Bildiyimiz kimi, hər bir xalqın inkişafında və tərəqqisində müstəsna xidmətlər göstərmiş şəxsiyyətlər yetişir. Heç şübhəsiz, Azərbaycan xalqı da, bu baxımdan, tarixi şəxsiyyətlər yetişdirib və bu mənada Ulu Öndər Heydər Əliyev xalqımızın yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Ulu Öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi, dilimizin inkişafında da müstəsna xidmətlər göstərib. Məhz xalqımız üçün göstərdiyi misilsiz xidmətlər, Heydər Əliyevi Ümummilli Lider zirvəsinə yüksəldib. Təbii ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan xalqının tərəqqi və inkişaf dövrü başladı. Təsadüfi deyil ki, məhz Ümummilli Lider Heydər Əliyevin ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, ana dilimizin rolunun artırılması, xalqın azadlıq istəyinin təcəssümü kimi ortaya çıxan ədəbi-bədii nümunələrin hücumlardan qorunması yönündə apardığı məqsədyönlü siyasət cəmiyyətdə milli ruhun oyanışına təkan verdi. Ulu Öndər Heydər Əliyev Azərbaycanın gələcək müstəqilliyi üçün zəruri olacaq sosial-iqtisadi əsasları, infrastruktur təminatını, milli kadr potensialını formalaşdırdı. İnsanlarımıza milli dövlətçilik düşüncəsini aşıladı. Hər bir azərbaycanlı özünü bəlli bir coğrafiyanın gələcəyinə görə məsuliyyət daşıyan vətəndaş kimi dərk etməyə başladı. Ölkə üçün gərəkli mütəxəssislərin hazırlanması məqsədilə 1970-1982-ci illər arasında və daha sonralar minlərlə azərbaycanlı gənc, məhz Heydər Əliyevin təşəbbüsü əsasında keçmiş SSRİ-nin müxtəlif şəhərlərindəki nüfuzlu ali məktəblərdə təhsil almağa göndərildilər. Sadalananlar Ulu Öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi dövründə Onun siyasi iradəsi əsasında görülmüş işlərin, yalnız məhdud bir hissəsidir və bütün bunlar 80-ci illərin sonlarına doğru Azərbaycanın istiqlal mübarizəsi tarixinin hərəkətverici qüvvəsi rolunda çıxış etdi. Sirr deyil ki, Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Təbii ki, bu istiqamətdəki fəaliyyətində Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirib, çünki ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığının təsdiqidir. Dil millətin formalaşmasında vacib olan amillərdən biridir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, ilk növbədə, onun dilində öz əksini tapır. Dil, həm də, çətin tarixi-siyasi dövrlərdə millətin varlığını sürdürməsi üçün əsas vasitədir. Dilini itirən xalq məhvə məhkumdur. Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir və xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürməlidir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir, lakin Azərbaycan dilinin yaxın keçmişdə ciddi sınaqlarla üzləşdiyini də unutmaq olmaz. Belə ki, çar Rusiyasının ruslaşdırma siyasətindən sonra, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu qısa müddətdə dilimizin inkişafına böyük önəm verildi. Daha sonra, Azərbaycanın Sovet imperiyasının tərkibində olduğu illərdə isə dilimizə qarşı hücumların yeni dalğası başlandı. “Sovet xalqı” formalaşdırmaq adı altında müxtəlif xalqların dilini, mədəniyyətini, milli kimliyini yox etməyə yönələn siyasət Azərbaycanda da özünü göstərirdi. Belə ki, ölkədə rəsmi dövlət dili rus dili idi, rəsmi tədbirlərdə bir qayda olaraq rus dilində çıxışlar üstünlük təşkil edirdi. Oxşar vəziyyət özünü radio, televiziya və mətbuatda da göstərirdi. Ölkədə elə bir psixoloji mühit yaradılmışdı ki, hətta, bəzən sıravi insanlar arasında da Azərbaycan dilində danışmaq, rus dilini bilməmək qəbahət hesab olunurdu. Azərbaycan dilini sevən, ona hörmətlə yanaşan Ümummilli Lider Heydər Əliyev dilə münasibəti ilə hər kəsə örnək oldu. 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Ulu Öndər bir çox ziyalıların cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərdi. O, həmçinin, rusdilli məktəblərdə Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər də vermişdi. Bunlarla kifayətlənməyən Ulu Öndər 1978-ci ildə tarixi bir uğura imza atdı. Belə ki, həmin ildə qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə olaraq, rus dili ilə yanaşı, Azərbaycan dili rəsmi dil statusu əldə etdi. Azərbaycan yerli dilin rəsmi dil statusuna malik olduğu azsaylı Sovet respublikalarından biri idi. Təbii ki, Ulu Öndərin dil siyasəti Onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub. Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətinin rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olub. Tarix üçün o qədər də böyük olmayan, təxminən onillik bir müddətdə görkəmli dövlət xadimi həqiqətən böyük tarixi olan aşağıdakı işləri həyata keçirib.
Birincisi, Azərbaycan dili dövlət dili olaraq Azərbaycan SSR-in müvafiq qanunlarında (xüsusilə Konstitusiyada) öz əksini tapıb, Moskvanın etirazlarına baxmayaraq, respublikada rus dili ilə yanaşı, Azərbaycan dilinin də rəsmiliyi təmin edilib. İkincisi, Azərbaycandilli məktəbin, maarifin inkişafına xüsusi qayğı göstərilib, bir sıra digər Sovet respublikalarından fərqli olaraq, Azərbaycanda gəncliyin ana dilində təhsilinə üstünlük verilib. Üçüncüsü, Azərbaycan dilində mətbuatın, elmin tərəqqisi üçün dövlət rəhbərliyi əlindən gələni edib, Azərbaycanın böyük yazıçıları öz əsərlərini, demək olar ki, yalnız ana dilində yazıb, Azərbaycan Yazıçılar İttifaqının aparıcı mətbuat orqanları – “Azərbaycan”, “Ulduz” jurnalları, “Ədəbiyyat və incəsənət” qəzeti Azərbaycan dilində nəşr edilib. Dördüncüsü, Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş bir ardıcıllıqla araşdırılıb, çoxcildlik “Müasir Azərbaycan dili” kitabları yaradılıb, həmin çoxcildliklərdən biri – ali məktəblər üçün “Müasir Azərbaycan dili” dərsliyi Azərbaycan Dövlət mükafatına layiq görülüb, ana dilini araşdıran alimlərin əməyi yüksək qiymətləndirilməklə, əslində, ana dilinin nüfuzu bir daha təsdiq edilib. Beşincisi, həm rəsmi, həm də, qeyri-rəsmi yığıncaqlarda, məclislərdə Azərbaycan dilində danışmaqdan çəkinməyən respublika rəhbəri praktik olaraq ana dilinin ictimai-siyasi mövqeyinin yüksəlməsinə bilavasitə təsir göstərib, başqalarına nümunə olub və s. Bütün bunlar onu göstərir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dil siyasəti Onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub. Ali məktəblər üçün yazılmış “Müasir Azərbaycan dili” dərsliklərinin Respublika Dövlət mükafatına layiq görülməsi, anadilli ədəbiyyatın inkişafı üçün hər cür şəraitin yaradılması, Azərbaycan ədəbiyyatı klassiklərinin təbliği, məhz bunun nəticəsi idi.
