Məlumdur ki, Azərbaycan ilə Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətləri çox dərin və qədim tarixi köklərə malikdir. Bu gün, haqlı olaraq ölkələrimiz və xalqlarımız arasında olan münasibətlər dostluğun, qardaşlığın zirvə nöqtəsi kimi dəyərləndirilir. Azərbaycan ilə Türkiyə arasındakı əsl dostluq və qardaşlıq münasibətlərinin mahiyyəti xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ifadə etdiyi: -“Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün zamanında söylədiyi: – “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarında dəqiq ifadə olunub. Azərbaycanla Türkiyə arasında münasibətlərin hazırkı yüksək səviyyəsindən danışarkən bir məqamı xüsusilə diqqətə çatdırmaq lazımdır. Bu da ondan ibarətdir ki, hər iki ölkədə əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə həm, dövlətlər səviyyəsində güclü siyasi iradə göstərilir, eyni zamanda, cəmiyyətlər də buna böyük maraq nümayiş etdirirlər. 2020-ci il sentyabr ayının 27-dən noyabr ayının 10-dək Azərbaycanın böyük Zəfərlə yekunlaşdırdığı 44 günlük Vətən müharibəsi, işğaldan azad olunmuş ərazilərdə ölkəmizin postmüharibə mərhələsində start verdiyi bərpa işləri, tarixi “Şuşa Bəyannaməsi”nin imzalanması, həmçinin, Türkiyənin ayrı-ayrı bölgələrində baş verən yanğınların qarşısının alınması istiqamətində birgə fəaliyyət Azərbaycanla Türkiyənin bir-birinə necə möhkəm tellərlə bağlı olduqlarını bütün dünyaya bir daha göstərdi. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti, cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış “Şuşa Bəyannaməsi” ilə ölkələrimiz arasında münasibətlər ən yüksək zirvəyə yüksəlib. Sənəddə iki ölkənin bundan sonrakı müttəfiqliyinin və işbirliyinin mühüm istiqamətləri öz əksini tapıb. “Şuşa Bəyannaməsi”ndə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətin uzlaşdırılması, siyasi, hərbi iqtisadi-ticarət əlaqələri, həmçinin, mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi sahələr də əhatə olunub. Azərbaycan və Türkiyə tarix boyu həm, çətin, həm də, xoş günlərdə həmişə bir-birinin yanında olublar. İki ölkə, iki xalq xoş günlərin sevincini birgə bayram etdiyi kimi, ən çətin məqamlarda da bir-birinə arxa-dayaq durmağı bacarır. Qardaş ölkə artıq, tarixdə qalan Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi üç onillik ərzində həmişə Azərbaycana dəstək verirdi. Biz, Türkiyənin qətiyyətli dəstəyini 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. Müharibənin ilk günlərindən başda qardaş ölkənin Prezidenti, cənab Rəcəb Tayyib Ərdoğan olmaqla, əksər yüksək səviyyəli rəsmiləri Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən bəyanatlarla çıxış etdilər. Türkiyənin bu mənəvi-siyasi dəstəyi Azərbaycana daha da güc verdi. Nəticədə, Silahlı Qüvvələrimiz 44 günlük müharibədə şanlı Qələbə qazanaraq respublikamızın ərazi bütövlüyünü təmin etdi. Postmüharibə dövründə də, Azərbaycan-Türkiyə əlaqələri möhkəmlənməkdədir. Qardaş Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə start verdiyi genişmiqyaslı bərpa-quruculuq işlərində yaxından iştirak edir. Sevindirici haldır ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər bu iki dövlət arasında daima inkişaf edib və təbii ki, yenə də, edəcək. Bundan sonra da, Türkiyə ilə Azərbaycan iki qardaş ölkə kimi bir yerdə sıx əməkdaşlıq edərək, daim irəli gedəcək. Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün də məqsədyönlü düzgün şəkildə həyata keçirilir. Hazırda siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər formalaşıb. Ən əsası, Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün də mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına da güclü təsir göstərir. Azərbaycan və Türkiyə bundan sonra da, hər zaman bir-birinin yanında olacaq, bir-birinin uğurlarına sevinəcəklər. Şübhəsiz ki, Qarabağ münaşiqəsinin həll olunmasında qardaş ölkə olan Türkiyənin rolu danılmazdır. Türkiyə Prezidenti olan Rəcəb Tayib Ərdoğanın çıxışları və bizə dəstəyi unudulmazdır. Hal-hazırda azad olunmuş torpaqların təmir bərpa işlərində qardaş Türkiyənin rolu yüksəkdir. Azad olunmuş torpaqlarda Türkiyə şirkətləri yorulmadan çalışır və onların səyi nəticəsində bu bölgələrdə yollar salınır, dəmir yolları çəkilir, tuneller tikilir, infrastruktur layihələr gerçəkləşir. Əminliklə deyə bilərik ki, gələcək illərdə də, Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətləri davamlı olacaq, yüksələn xətlə inkişaf edəcək və nəticədə, müqəddəs bayraqlarımız daim zirvələrdə dalğalanacaqdır..
Sabit Mehdiyev,
YAP Beyləqan rayon təşkilatının məsləhətçisi