2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli Bəyanat Azərbaycanın 44 günlük müharibədəki qələbəsinin, Ermənistanın isə məğlubiyyətinin siyasi-hüquqi təsdiqi oldu. Həmin dövrdən 2023-cü ilin 19 sentyabr tarixinə qədər həmin ərazidə baş verənlər isə Azərbaycanın səbr kasasını daşdıran hadisələr oldu. Sentyabrın 19-da başlayan antiterror tədbirləri cəmi 23 saat 43 dəqiqə çəkdi. Elə əməliyyatın ilk dəqiqələrindən gedişat Azərbaycan Ordusunun ən yüksək və modern döyüş imkanlarına malik olduğunu göstərdi. Cəmi bir neçə saat ərzində düşmənin ön xətt və dərinlikdə olan mövqeləri, uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri və hərbi təyinatlı obyektləri sıradan çıxarıldı. Hər günü bir şanlı tarix olan 44 günlük Vətən müharibəsində olduğu kimi ildırımsürətli antiterror tədbirlərində də ordumuz yenidən möhtəşəm zəfər tarixi yazdı. Əməliyyat zamanı düşmənin min nəfərdən çox canlı qüvvəsi, yüzlərlə hərbi texnikası məhv edildi və bir o qədər də qənimət götürüldü. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də günorta lokal xarakterli antiterror tədbirləri dayandırıldı və separatçılar ağ bayraq qaldırdılar. Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyev canından da çox sevdiyi xalqı üçün həlli mümkünsüz görünən vəzifəni reallaşdırdı. Ən önəmlisi isə 2023-cü ilin sentyabrın 20-də qazandığımız hərbi qələbə ilə ölkəmizin suverenlini tam bərpa etdik. Bu Azərbaycan xalqının həyatında ən müqəddəs gündür. Məhz elə buna görə də Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər ilin sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcəkdir. Prezidentin digər Sərəncamı ilə 20 sentyabr həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Şəhər Günü kimi qeyd ediləcək. Şanlı Qələbəmizdən ötən müddət ərzində ölkə başçısının rəhbərliyi altında işğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri aparılır. Tam yeni struktur yaradılır, sənaye və digər təyinatlı müəssisələr yaradılır, təhsil, səhiyyə və digər obyektlər açılır. 2023-cü il noyabrın 28-də Prezident İlham Əliyev “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılıb. Dövlətimizin başçısının birbaşa diqqət və qayğısı nəticəsində qısa müddət ərzində Universitetdə müasir tədris infrastrukturu yaradılıb. Ali təhsil ocağının bütün ərazisində genişmiqyaslı abadlıq işləri həyata keçirilib. Əsas tədris binasının qarşısındakı park sökülüb, onun yerində 2,3 hektar ərazidə müasir tələblərə uyğun yeni park salınıb.
Sentyabr ayının 20-də ölkəmiz və xalqımız üçün çox əlamətdar olan gündə Prezident İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Universitetlə yaxından tanışlıqdan sonra keçirilən görüşdə ölkə başçısı xüsusi olaraq qeyd edib: “Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr – Dövlət Suverenliyi Günü idi”.
Ölkə Prezidenti İlham Əliyev Qarabağ Universitetinin açılışının istənilən gündə deyil, məhz 20 sentyabr tarixində olmasını belə əsaslandırdı ki, bu, artıq şanlı tariximizdir. Qarabağ Universitetinin yaradılması tarixi hadisədir. Bina yenidən quruldu. Bu bina sovet dövründə Azərbaycan memarları, inşaatçıları tərəfindən inşa edilmişdi. İşğal dövründə bunu erməniləşdirmək üçün müəyyən işlər görülmüşdü. O əlamətlər də tamamilə silindi. Binanın önü açıldı, gözəl bir park yaradıldı. Master-plan hazırlandı. Gələcək illərdə yeni tədris korpusları inşa ediləcək. Gözəl yataqxana yaradıldı. Ən önəmlisi gənclər, yəni tələbələr buraya böyük həvəslə gəlməyə başladılar. Ölkəmizin hər bir bölgəsindən ümumilikdə 1200 tələbə var. 600-dən çox bal toplayan tələbələr görüşdə iştirak edirlər və buraya böyük həvəslə gəlmişlər. Müəllim heyəti də formalaşdı: «Ümid edirəm ki, Qarabağ Universiteti bizim aparıcı ali məktəblərdən birinə çevriləcəkdir.
Niyaməddin Əsgərov,
YAP Beyləqan rayon təşkilatının sədr müavini