Dövlət başçısı İlham Əliyev iqtisadi məsələlərə həsr olunmuş müşavirədə bir daha bildirdi ki, əsas hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. Dövlət başçısı İlham Əliyev yeni dövrün yeni hədəflərini açıqlayarkən bu mühüm məqamı xüsusi qeyd edir ki, bunlara nail olmaq üçün iqtisadiyyatımız inkişaf etməlidir. Suverenliyimizin bərpası ilə Azərbaycanın qarşısında yeni imkanlar, üfüqlər açıldı. Dövlətimizin siyasətində ölkəmizin hərtərəfli inkişafının prioritetliyi və bunun üçün kompleks tədbirlərin həyata keçirilməsi bu imkanların bütün sahələrdə yaranmasını şərtləndirdi. Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən iqtisadi məsələlərə həsr olunmuş müşavirədə ilin əvvəlindən əldə edilən uğurlar və bu ilin sonuna kimi görüləcək işlər haqqında da fikir mübadiləsi aparıldı. Ölkə başçısı öz çıxışında ilin əvvəlindən iqtisadi inkişafın gözlənilən səviyyədə olduğunu qeyd edərək bildirdi ki, iqtisadi artım 4,3 faiz təşkil edib. Vurğulandı ki, bugünkü dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda bu, çox müsbət göstəricidir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir.
Qeyri-neft sektorunun inkişafında müsbət tendensiyalar xüsusi olaraq qeyd edilməlidir. Ölkənin qeyri-neft sektoru ilin əvvəlindən 7 faiz artıb. Bildirilib ki, son illər ərzində xarici neft şirkətləri tərəfindən həyata keçirilən layihələrdə neftin hasilatı ildən-ilə azalırdı və bu da təbii olaraq bizim ümumi iqtisadi inkişaf templərinə mənfi təsir göstərirdi və bu tənəzzül qeyri-neft sektorunun inkişafı ilə tənzimlənib. Hazırda neft-qaz sektorunda bir neçə yeni layihə üzərində işlər aparılır. Yeni layihələrin tətbiqi ilə neft-qaz sahəsində templər müsbət olacağı gözlənilir. Ölkə başçısı öz çıxışında inflyasiyanın ilin əvvəlindən cəmi 1 faizdən bir qədər çox olduğunu qeyd edib ki, bu da çox müsbət göstəridir. Göründüyü kimi, ötən illərin möhkəm bünövrəsi üzərində qarşıdakı illərin hədəfləri gerçəkləşdirilir. Bu, Azərbaycan dövlətinin, xalqının daim irəli baxmasına əsaslanır. Prezident İlham Əliyev ölkənin innovasiya texnologiyaları əsasında ümumi modernləşdirilməsinə yönəlmiş dövlət idarəçilik sistemini reallaşdırdı. Bu mənada Azərbaycanın inkişaf modeli nümunə göstərilir. 2008-ci ildən başlanan və nəticələri hələ də bəzi ölkələrdə hiss olunan iqtisadi və maliyyə böhranını Azərbaycanın çox az hiss etməsi, həmçinin 2019-cu ilin sonlarından koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərində Azərbaycanın təkmil təcrübəni nümayiş etdirməsi və ilk gündən Ümumdünya Səhiyyə Təşkilatının proqnozlarına əsasən az itki ilə çıxması da deyilənlərin təsdiqidir. Cənab İlham Əliyev mübarizə tədbirlərinə başlandığı gündən insanların sağlamlığının prioritetliyini önə çəkərək bu çağırışı da etdi ki, iqtisadi islahatlar daha da dərinləşdirilməli, heç bir sosial layihə təxirə salınmamalıdır. Bu faktı da qeyd etmək yerinə düşər ki, həmin dövrdə həm koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi, eyni zamanda, 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsinə baxmayaraq Azərbaycan Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP-ın icrasını davam etdirdi və 2020-ci ilin dekabrın sonunda istifadəyə verildi.
Azərbaycanın bu gün nəinki ənənəvi, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedici ölkə olması da hər dövrün çağırışlarının yüksək səviyyədə cavablandırıldığını təsdiqləyir. Hazırda iqtisadi sahədə aparılan islahatlar artıq Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaratmışdır. Əgər əvvəlki illərdə investisiyalar daha çox neft-qaz sahəsinə qoyulurdusa, bu gün qeyri-neft sektoruna qoyulan sərmayə milyardlarla dollar səviyyəsindədir. Dövlət başçısı İlham Əliyev müşavirədəki çıxışında da Azərbaycan sabitliyin, normal biznes mühitinin mövcudluğunun yol açdığı uğurlardan da danışdı. Vurğuladı ki, xarici sərmayələrin xüsusilə qeyri-neft sektoruna cəlb edilməsi üçün bir çox təşviq layihələri həyata keçirilir. Azərbaycanda hökm sürən sabitlik və proqnozlaşdırılan vəziyyət, eyni zamanda, Azərbaycan dövlətinin güclənməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsi xarici investorların bizə olan münasibətini təbii olaraq daha da yaxşılaşdırıb. Azərbaycanda çox müsbət sərmayə iqlimi uzun illərdir davam edir, hökm sürür. İnvestisiyaların adambaşına düşən həcminə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır.
Niyaməddin Əsgərov,
YAP Beyləqan rayon təşkilatının sədr müavini