Sözsüz ki, müstəqilliyə gedən yolda ana dilinin ictimai-siyasi nüfuzunun güclənməsi Ulu Öndərin vaxtilə yürütdüyü siyasətin nəticəsi idi. 1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində Azərbaycanda milli azadlıq hərəkatının gedişində ana dilinin ictimai-siyasi nüfuzunun güclənməsi də Ulu Öndər Heydər Əliyevin vaxtilə yürütdüyü siyasətin bilavasitə nəticəsi idi. Təəssüflər olsun ki, həmin illərdə, başqa sahələrdə olduğu kimi, dil quruculuğu, dil siyasəti, geniş mənada dil mədəniyyəti sahələrində də hədsiz hərc-mərcliyə yol verilirdi. Xüsusilə, AXC-Müsavat cütlüyünün hakimiyyətdə olduğu zaman etnik-kulturoloji məsələlərlə bağlı buraxılan səhvlər milli dilin (dövlət dilinin) nüfuzuna mənfi təsir göstərdi. Belə ki, yaxın dövrün tarixi varisliyi gözlənilmədən ana dilinə (dövlət dilinə) münasibətdə kəskin sıçrayışlarla səciyyələnən, hər cür əsasdan məhrum “tədbirlər” görülməsinə başlandı ki, həmin “tədbirlər” nəticə etibarilə idarəolunmaz bir situasiyaya çevrildi və ana dili bütövlükdə təhlükə altında qoyuldu. Eyni zamanda, geniş, hərtərəfli müzakirələr aparılmadan (nə ictimaiyyətin, nə də mütəxəssislərin rəyini öyrənmədən) ana dilinin “türk dili” adlandırılması, eləcə də, kiril əlifbasından latın əlifbasına keçidə hazırlıqsız başlanması sonralar bir sıra problemlər törətdi. Bütün bunlarla yanaşı, normal təhsil görməmiş, mədəniyyətdən uzaq bir sıra “dövlət xadimləri”nin, “siyasi xadimlər”in müxtəlif çıxışları, məntiqsiz mülahizələri Azərbaycan ədəbi dilinin tarixən müəyyənləşmiş normalarına, funksional üslublarına (ümumən ana dilinin əxlaqına) sayğısız, məsuliyyətsiz münasibət yaratmağa başladı və s. 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa bir zamanda ölkədə iqtisadi, ictimai-siyasi, ideoloji-mənəvi həyatın normallaşmasına, stabilləşməsinə nail oldu. Şübhəsiz ki, Onun xüsusi diqqət yetirdiyi məsələlərdən biri də, məhz dil məsələsi idi. Məsələnin ciddiliyini nəzərə alan dövlət rəhbəri mütəxəssislərin iştirakı ilə geniş müzakirələr keçirdi və həmin müzakirələr mövcud problemlərin həlli üçün kifayət qədər məhsuldar oldu. Ümumiyyətlə, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində Ulu Öndərin müstəsna xidmətləri var. Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı uzaqgörən addımlar atan Ümummilli Liderin “Millətin milliliyini saxlayan onun dilidir” ifadəsi dərin məna daşıyır. Azərbaycan müstəqillik əldə etdikdən sonra, dövlətə və xalqa yenidən rəhbərlik edən Ümummilli Lider ana dili məsələsinə yeni səviyyədə – müstəqil dövlət quruculuğunun tələb etdiyi səviyyədə yanaşmağın təcrübəsini verdi. 12 noyabr 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edildi. Konstitusiyanın qəbulu ərəfəsində dövlət dilinin adı ilə bağlı keçirilən geniş ictimai müzakirələr Azərbaycan dilinin nüfuzunun artırılmasına təsir etdi, dövlət dilinin müstəqil dövlət üçün nə demək olduğunu əyani şəkildə göstərdi. Həmin müzakirələr sübut etdi ki, yalnız milli ictimai təfəkkür deyil, bilavasitə mütəxəssislər də ana dilinin qeyd-şərtsiz “türk dili” adlandırılmasının əleyhinədir. Hər şeydən əvvəl, ona görə ki, iki müstəqil türk mənşəli dilin hər ikisinin eyni bir adla adlandırılması özünü doğrultmur və təcrübədə onları istər-istəməz ayrı-ayrı adlarla (Azərbaycan türkcəsi – Türkiyə türkcəsi) adlandırmaq lazım gəlir; Azərbaycan ərazisində yaşayan qeyri-türk mənşəli müxtəlif xalqlar, etnoslar “Azərbaycan dili”nin “türk dili” adlandırılmasından hər hansı halda narahat olurlar, bir sıra qüvvələr isə, bundan istifadə edərək “xırda millətçilik” hisslərini qızışdırırlar; “Azərbaycan dili” adı, artıq neçə on illərdir ki, uğurla işlənir, kifayət qədər böyük işlənmə təcrübəsinə malikdir. 2001-ci ildə Ümummilli Liderin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman isə, yalnız cari bir sənəd deyil, xüsusi tarixi əhəmiyyət daşıyan böyük siyasi hadisə idi. Məhz Ulu Öndər Heydər Əliyevin yürütdüyü dil siyasətinin nəticəsində bütün dövlət və qeyri-hökumət təşkilatlarında, indiyə qədər Azərbaycan dilindən istifadə etməmiş qurumlarda dövlət dili, sözün həqiqi mənasında, bərqərar edildi. Eləcə də, latın qrafikasına keçid prosesi başa çatdırıldı. 30 sentyabr 2002-ci ildə isə, Ulu Öndər Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun təsdiq olundu. Bu sənəddə göstərilir ki, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu qanun, ölkə Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. Ötən illər ərzində isə, bu qanun xeyli dərəcədə təkmilləşdirilib. Ümummilli Lider Heydər Əliyevin 2001-ci il avqust ayının 9-da imzaladığı Sərəncama əsasən, avqust ayının 1-i respublikamızda “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” kimi qeyd edilir. Bu, Azərbaycan dili tarixində əlamətdar, önəmli hadisədir. Bundan əlavə, qəbul edilən digər Fərman və Sərəncamlar əsasında dilimizin inkişafı, ana dilində təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Ulu Öndər müxtəlif ölkələrdəki diaspor nümayəndələrimizlə görüşlərində dəfələrlə vurğulayıb ki, hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz ana dilini, milli adət-ənənələrini unutmamalıdır.
Sevindirici bir haldır ki, Ulu Öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş olan, həyata keçirilən dil siyasəti, bu gün Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev uğurla davam etdirilir. Latın qrafikasında kütləvi nəşrlərin meydana çıxması bunun parlaq göstəricisidir. Ümumiyyətlə, Azərbaycan xalqının Ümummilli Liderinin siyasəti Azərbaycanda ana dilinin – ümumxalq dilinin tərəqqisi üçün elə bir tarixi şərait yaratdı ki, biz həmin siyasətin uzun illər uğurla davam edəcəyinə tam əminik. Təqdirəlayiq haldır ki, Ümummilli Liderin ideyalarını layiqincə yerinə yetirən ölkə Prezidenti, cənab İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz dövlət başçısının təşəbbüsü ilə baş tutdu. Prezidentin 2004-cü il yanvar ayının 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı, həm də, əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin olundu. Dövlət başçısının sonrakı sərəncamları əsasında isə, 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi. Ölkə Prezidenti, cənab İlham Əliyevin həyata keçirdiyi mühüm və uğurlu tədbirlərdən biri də 2004-cü il 13 yanvar tarixində imzaladığı “Azərbaycan milli ensiklopediyasının nəşri haqqında” Sərəncam oldu. Ölkə başçısı, həmçinin, 2012-ci il may ayının 23-də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi diqqət çəkir. Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir”.
Beləliklə, minilliklər boyu formalaşan və bu günümüzə gəlib çatan Azərbaycan dili xalqımızın qədimliyinin simvolu, qürur mənbəyidir. Bu gün, müstəqil bir dövlətimizin mövcudluğu dilimizin qorunması, dünya dilləri içərisində layiqli yer tutması baxımından vacib tarixi imkandır. Məhz Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dil siyasəti bu sahədə əldə etdiyimizi uğurların əsasını təşkil edir. Hal-hazırda Azərbaycan dilinin hərtərəfli inkişafı, beynəlxalq aləmdə diplomatiyaya yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı dil siyasətinin həyata keçirilməsi ilə bağlıdır. Aparılan dil siyasəti Azərbaycan dilinin qorunması və zənginləşdirilməsi işinin mötəbər siyasi-hüquqi təminatıdır…
Sabit Mehdiyev
YAP Beyləqan rayon təşkilatının məsləhətçisi