Faktiki olaraq, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, dövlət proqramları, konsepsiyalar və düzgün strategiyalar nəticəsində iqtisadi inkişafa nail olunmuşdur. XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycanın qarşısında bazar iqtisadiyyatına keçid və dünya iqtisadi sisteminə səmərəli inteqrasiya olunmaqla milli iqtisadiyyatı formalaşdırmaq, inkişaf etdirmək kimi strateji vəzifələr dururdu. Ulu Öndər Heydər Əliyev 1993-2003-cü illərdə Azərbaycanın milli iqtisadi inkişafının formalaşmasının uğurlu və perspektiv inkişafına istiqamətlənmiş keçid modelinin əsaslarını müəyyənləşdirmişdir. Bu modelin həyata keçirilməsini təmin edən islahat-inkişaf xarakterli dövlət proqramlarının, inkişaf strategiyalarının, layihələrin işlənilməsinə və reallaşdırılmasına xüsusi əhəmiyyət vermişdir. Bu illərdə Azərbaycanda milli iqtisadiyyatın inkişafı sahəsində həyata keçirilən tədbirlər göstərir ki, müstəqilliyin ilk illərində aparılan iqtisadi, siyasi, institusional islahatlar ölkə iqtisadiyyatının perspektiv inkişafı üçün güclü zəmin, əsas yaratmış və bunlar dönməz xarakter almışdır. Ulu Öndər xüsusi ilə qeyd edirdi ki, Azərbaycanda iqtisadiyyatın o sahələrinin inkişafı təmin edilməlidir ki, ilkin olaraq bu istiqamətlər ölkənin iqtisadi-siyasi müstəqilliyini qorumağa və xalqın zəruri tələbatlarını mümkün qədər təmin etməyə imkan versin, bu sahələrin üstün inkişafı nəticəsində yaranmış gəlirlər ölkənin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsinə çevrilsin. Bu illərdə hələ də, dünya qlobal maliyyə böhranından tam qurtara bilmədiyi bir mərhələdə Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə Azərbaycanın bir müstəqil dövlət kimi formalaşdırılması və inkişafı ilə bağlı iqtisadiyyatın bütün sahələrində həyata keçirdiyi çoxşaxəli islahat-inkişafa yönəltdiyi tədbirlər, məhz Ulu Öndərin böyük təcrübəyə, biliyə, analitik düşüncəyə və uzaqgörən iqtisadi strategiyaya malik bir şəxsiyyət olduğunu göstərdi. Müstəqilliyin ilk illərində Ulu Öndərin iqtisadi strategiyasının bir sıra məqamlarını nəzərdən keçirərkən bu illərdə Azərbaycanın necə böyük, sərt, riskli, ziddiyyətli və mürəkkəb proseslərlə üzləşdiyini görürük. Hazırda, bu dövrdə hadisələrin necə düzgün müəyyənləşdirilib qiymətləndirildiyini, uzaqgörənliklə qərarlar verildiyini və ən mühümü isə, bu qərarların perspektivdə həyata keçiriləcək proseslərə mənfi təsir göstərmədən məharətlə, cəsarətlə, məntiqi ardıcıllıqla həll edildiyi müəyyən edilir. Bu tədbirlər ölkəmizin bir dövlət kimi mövcudluğunun şübhə altında olduğu gərgin və mürəkkəb bir şəraitdə – 1993-cü ilin iyun ayının 15-də Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtması və onun apardığı dərin məzmunlu, məqsədyönlü və səmərəli işlər nəticəsində mümkün olmuşdur. Ulu Öndərin bazar iqtisadi sisteminə keçid mərhələsində müstəqil milli iqtisadiyyatın formalaşdırılması ilə əlaqədar həyata keçirdiyi iqtisadi strategiya ölkədə makroiqtisadi sabitliyin təmin olunması; sistemin transformasiyası ilə bağlı bütün istiqamətlər üzrə əsaslı iqtisadi islahatların aparılması; bütün səviyyələrdə bazar iqtisadi münasibətlərinin liberallaşdırılması; ölkədə demokratiyanın və sosial ədalətin bərqərar olunması ölkəmizin strateji milli maraq, mənafelərini qorumaqla dünya iqtisadi sistemə fəal, səmərəli inteqrasiya olunması prinsiplərinə əsaslanırdı. Azərbaycan bazar iqtisadiyyatı sisteminə keçidin ilk mərhələsində iqtisadiyyatın sahə və sferaları arasında inteqrativ və funksional əlaqələrin pozulduğu, iqtisadi proseslərdə qeyri-müəyyənliyin kəskin formada artdığı sistemsizlik böhranının bütün fəsadlarını özündə əks etdirən bir dövrdə yaşayırdı. Müstəqilliyin ilk dövründə qarşıda duran əsas vəzifə ölkəni düşdüyü böhranlı vəziyyətdən çıxarmaq, ölkə iqtisadiyyatının spesifik cəhətlərini (iqtisadiyyatda qeyri-müəyyənlik, işsizliyin, inflyasiyanın yüksək səviyyəsi və sair) nəzərə almaqla makroiqtisadi sabitliyi təmin etməklə milli iqtisadi inkişafın təmin edilməsindən ibarət idi. Bu vəzifənin reallaşdırılması isə, milli iqtisadi inkişaf konsepsiyası olmadan mümkün deyildi. Həmin dövrdən başlayaraq müstəqil Azərbaycan Respublikasının milli iqtisadi inkişafının əsaslarını Ümummilli Lider Heydər Əliyev tərəfindən hazırlanan və ölkə iqtisadiyyatını düşdüyü böhranlı vəziyyətdən çıxara biləcək iqtisadi inkişaf strategiyası təşkil etmişdir. Belə ki, bu inkişaf konsepsiya Heydər Əliyevin müstəsna iqtisadi təfəkkürün məhsulu olub onun həyata keçirdiyi böyük həcmli, zəruri işlər əsasında formalaşmış, bütövlükdə milli iqtisadi inkişaf haqqında milli ictimai-iqtisadi fikirlərin və idealogiyaların formalaşmasının əsas meyarına çevrilmişdir. Ölkəmizdə davam etmiş keçid dövrünün ilkin mərhələsində Heydər Əliyevin diqqətini cəlb edən mühüm məsələlərdən biri də, keçid dövründə və perspektivdə milli iqtisadi inkişaf strategiyasının mahiyyətinin müəyyənləşdirilməsi, onun mərhələlərlə həyata keçirilməsi mexanizminin işlənilməsi olmuşdur. Ölkə iqtisadiyyatının inkişaf mərhələlərində istehsal və qeyri-istehsal sahələrinin əsas makroiqtisadi göstəricilərinin inkişaf dinamikası Ulu Öndər Heydər Əliyevin iqtisadi strategiyasının uğurla reallaşdırılmasının əyani nümunəsidir. Hər bir iqtisadi inkişaf modeli müvafiq, məqsədyönlü iqtisadi strategiya və bu strategiya çərçivəsində həyata keçirilən çoxşaxəli iqtisadi islahatlar vasitəsilə reallaşdırılır. Azərbaycanda müstəqilliyin ilk illərindən başlayaraq bazar iqtisadiyyatı sisteminin prinsiplərinin, mexanizmlərinin formalaşması məqsədilə iqtisadiyyatın yenidən qurulması, iqtisadi inkişafın sürətləndirilməsi, sahibkarlığın stimullaşdırılması, səmərəli investisiya, innovasiya layihələrinin həyata keçirilməsi istiqamətində aparılan islahatları Ulu Öndər mühüm, zəruri şərti kimi dəyərləndirirdi və bunların əsasını onun müəllifi olduğu uğurlu neft strategiyası təşkil edirdi. Bunlar yanaşı keçid iqtisadiyyatının ilk illərində ölkəmizin maliyyə imkanlarının məhdudluğu şəraitində xarici investisiyaların iqtisadiyyatın neft-qaz sektoruna cəlb edilməsi nəticəsində ölkənin maliyyə imkanları genişlənməyə başladı, inkişaf etmiş ölkələrin yeni texnika, texnologiyalarının, innovativ layihələrinin, mütərəqqi əmək vərdişlərinin, üsul və vasitələrinin, peşə, ixtisaslarının iqtisadiyyatımıza cəlb edilməsi Heydər Əliyevin neft strategiyasının əsas istiqamətlərini təşkil etmişdir. Ümummilli Lider Heydər Əliyevin iqtisadi inkişaf modelinin əsas cəhətlərindən biri də, onun möhkəm elmi konseptual baza və mütərəqqi qanunvericilik əsaslar üzərində formalaşmasıdır. Bu baxımdan, Ulu Öndərin bilavasitə tapşırıqları, qanunvericilik təşəbbüsləri, tövsiyələri əsasında müstəqil Azərbaycan dövlətinin iqtisadi əsaslarının möhkəmləndirilməsi, dövlətin idarə edilməsinin təkmilləşdirilməsi, iqtisadiyyatımızda bazar iqtisadi sisteminin əsaslarının yaradılması, ölkə əhalisinin sosial-iqtisadi rifahının və hüquqlarının təmin edilməsi ilə bağlı əksər qanunvericilik sənədləri, normativ-hüquq aktları qəbul edilmiş, onların səmərəli işlək mexanizmi hazırlanmışdır. Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli iqtisadi inkişaf modeli fundamental prinsiplər üzərində qurulmuşdur. Bu prinsiplər, ölkənin malik olduğu zəngin resurslardan səmərəli istifadə edilməsi, bazar iqtisadi sisteminin əsaslarının yaradılması, onun iqtisadi inkişafının sürətləndirilməsi, Azərbaycanın dünya iqtisadi sisteminə səmərəli inteqrasiya edilməsi, son nəticədə ölkənin iqtisadi, siyasi, mənəvi və sosial inkişafına xidmət edən prioritet istiqamətlərdən ibarət olmuşdur. Ulu Öndərin iqtisadi inkişaf modelinin əsasını eyni zamanda bazar iqtisadiyyatının qurulması ilə bağlı iqtisadi islahatların ardıcıl, mərhələli, sistemli şəkildə aparılması; iqtisadi islahatların möhkəm qanunvericilik bazasına əsaslanması; yeni milli iqtisadi inkişafın sosial yönümlülüyü, onun cəmiyyətin bütün üzvlərinin maraqlarına, mentalitetə, demokratik dəyərlərə uyğunluğu; ölkənin malik olduğu zəngin təbii, maddi, əmək resurslarından səmərəli istifadə edilməsi; iqtisadi cəhətdən müstəqil milli iqtisadiyyatın əlverişli investisiya, innovasiya, sahibkarlıq mühitinin yaradılması; iqtisadiyyatın qloballaşması, milli maraqların əlaqələndirilməsi, ölkənin beynəlxalq iqtisadi, maliyyə-kredit, ticarət və digər iqtisadi təşkilatlarda iştirakının onun strateji, milli maraqlarına uyğunluğu, eləcə də, bu maraqlara xidmət etməsi və s. sahələr təşkil etmişdir.
Ölkə iqtisadiyyatının bütün sahələrinin davamlı və dayanaqlı inkişafının təmin edilməsinin əsasını təşkil edən Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan milli iqtisadi inkişaf strategiyası, bu gün ölkə Prezidenti, cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndər Heydər Əliyevin müstəqil inkişaf strategiyasının dəqiqliklə hazırlanması və ölkə Prezidenti İlham Əliyevin bu kursu uğurla davam etdirməsi, ölkə iqtisadiyyatının bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir. Ölkə Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət proqramları, inkişaf konsepsiyaları və strategiyalar çərçivəsində inkişafa istiqamələndirilmiş tədbirlərin həyata keçiriməsi uğurla davam etdirilir. Müstəqil Azərbaycan Respublikasında milli iqtisadi inkişaf strategiyasının uğurla reallaşdırılmasının nəticəsində ölkəmizdə, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, davamlı və dayanıqlı inkişaf təmin edilmişdir. Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən, hal-hazırda ölkə Prezidenti, cənab İlham Əliyevin xüsusi yaradıcılıqla, uğurla inkişaf etdirdiyi Azərbaycanın iqtisadi inkişaf strategiyasının formalaşması, onun sürətli inkişafını təmin edən başlıca amilərin tədqiqi, dəyərləndirilməsi Ulu Öndərin iqtisadi irsinin öyrənilməsində, həmçinin, ölkəmizin perspektiv inkişafinın prioritetlərinin, məqsəd və hədəflərinin müəyyən edilməsində, reallaşmasında müstəsna əhəmiyyətə malikdir…
Sabit Mehdiyev,
YAP Beyləqan rayon təşkilatının məsləhətçisi