Kazanda Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin görüşü sülh prosesinin yeni mərhələsini başlada bilər
Kazanda keçirilən 16-cı XVI BRICS Sammiti dünya mediasının gündəmindən düşümür. Əlbəttə ki, burada Qərb dövlətlərinin Kazan Sammitindən narahatçılıqları əsas diqqət çəkir. Çünki BRICS ölkələrinin artması, şübhəsiz Qərbi daha cox narahat edir. BRICS ölkələri beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə sadiq qalaraq, dövlətlər arasında qarşılıqlı faydalı münasibətləri dəstəkləyir, siyasi gündəliyin yalnız bir qrup ölkə tərəfindən inhisarlaşdırılmasının qarşısını alır. Kazan Sammitinin gündəliyinə baxsaq, burada qlobal məsələlərə həsr olunmuş müzakirələr keçirilib, eyni zamanda dünyada baş verən münaqişələrin sülh yolu ilə həlli məsələsinə toxunulub. Dünyada sülhün və yeni dünya nizamının olması üçün fikirlər, təşəbbüslər irəli sürülüb. BRICS üzvləri üçün bütün bu mövzuları Qlobal Cənub və Şərq ölkələrinin həmfikirləri ilə müzakirə etmək son dərəcə önəmlidir. Ümumi olaraq müzakirələr konstruktiv və hərtərəfli olub. Sammitin sonunda qəbul olunan Kazan Bəyannaməsində də bütün dövlətlərin beynəlxalq hüquqa və BMT Nizamnaməsinə əsaslanan daha demokratik, əhatəli və çoxqütblü dünya nizamı qurmaq öhdəliyi qeyd olunur. Həmçinin qeyri-qanuni sanksiyaların tətbiqi praktikasına və ənənəvi münasibətləri pozmaq cəhdlərinə qarşı birgə qətiyyəti mövqenin ortaya qoyulması vurğulanır.
Çox müsbət haldır ki, bu sammitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib. Əlbəttə ki, Azərbaycan hər zaman sülh gündəliyinin şərtlərinə sadiqdir və gündəliyin irəli gedilməsi üçün hər zaman çalışır. Ermənistan isə bu baxımdan hələ ki, bir adım atmır, bəlkə də Ermənistan bunu etmək istəyir, amma Qərb dövlətləri, münaqişələrin həllini istəməyən dövlətlər Ermənistana mane olur. Ümumiyyətlə, bir sıra Qərb dövlətləri, bu günləri dünyada sülhün əldə olunması, münaqişələrin azalmasında maraqlı deyillər. Qərb tarixən müxtəlif yollarla münaqişələr yaradıb və biz bunu bu gün də görürük. Özlərini “sülh elçisi” adlandıran bir çox Qərb dövlətləri bu gün elə münaqişələrin mərkəzindədirlər, həmçinin münaqişələrin uzanması üçün maliyyə ayırırlar, həmçinin silah verirlər. Hazırda ABŞ tərəfindən, xüsusən Ermənistana maliyyə və hərbi dəstək olunur. Bütün bunların da, əlbəttə ki, görünən tərəfi odur ki, Ermənistanı yenidən müharibiyə hazırlamağa çalışırlar. Bu işdə Avropa ölkələrində Fransa hər zamanki kimi liderlik edir. Məqsədləri bəllidir. Ukraynada necə münaqişə yaradıb Avropanı çalxalayırlarsa, yenidən Cənubi Qafqazda münaqişə ocağı yaratmaq istəyirlər. Əlbəttə ki, buna Azərbaycan dövləti və Azərbaycanın müttəfiqləri imkan verməyəcək. Elə Kazan Sammitindəki görüşün məqsədi buna xidmət edirdi. Burada çox müsbət haldır ki, sülhlə bağlı detallı məsələlər Azərbaycan Prezidenti və Ermənistanın baş nazırı arasında müzakirə olunub və artıq, belə deyək ki, bu məsələlər ikitərəfli istiqamətdə gedəcək. İki ölkənin rəhbərləri və xarici işlər nazirləri arasında sülh gündəliyinin irəli aparılması məsələlərinə baxılacaq. Azərbaycan əlbəttə ki, sülh razlaşmasının tez həll olunmasını istəyir. Rusiya da Azərbaycanı baxımdan dəstəkləyir. Yeri gəlmişkən, Rusiya Prezidenti Vladimir Putin XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasındakı çıxışında Azərbaycanla Ermənistan arasında demarkasiya və delimitasiya proseslərinin başlamasına münasibət bildirib. O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında demarkasiya və delimitasiya proseslərinin başlamasını qeyd etmək çox xoşdur. Putin vurğulayıb ki, delimitasiya və demarkasiya proseslərinin başlanması sülh müqaviləsinə gedən düzgün yoldur.
Rusiya lideri sammit çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında fikir mübadiləsinin aparılmasının tədbirə müsbət dəyər qatdığını söyləyib.
Putin, həmçinin vurğulayıb ki, Azərbaycanın tranzit dəhlizlər baxımından əhəmiyyəti çox böyükdür. O əlavə edib ki, Azərbaycan və Rusiya arasında artan ticarət dövriyyəsi də xüsusi əhəmiyyət daşıyır.
Artıq hər iki ölənin xarici işlər nazirinə ikitərəfli danışıqları davam etdirməklə bağlı təlimat verilib. Xarici işlər nazirləri səviyyəsində bu istiqamətdə müzakirələr davamlı şəkildə aparılırdı. Bu Kazan görüşdən sonra, şübhəsiz, sülhlə bağlı danışıqların aparılması daha da sürətləndiriləcək. Məhz elə Prezident İlham Əliyev Kazandan qayıdandan sonra 2024-cü il avqustun 30-da imzalanmış “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə”ni təsdiq edib. Bu, bir daha göstərir ki, Azərbaycan sülhün tez əldə olunmasında maraqlıdır. Çünki bu prosesin belə uzanması, əlbəttə ki, istər regional, istər qlobal baxımdan heç də yaxşı hal deyil. Çünki bu həssas bir məqamda Ermənistanı Qərb dövlətləri ələ alıb, hər an yenidən sülhü pozacaq addımlar ata bilər. Sülh sazişin təsdiqlənməsi regionunun inkişafına töhə verəcək. Çünki məhz elə sülh razlaşmasından sonra iki ölkənin qarşılıqlı maraq doğuran digər məsələlər istiqamətində də fəaliyyətlərə başlamaq olar.
Azərbaycan dövləti və müttəfiqləri sülhün təmin edilməsi istiqamətində səy göstərir. Qeyd etdiyimiz kimi, Azərbaycan sülh gündəliyinə sadiqdir. Bu baxımdan Ermənistana Qərb dövlətləri müdaxilə etməsə sülh daha tez əldə olunar. Kazanda Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin keçirilən görüşü sülh prosesinin yeni mərhələsini başlada bilər. Amma Ermənistan hakimiyyətinin siyasi iradə nümayiş etdirməsi vacibdir. Ermənistanın daxili birliyi və siyasi iradəsi, sülh prosesinin uğuru üçün kritik əhəmiyyət kəsb edir.
Rüstəmova Aybəniz Vilayət qızı,
Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent