Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə həsr olunan müşavirə keçirilib. Həmin gün həmçinin dövlət başçısının Sərəncamı ilə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramı Bakı və Abşeron yarımadasında su təchizatı və tullantı suları sistemləri infrastrukturunun inkişaf etdirilməsi, intensiv yağışlar zamanı subasma risklərinin azaldılması, fasiləsiz və dayanıqlı su təminatının gücləndirilməsi məqsədilə hazırlanıb. Prezidentin Sərəncamında Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsinin həyata keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə edilib. Dövlət Proqramının əhatə etdiyi 2026-2035-ci illər ərzində su təchizatı və kanalizasiya sahəsində başlayacaq islahatlar ölkənin su infrastrukturunu gücləndirmək və ətraf mühitin qorunmasına töhfə vermək məqsədini daşıyır. Proqram iki əsas mərhələdən ibarət olacaq və hər iki mərhələ də ölkənin su təchizatını daha dayanıqlı və ekoloji cəhətdən təhlükəsiz hala gətirməyi hədəfləyir. 2026−2030-cü illəri əhatə edən birinci mərhələdə mövcud su və kanalizasiya şəbəkələrinin yenilənməsi və təmiri üzərində cəmləşəcək. Bu müddət ərzində yağış sularının idarə olunması və tullantı sularının təkrar istifadəsi üçün müasir texnologiyalar tətbiq ediləcək. Eyni zamanda, “ağıllı su şəbəkələri” qurulacaq və su şəbəkələrindəki itkilərin aşkarlanması məqsədilə innovativ həllər təqdim ediləcək. Bu gün qarşıda duran problemlərdin biri su itkiləri ilə bağlıdır. Əhalinin artması, sənaye və digər istehsal sahələrinin genişlənməsi təbii ki, suya olan tələbatı artırır. Bununla əlaqədar görə hazırda 40-45 faiz təşkil edən itkilərin kəskin azaldılması əsas məsələlərdən biridir və proqramın icrası nəticəsində bu, kəskin azalmalıdır.
Prezident İlham Əliyev müşavirədəki çıxışında paytaxt Bakı şəhərinin kanalizasiya məsələsinə xüsusi toxunub. Bildirilib ki, bu gün əhalinin 50 faizinə kanalizasiya xidməti göstərilir və Proqramın icrası nəticəsində bu, 95 faizə çatdırılmalıdır. Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır. Dövlətimizin başçısı əlavə edib ki, “yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacaq və bunun çox böyük faydası olacaq”.
2031−2035-ci illəri əhatə edən ikinci mərhələ isə su təchizatının fasiləsizliyini təmin etmək məqsədilə yeni su anbarları və nasos stansiyalarının inşasına yönələcək. Bu mərhələdə həmçinin su təchizatı və kanalizasiya şəbəkələrinin daha da genişləndirilməsi və təkmilləşdirilməsi nəzərdə tutulur. Bu Proqramın icrası nəticəsində Azərbaycan içməli su mənbələrinin dayanıqlığını artıracaq, su şəbəkələrinin uçot sistemləri təkmilləşdiriləcək və alternativ su mənbələrindən istifadə ediləcək. Proqramın uzunmüddətli məqsədləri Bakı şəhərinin Baş Planı ilə uzlaşdırılaraq, müasir su təchizatı xidmətlərinin göstərilməsi və ölkənin su ehtiyatlarının səmərəli idarə olunmasına imkan yaradacaq. Dövlət Proqramının Tədbirlər Planı su təchizatı və tullantı sularının idarə olunması sistemlərinin inkişafı, su sektorunda təbii fəlakət risklərinin və ekoloji dayanıqlığın idarə edilməsinin təmini və su sektorunda innovasiya və rəqəmsallaşması kimi üç əsas prioriteti özündə əks etdirir.
Dəniz suyunun duzsuzlaşdırılması ilə bağlı böyük beynəlxalq təcrübə mövcuddur. Xəzər dənizinə gəldikdə isə, bu təcrübədən ilk dəfə 1960-cı illərdə Qazaxıstanda istifadə olunub. O zaman burada tikilmiş böyük zavodda duzsuzlaşdırılmış sudan, təxminən, 1 milyon əhali istifadə edib. Həmin su məişətdə, kənd təsərrüfatında, yaşıllıqların suvarılmasında və digər sahələrdə geniş tətbiq olunur. Bu təcrübə dünyanın su qıtlığı müşahidə olunan ölkələrində, xüsusən də Hind okeanı sahillərində geniş yayılıb. Hətta bəzi şirkətlər, məsələn, Hind Okeanı və Fars Körfəzi ərazilərində neft çıxarılan platformalarda belə, duzsuzlaşdırılmış sudan istifadə edirlər.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu sahə ilə bağlı imzaladığı sərəncam xüsusi əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, Azərbaycan Cənubi Qafqazda su ehtiyatları baxımından ən az inkişaf etmiş ölkələrdən biridir. Bu səbəbdən Xəzər dənizindən əldə ediləcək duzsuzlaşdırılmış sudan geniş istifadə etmək mümkündür. Məsələn, Bakı şəhəri və ətraf ərazilərdə əhalinin 60 faizindən çoxu Xəzər sahilindəki su potensialından faydalanmaq imkanı əldə edə bilər. Bu baxımdan Xəzər sahilində belə bir zavodun tikintisi su qıtlığının aradan qaldırılmasına mühüm töhfələr verəcək. Çünki əhalimizin suya olan tələbatı bunun hesabına təmin olunacaq.
Niyaməddin Əsgərov,
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədr müavini










