Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edilib.
Qubadlı şəhərinin işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradıb. Qubadlı əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.
Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 25-də Qubadlı Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.
Bu əlamətdar günün təsis olunması Qubadlı şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün – oktyabrın 25-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.
Prezident İlham Əliyev 2020-ci il dekabrın 29-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9376 hərbi qulluqçusu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.
Dövlət başçısı 2021-ci il iyunun 24-də də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 5867 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.
Rayon işğaldan azad olunduqdan sonra orada bərpa və yenidənqurma işlərinə başlanılıb. Ərazinin minalardan təmizlənmə əməliyyatları ilə yanaşı, infrastrukturun bərpası işləri də davam etdirilir. Ötən müddət ərzində Xanlıq Radio-Televiziya Yayım Stansiyasının mövcud 50 metrlik qülləsindən istifadə olunmaqla 8 TV və 2 radio proqramının Qubadlı şəhəri və rayonun 12 kəndində (Əlibəyli, Qoturbulaq, Xocahan, Qapanlı, Muğanlı, Hal, Xanlıq, Hənzəli, Əfəndilər, Qəzyan, Saray, Yuxarı Mollu) yayımı təmin olunub. Eyni zamanda, Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi aparılıb.
2021-ci ilin bu günü Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayonunda səfərdə olublar. Dövlət başçısı və birinci xanım Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak ediblər. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər. Həmçinin, dövlət başçısı və birinci xanım 2022-ci ilin oktyabrın 19-da da Qubadlı rayonuna səfər ediblər. Belə ki, Prezident İlham Əliyev Qubadlı rayonunda “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə tanış olub, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub. Dövlət başçısına və birinci xanıma Qubadlı şəhərinin Baş planı təqdim olunub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlıda İşğal və Zəfər muzeylərinin təməlqoyma mərasimində iştirak ediblər. Həmin gün dövlət başçısı Qubadlı rayonunun Mahruzlu kəndinin də təməlini qoyub. Mərasimdə qeyd edilib ki, kənddə əhalinin məşğulluğu üçün hər cür şərait təmin ediləcək.
Bir sözlə, 44 günlük müharibə Azərbaycanın gücünü göstərdi, Silahlı Qüvvələrimizin rəşadətini, qəhrəmanlığını, xalqımızın birliyini göstərdi. Biz bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdik, düşməni torpalarımızdan qovduq. Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanına çevrilib, hər bir günü bizim üçün əzizdir, doğmadır. Böyük qayıdış Qarabağa əbədi xoşbəxtlik gətirəcək.
Müşfiq Səfərov,
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri