Gənc Mühasiblər İctimai Birliyi (GMİB) və “Financial Chain Corporation” (FCHAIN) şirkətinin birgə təşkilatçılığı ilə 18 may 2024-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümü münasibətilə Şuşa şəhərinə səfər təşkil edilmişdir.
Səfərin əsas məqsədi maliyyəçilərin Şuşa şəhərinə ilk səfər-gəzintisini reallaşdırmaqla yanaşı, işğaldan azad edilmiş torpaqlarda aparılan bərpa və yenidənqurma işlərinə dəstək göstərmək, bu ərazilərə maliyyə axınının cəlb edilməsi, sahibkarlığın gələcək inkişaf perspektivləri və sahibkarlıqda yaşıl iqtisadiyyatın rolunu müzakirə etmək olmuşdur.
Proqram çərçivəsində “İqtisadiyyatı Güclü Olan Dövlət Hər Şeyə Qadirdir” mövzusunda forum təşkil olunmuşdur. Forumun açılış nitqini Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyeva və “Fchain Corporation” şirkətinin baş direktorunun müavini Valid Hüseynov etmişlər.
Daha sonra forum işini “Qarabağın Dirçəlişi Maliyyəçilərin Gözü ilə Yaşıl İqtisadiyyatın Perspektivləri” mövzusunda keçirilən I panel müzakirəsi ilə davam etdirmişdir. Paneldə Naxçıvan Muxtar Respublikası Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova və KOBİA-nın Regional layihələrlə iş şöbəsinin nümayəndələri çıxış edərək regionun iqtisadi potensialı və maliyyə mexanizmləri barədə fikirlərini bölüşmüşlər.













