enerji tələbatının çox hissəsini Azərbaycan ödəyir‚ Azərbaycanın hərbi sahədəki tələbatının əhəmiyyətli hissəsini İsrail təmin edir. İsraildə Azərbaycanın Səfirliyinin açılması bu əlaqələrin daha da möhkəmlənməsinə və daha da dərinləşməsinə şərait yaradacaq. Səfirliyin fəaliyyətə başlaması iki ölkə arasındakı dostluğu və müttəfiqliyi‚ hərbi-strateji əməkdaşlığı daha da möhkəmləndirəcək. Azərbaycan ilə İsrail münasibətlərinin daha da möhkəmlənməsi‚ hərbi və təhlükəsizlik əməkdaşlıqların daha da dərinləşməsi bölgənin təhüləsizliyinə mühüm töhfədir. Bu dostluq, qardaşlıq bağları daha da möhkəmlənməli və dərinləşməlidir. İsraildə Azərbaycan Səfirliyinin açılması hər iki ölkə‚ dövlət, hər iki xalq üçün uğurlu və düşərli olacaq, münasibətlərin daha da dərinləşməsinə təkan verəcəkdir. Bu isə‚ öz növbəsində hər iki ölkənin siyasi‚ strateji və təhlükəsizlik maraqlarına xidmət edəcəkdir…
Sabit Mehdiyev,
YAP Beyləqan rayon təşkilatının məsləhətçisi