İyunun 2-də Suraxanı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Heydər Əliyev İli çərçivəsində A.Muradov adına 84 saylı tam orta məktəbin 100 illik yubileyi ilə əlaqədar S.Bəhlulzadə adına Mədəniyyət Mərkəzində “Bir əsrlik tarix” adlı tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Etibar Əliyev, Sevinc Fətəliyeva, Şahin İsmayılov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Rayon prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Məhkəməsinin sədri Rasim Kazımov, Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, RİHB-nin müavinləri, məktəbin məzunları və digər fəxri qonaqlar iştirak ediblər.
İlk öncə qonaqlar və məktəb kollektivi Ulu Öndərin Əmircan qəsəbəsində yerləşən Heydər Əliyev parkında abidəsini ziyarət ediblər.
Daha sonra S.Bəhlulzadə adına Mədəniyyət Mərkəzində davam edən tədbirdə 84 saylı tam orta məktəbin şagirdləri 100 ildir ki, fəaliyyət göstərən təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan bəhs edən ədəbi-bədii kompozisiyalar, videoçarxlar nümayiş etdirib, həmçinin, məktəbin fəxri məzunlarından, qazandığı uğurlardan söhbət açıblar.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək məktəb kollektivini 100 illik yubiley münasibətilə təbrik edib, onlara işlərində müvəffəqiyyətlər arzulayıb. Dövlətimiz tərəfindən təhsil sahəsinə daim xüsusi qayğı göstərildiyini vurğulayan RİH başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin inkişafına böyük diqqət yetirdiyini, eləcə də Prezident cənab İlham Əliyevin də ulu öndərin ənənələrinə sadiq qalaraq təhsil sahəsində mühüm tədbirlər həyata keçirdiyini, ölkəmizdə təhsil islahatlarının uğurla davam etdirildiyini qeyd edib.
Tədbirdə çıxış edən Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Milli Məclisin deputatları Etibar Əliyev, Şahin İsmayılov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, xalq rəssamı Qəyyur Yunus, tarixçi Fəridə Bünyatova əminliklə bildiriblər ki, 84 saylı məktəbin şagirdləri gələcəkdə də savadlı, bilikli, bacarıqlı gənc kadrlar kimi müstəqil Azərbaycanımızın inkişafı və tərəqqisi naminə görülən işlərə öz layiqli töhfələrini verəcəklər.
Eyni zamanda, tədbirdə Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov da çıxış edərək məktəb kollektivini təbrik edib, şerlər ilə hər kəsə xoş əhval-ruhiyyə bəxş edib.
Sonda Rayon İcra Hakimiyyəti tərəfindən məktəb kollektivi üçün hədiyyə edilən tort müəllimlərin iştirakı ilə kəsilib.