Azərbaycanlılara qarşı ermənilərin həyata keçirdikləri aramsız soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənib
Tarixi faktlar sübut edir ki, son iki əsrdə azərbaycanlılara qarşı ermənilər tərəfindən məqsədyönlü şəkildə etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirilib. Bunun nəticəsində də xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalıb. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. XX əsrin əvvəllərində ermənilər təkcə 31 mart günü Ermənistan adlanan ərazi deyil, Bakı quberniyasının Bakı, Şamaxı Quba şəhəri, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçiriblər. Erməni millətçiləri bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini – qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirib, yaşayış yerlərini talan edərək yandırıb viran qoyub, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıdaraq yandırıblar.
Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənib. Erməni daşnaklarının Azərbaycan xalqının yer üzündən tam silmək kimi iyrənc niyyətləri var idi. 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 50 mindən artıq azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovublar.
Sovetlər birliyi dönəmində soyqırımının araşdırılması qeyri-mümkün olmuşdur. Bu məsələyə yalnız Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra qayıtmaq mümkün olub. Yerli tədqiqatçılar tərəfindən Şamaxı hadisələri ilə bağlı müvafiq araşdırmalar aparılmışdır. Ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da Şamaxı hadisələri ilə bağlı bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetirib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub. 1918-ci ilin mart hadisələrinə Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncam erməni millətçilərinin hərəkətlərinə verilən ilk siyasi qiymət olub. 1998-ci il 26 mart tarixli bu sərəncam Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının formalaşdırılması üçün bir növ proqram sənədi sayılır. Ulu Öndər Heydər Əliyevin sözlərinə görə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd olunmalıdır ki, xalqımıza qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlamışdır: “Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliyyət düşür. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur.”
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü hazırda dövlət səviyyəsində qeyd edilir. Prezident İlham Əliyevin tapşırığı əsasında bu hadisənin təfərrüatlarının, xalqımızın başına gətirilən qanlı faciələrin dünya ictimaiyyətinə çatdırılması prosesi sürətlənib. 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı. Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Məzarlıqda 500-dək insan kəlləsi vardı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır. Kompleksin ümumi sahəsi 3,5 hektardır və 5 hissədən ibarətdir.
Erməni soyqırımılarının fəlsəfi və ideoloji olaraq arxa planlarında azərbaycanlıları bu ərazilərdən etnik təmizləməyə məruz qoymaq idi. Lakin onların bu planları baş tutmadı. Azərbaycan dövlətinin gücü qarşısında Ermənitsan dövləti tap gətirə bilmədi. Azərbaycanın dövləti tərəfindən həyata keçirilən düşünülmüş daxili və xarici siyasət öz müsbət effektini verdi. Artıq Ermənistan ifşa edilmiş, məğlub dövlətdir.
Rüstəmova Aybəniz Vilayət qızı,
Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent