İndiki müstəqil Azərbaycanın varlığı bilavasitə Ulu Öndər Heydər Əliyevin əməyinin bəhrəsidir. Ulu Öndər uzaqgörən siyasətçi və vətəninə hədsiz dərəcədə bağlı olan böyük azərbaycanlı kimi ölkənin gələcəyini sığortalamışdır. Bunu bir neçə amillə izah edə bilərik. Uzunmüddətli prespektivi olan işlər, bütün sahələrin diqqətdə saxlanılması və bir sıra digər amillərlə yanaşı gənclərlə işin səmərəli qurulması da bu sırada yer alır. Ümumilli Liderin yeniyetmə və gənclərə verdiyi xüsusi önəm onun ölkənin gələcəyinə verdiyi töhfələrdən biri olmaqla bu gün öz nəticəsini göstərməkdədir.
Ulu Öndər müstəqillik tariximizdə Ali Sovetin sədri kimi gənclərlə keçirilən ilk görüşlərin birində “Azərbaycanın genofondu gənclərdir. Biz onları hərtərəfli qorumalıyıq” – deyə qeyd etmişdi. O, bu tarixi sözü əməlləri ilə nümayiş etdirdi. O zaman gənclərin vətənpərvər ruhda yetişdirilməsi, milli kimliyinə, xalqına sadiqliyin aşılanması zaman keçdikcə özünü doğrultdu. Gənc nəsil ölkənin gələcəyi üçün çoxşaxəli fəaliyyət göstərməklə vətəndaşlıq borcunu yerinə yetirdi.
Ulu Öndər Heydər Əliyev 1999-cu ildə Azərbaycan Respublikası Gənclərinin II Forumunda çıxışında gənclərlə bağlı fikirlərini söyləyərək onlara növbəti tapşırığını belə qeyd etmişdi: “Əziz gənclər! Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifələr düşür. Bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır. Siz müstəqil Azərbaycanı XXI əsrdə yaşadanlarsınız, quranlarsınız, inkişaf etdirənlərsiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!”. Azərbaycan gəncliyi Ulu Öndərin bu tarixi sözlərini bir amal kimi öz üzərinə götürməklə vəzifəsini layiqincə yerinə yetirməyə çalışmış və bunu bacarmışdır. Ötən dövrə nəzər salsaq ölkəmizdə vətənpərvər, savadlı gəncliyin yetişdiyinin şahidi olarıq. Biz bunu kadr bazasının zənginləşməsi, sosial sahənin inkişafı və ən əsası 44 günlük Vətən müharibəsində göstərilən şücaətlə xarakterizə edə bilərik.
Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə gənclərlə bağlı əməli işlərin görüldüyü hər kəsə bəllidir. Bu işlər saysız-hesabsızdır və ölkənin inkişafına yönəlmiş dahiyanə siyasətin tərkibidir. Nümunə olaraq müstəqilliyimizin ilk illərində Gənclər və İdman Nazirliyinin yaradılması ilə gənclərlə işin dövlət səviyyəsində peşəkarlıqla aparılması, ölkə Prezidentinin gənclərlə görüşlərinin keçirilməsi, Gənclər forumunun və Gənclər gününün təsis edilməsi, gənclərin dövlət qurumlarında önə çəkilməsi, istedadlı və yaradıcı gənclərə hər cür şəraitin yaradılması və bir çox digər işləri qeyd edə bilirək. Gənclər sahəsində səmərəli işin qurulması Heydər Əliyev siyasi kursununun layiqli davamçısı, canab Prezident İlham Əliyev tərəfindən də uğurla həyata keçirilmiş və bunun nəticəsində böyük uğurlar əldə edilmişdir.
Böyük siyasətçinin dediyi kimi, tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Azərbaycan gəncliyi dahi Heydər Əliyev ideyalarını əsas prinsip olaraq qəbul edir və onun qurduğu strategiya ilə yaşayan müstəqilliyə görə ona olan ehtiramını hər zaman yaşadacaqdır. Azərbaycan gəncliyi Xalqımızın Ümummilli Liderinin görmək istədiyi kimi yetişib və bu bəşəri missiya davam edəcək.
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü
Şahin İsmayılov