Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos” ABŞ-ın “SpaceX” şirkəti (Space Exploration Technologies Corporation) ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
AZƏRTAC xəbər verir ki, müqavilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, “Azərkosmos” və “SpaceX” şirkəti arasında keçirilən görüşdə imzalanıb.
Müqaviləyə əsasən, “Azərkosmos” və “SpaceX” şirkəti arasında şirkətin “Starlink” genişzolaqlı peyk internet xidmətinin Azərbaycanda təkrar satışı üzrə razılıq əldə olunub.
“Azərkosmos” tərəfindən ölkəmizdə artıq uğurla sınaqdan keçirilən “Starlink” peyk internet xidmətləri dənizdə, quruda, dəmir yollarında və digər nəqliyyat xətlərində, ucqar ərazilərdəki iş və məlumat mərkəzlərində, bir sözlə, kifayət qədər internet əhatəsi olmayan ərazilərdəki istifadəçilər tərəfindən istifadə oluna bilər.
“Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib ki, ölkəmizdə “SpaceX” şirkəti kimi qlobal səviyyəli texnologiya bələdçisi ilə birgə fəaliyyət göstərməkdən məmnunuq. “Starlink” internet xidmətlərinin tərəfdaşı olaraq ənənəvi və çox vaxt məhdud telekommunikasiya infrastrukturlarının yaratdığı maneələri aradan qaldırmaqla dənizdə və quruda qabaqcıl peyk texnologiyası xidmətlərimizi genişləndirəcəyik.
Görüşdə “SpaceX” şirkətinin prezidenti və baş əməliyyat direktoru Qven Şotvel qeyd edib ki, bu əməkdaşlıq Azərbaycan və “SpaceX” arasında kosmik sahənin davamlı inkişafı istiqamətində mühüm addımdır. Xanım Şotvel Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresini qlobal müstəvidə önəmli bir təşəbbüs kimi qiymətləndirib və “SpaceX” şirkətinin Bakı Konqresində iştirak edəcəyini bildirib.
Qeyd edək ki, “SpaceX” şirkəti “Starlink” peyk şəbəkəsi ilə Yer kürəsinin hər bir nöqtəsini peyk interneti ilə təmin etməyi hədəfləyir. Şirkət peyklərin orbitə buraxılmasına 2018-ci ildən başlayıb və indiyədək 4000-dən çox peyk orbitə buraxıb. ABŞ-da istehsal olunan bu kiçikölçülü peyklərin çəkisi 230-260 kiloqramdır və istismar müddətinin 7 il olması ehtimal olunur. “Starlink” peyk şəbəkəsinə məxsus peyklər aşağı orbit sayılan Yer səthindən 540-570 kilometr hündürlüyə qaldırılır.