Danılmaz tarixi faktdır ki, Ümummilli Lider Heydər Əliyev siyasi quruluşun növündən asılı olmayaraq, öz Vətəninə, xalqına və dövlətinə ləyaqətlə xidmət etdi. 1969-1982-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olaraq ölkəmizə rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyev bu dövrlər ərzində Azərbaycanda bütün sahələrin böyük sıçrayışla inkişafını təmin etmiş, qəbul etdiyi qərarlar və atdığı addımlarla ölkəmizi keçmiş SSRİ-nin ən qabaqcıl inkişaf edən respublikalarından birinə çevirmişdir. 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə rəhbərliyə gəlməsinə qədər ölkədə bütün sahələrdə boşluqlar var idi. özbaşınalıq, korrupsiya, sosial-iqtisadi gerilik ölkədə hərc-mərclik yaratmışdı. Bu baxımdan da, insanlar təbii olaraq düşünürdülər ki, KQB generalının rəhbərliyə gəlməsi bütün problemləri həll edəcək və zaman bunun düzgün olduğunu sübut etdi. Respublikamızda mövcud olan bütün problemlər aradan qaldırıldı. Ulu Öndər rəhbərliyə gəldikdən sonra, dövlət əhəmiyyətli tədbirlərdə çıxışları Azərbaycan dilində etməyə başladı. Bununla da, Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldırmaqla, 1978-ci ildə Konstitusiyada bunun təsbit olunmasına real zəmin yaratdı. Təbii ki, dahi liderin bu addımı ölkədə yüksək əhval-ruhiyyə ilə qarşılandı. O zaman rəsmi Moskva Ulu Öndər Heydər Əliyevi rəhbərliyə gətirməklə, ölkədə müxalif fikirlərin yayılmasının, eləcə də, ziyalıların milli şüurun formalaşdırılması istiqamətindəki fəaliyyətlərinin qarşısını almaq niyyətində idi. Ümummilli Lider Heydər Əliyev isə, bütün gücünü başqa istiqamətə yönləndirdi. O, rəsmi Moskvanın iradəsinin əksinə gedərək başqa mübarizə obyektini – korrupsiya ilə mübarizəni seçdi. Əlbəttə, Ümummilli Lider Heydər Əliyev Azərbaycanda bütün sahələrdə irəliləyişlərin əldə edilməsinə nail oldu.
Ümummilli Lider Heydər Əliyev vəzifəsindən istefa verdikdən sonra da Azərbaycanın problemləri ilə yaxından tanış olurdu və lazımi köməklikləri göstərirdi. Hətta, 1990-cı ilin Qanlı Yanvar faciəsi törədilərkən, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək qırğını törədənlərin cəzalandırılmasının vacibliyini bildirdi. Müstəqillik əldə edildikdən sonra da Ulu Öndər Heydər Əliyev Naxçıvanda Azərbaycan xalqının gələcəyi naminə vacib addmlar atdı. Təəssüflər olsun ki, Ulu Öndər Heydər Əliyevin nüfuzundan qorxan qüvvələr Ona qarşı təxribatlar, sui-qəsdlər törətmək istəyirdilər, lakin xalq öz oğlunu qorudu və hakimiyyətə dəvət etdi. Hakimiyyətə gələn səriştəsiz siyasətçilər yarıtmaz idarəçiliklərilə dövləti uçurum kənarına atmışdılar. Məhz, o zaman 91 ziyalı Ulu Öndər Heydər Əliyevə müraciət ünvanladı. Daha sonra, ziyalılar partiya yaradılması təşəbbüsü ilə çıxış etdilər. Bu məsələ ilə bağlı Naxçıvanda Ulu Öndər Heydər Əliyev bir qrup ziyalını qəbul etdi. Sonradan Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi, Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Həmin dövrdən bu günə qədər xalqla sıx təmasda olan partiya zirvələrə uğurlara doğru inamla addımlayır. Ulu Öndər Heydər Əliyev fəaliyyəti ilə özünü ictimai yaddaşa yaza bildi.
Müxtəlif mütəfəkkirlərimiz bir neçə siyasi quruluşda yaşamaqlarına baxmayaraq, bir-birindən gözəl əsərlər ortaya qoyduqları kimi, Ümummilli Lider Heydər Əliyev də siyasi quruluşun növündən asılı olmayaraq, öz Vətəninə xalqına və dövlətinə ləyaqətlə xidmət etdi…
Sabit Mehdiyev,
Beyləqan rayon təşkilatının məsləhətçisi