Müasir dünyanın ən miqyaslı və mötəbər beynəlxalq tədbirlərindən olan COP29-un Bakıda keçirilməsi beynəlxalq birliyin ölkəmizə verdiyi önəm və Azərbaycanın bir dövlət olaraq siyasi nüfuzunun göstəricisidir. Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir. Demək olar ki, 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir. Bakıda noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammiti öz işinə başlayıb. Ümumiləşdirilmiş şəkildə ifadə etmək olar ki, COP29 tədbiri dünyanın yaşıl gündəliyinə mühüm töhfə, riyakar dairələrə isə böyük siyasi zərbə oldu.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə genişməzmunlu çıxış edib. Ölkə başçısı qeyd edib ki, Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır, eyni zamanda, mədəniyyətlərarası dialoqda fəal rol oynayır. Multikulturalizmin dövlət siyasətimiz və həyat tərzimiz olduğunu vurğulayan dövlət başçısı Azərbaycan xalqının etnik, dini mənsubiyyətindən asılı olmayaraq, digər millətlərlə hər zaman ahəngdar şəkildə, bir ailədəki kimi yaşadığını qeyd edib. COP29-da iştirak etmək üçün dünyanın bir sıra dövlətlərinin liderləri Bakıya gəliblər. Bu amilin son illər dövlətimizə və xalqımıza qarşı aparılan intensiv antitəbliğat və qarayaxma kampaniyası fonunda xüsusi önəmi var. Xüsusən Avropa İttifaqı müstəvisində və Avropa Parlamentində Vətən müharibəsindəki qələbəmizə qarşı gözügötürməzlikdən qidalanan qarayaxma reallığında qitənin bu siyasi institutlarını təmsil edən dövlətlərin rəhbərlərinin COP29-da iştirakı Azərbaycana qarşı yürüdülən qərəzin səmərə vermədiyinin göstəricisidir.
Prezident İlham Əliyev COP29-un açılış mərasimində çıxışı zamanı Azərbaycana qarşı ittihamlardan danışıb. Dövlət başçısı qeyd edib: “İki il əvvəl Azərbaycan və Avropa Komissiyası Strateji tərəfdaşlıq haqqında razılaşmaya imza atdılar. Lakin bu, bizim ideyamız deyildi. Bu, Avropa Komissiyasının təklifi idi. Avropa Komissiyasının Prezidenti iki il əvvəl Bakıya gəlib bu sənədi bizimlə imzaladı. Çünki onlara bizim qazımız lazım idi”. Prezident İlham Əliyev BMT-nin mötəbər tədbirində Azərbaycana qarşı köklənən qüvvələrə bir daha layiqli cavab verərək ölkəmizə qarşı belə oyunların mənasız olduğunu bir daha diqqətə çatdırdı. Bədxah qüvvələrin gözlədiyinin əksinə olaraq, dünya Bakıya toplandı, 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçı boykot tərəfdarlarını məyus etdi. Prezident COP29 tribunasından ölkəmizin iqtisadi qüdrətindən danışaraq bəyan etdi ki, beynəlxalq səviyyədə tanınmış ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bildik. Eyni zamanda, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerjinin inkişafı, Günəş və külək enerjisi layihələri ilə bağlı fəal işlər gedir.Bütövlükdə, yaşıl enerji istehsalı ölkəmizin enerji strategiyasının əsas istiqamətlərindən biridir. Azərbaycan Prezidenti məzmunlu çıxışında ölkələrə verilən meyarlara da toxundu. Dövlət başçısı nitqində Azərbaycanın bir çox iqtisadi parametrlərə görə yüksək nəticələrə malik olduğunu bildirərək xüsusi qeyd etdi ki, Tanrının bəxş etdiyi təbii sərvətlər meyar kimi götürülməməlidir. Təbii sərvətlərin insanlara lazım olduğunu vurğulayan cənab İlham Əliyev çıxışında bəyan etdi ki, COP29-un sədri kimi Azərbaycan yaşıl keçidin güclü carçısı olacaq.
Azərbaycanın təbii ehtiyatları, o cümlədən bərpa olunan enerji mənbələri (könüllü günəş enerjisi və külək enerjisi kimi), ölkənin ekoloji siyasətindəki inkişaf potensialını artırır. Həmçinin, Azərbaycanın qlobal ekoloji siyasətdəki rolunu daha da önə çıxarır. COP29-a ev sahibliyi etmək Azərbaycanın bu sahədəki fəallığını və beynəlxalq müstəvidəki nüfuzunu daha da möhkəmləndirəcək. Bu addım, Azərbaycanın qlobal ekoloji siyasətdəki önəmini vurğulamaqla yanaşı, regional əməkdaşlıq və davamlı inkişaf sahəsindəki liderlik rolunu da təsdiqləyir. Azərbaycanın coğrafi mövqeyi, ölkəni həm Avrasiyanın cənub-qərb bölgəsində, həm də Qara Dəniz və Xəzər regionları arasında bir körpü olaraq mühüm bir strateji mövqeyə sahib edir. Bundan əlavə, ölkəmiz COP29-a ev sahibliyi edərək, iqlim dəyişikliklərinə qarşı beynəlxalq səviyyədə davamlı həllərin tapılmasına və tətbiqinə kömək etmək məqsədini güdür. Bu, həm ölkənin daxili inkişafına, həm də regionda ekoloji sabitliyin təmin olunmasına müsbət təsir göstərəcəkdir.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri.