Məlum olduğu kimi, müstəqillikdən sonra, yeni cəmiyyət, eləcə də, qeyri-formal milli dövlət quruculuğu prosesinin fonunda ölkəmizin qarşısında duran növbəti vəzifə milli həmrəylik və bütövlüyü təmin edəcək fundamental mənəvi faktor olan milli ideologiyanın müəyyən edilməsi, ondan milli siyasətin tərkib hissəsi kimi səmərəli istifadə mexanizminin həyata keçirilməsi idi. Milli həmrəylik və bütövlük yarada biləcək ideologiya isə, yalnız 1993-cü ildəki siyasi dönümdən sonra müəyyənləşdirildi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə, milli həmrəyliyi təmin edən milli-mənəvi mexanizm oldu. Azərbaycançılıq, təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrildi. Bundan sonra, görülən davamlı tədbirlər sayəsində xalqın, milli dövlətimizin məfkurəsinə çevrilən azərbaycançılıq ideologiyası mənəvi-ideoloji müstəvidə milli inkişafın praktik modelinə çevrildi. Beləliklə, azərbaycançılıq real tarixi keçmişimizlə, milli mentalitetimizlə və mövcud dəyərlərlə sıx bağlı olduğundan qısa zaman kəsiyində cəmiyyət tərəfindən qəbul olundu. Digər tərəfdən, bu ideologiya siyasi mənsubiyyətindən və dini əqidəsindən asılı olmayaraq bütün etnik qrupların, milli azlıqların hüquqlarını paritet əsasda təsbit etdiyindən milli həmrəylik mənbəyinə çevrildi. Başqa sözlə, ictimai şüurun spesifik səviyyəsi kimi müstəqil Azərbaycan dövlətinin ideya əsasına, həmçinin, dünya azərbaycanlılarını birləşdirən milli məfkurəyə çevrilən azərbaycançılıq ideologiyası ölkədəki bütün konfessiya və etnosların həmrəylik, qarşılıqlı anlaşma mühitində yaşamasını təmin edən mənəvi mexanizm səciyyəsi daşıdı. Azərbaycançılıq ideologiyasına mənəvi sərvət kimi yanaşan Ümummilli Lider Heydər Əliyev deyirdi: – “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı-Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq… Azərbaycanlılar harada yaşamalarından asılı olmayaraq daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olmalıdırlar. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövləti müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi, həm Azərbaycanda, həm də, bütün dünyada yaşayan bütün azərbaycanlılar üçün əsas ideya olub. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.
Universal ideoloji formula olan azərbaycançılıq ideologiyasının önəmi və funksionallıq nöqteyi-nəzərindən səmərəlilik səviyyəsini daha da aydınlaşdırmaq üçün onunla analoji dəyərlərə, prinsiplərə malik olan ideoloji cərəyanlara nəzər yetirmək məqsədəmüvafiqdir. Elmi ədəbiyyatda ideologiya sosial qrupların və ya bütün cəmiyyətin mənafelərini müdafiə və ifadə edən, sosial reallığı bu mənafelər prizmasından izah edən, eləcə də, əməli fəaliyyət direktivləri, orientasiyaları olan nəzəriyyələr, ideyalar, məlumatlar sistemi kimi müəyyənləşdirilir. Milli ideologiya öz funksiyalarına görə, milli həmrəylik və bütövlüyü təmin edən, mənəvi müstəvidə ahəngdarlığın davamlılığına xidmət edən ümummilli baxışlar sistemi səciyyəsi daşıyır. Bunu isbat etmək üçün ideologiyaların nəzəri-empirik surətdə təsbit edilmiş funksiyalarına nəzər yetirmək kifayətdir. Siyasi ideologiyaların ilk funksiyası yönləndirmədir. Bu funksiya müxtəlif sahələrdə, bütövlükdə cəmiyyətdə insan fəaliyyətinin mənəvi əsaslarını və istiqamətlərini müəyyənləşdirir. Yönləndirmə funksiyası müəyyən resurslarla təmin olunmuş subyektlərin fəaliyyət və baxışlar orientasiyasını müəyyən edən fundamental mənəvi faktor qismində çıxış edir. Növbəti-səfərbəredici funksiya isə siyasi fəaliyyətin ideoloji motivi və stimulu qismində çıxış edir. Məhz bu funksiyanın fonunda müəyyən edilmiş siyasi-ideoloji məqsədlərin təmin edilməsi naminə resurslar və subyektlər vahid mərkəzdə cəmləşdirilir və məqsədlərə yönəlik fəaliyyətə səfərbər edilir. İnteqrativ funksiya isə ümumi maraqlar, baxışlar sistemini üstün tutur və fərdlərin fəaliyyətini ümumi maraqlar kontekstində stimullaşdırır. Birləşdirici səciyyə daşıyan bu funksiya müxtəlif qrupları, fərdləri bir mərkəzdə birləşdirə bilir və milli həmrəyliyin təmin olunması işinə birinci dərəcəli töhfələr bəxş edir. Deməli, ideologiya səfərbəredici, maarifləndirici, tərbiyəedici, inteqrativ, kommunikativ səciyyə daşıyır və mənəvi substrat qismində çıxış edir.
Bunlarla yanaşı, fəaliyyətin mənəvi substratı qismində çıxış edən ideologiya gerçəkliyin xüsusi obrazının yaradılması, ictimai şüurun yönləndirilməsi, ümumi ideya və çağırışlar əsasında insanların birləşdirilməsi, siyasi inkişafın istiqamətləri, aparıcı qüvvələrinin müəyyənləşdirilməsi kimi strateji funksiyaları da yerinə yetirir. Beləliklə, ən müxtəlif nəzəri-konseptual mənbələrdə və tətbiqi araşdırmalarda belə bir yekun qənaət ifadə edilir ki, universal səciyyəli, milli dəyərlərin, rasional ənənələrin ehtiva olunduğu, adekvat surətdə əks edildiyi ideologiya milli gücün keyfiyyət ünsürü kimi dəyərləndirilməlidir. Başqa sözlə, bir milləti və ya xalqı digərindən fərqləndirən, onun mənəvi potensialını ehtiva edən, həmçinin, milli mövcudluğun mənəvi əsasını təşkil edən milli ideologiya ümummilli inkişafı təmin edən keyfiyyət ünsürü kimi səciyyələndirilir. Özündə ehtiva etdiyi ümumi prinsiplərə, dəyərlərə müvafiq olaraq monoist yox, universal səciyyəli milli ideologiya normativ-semantik strukturuna görə fərdi və ictimai şüurun struktur elementlərini təkmilləşdirən, onun bütövlüyünü təmin edən mənəvi mexanizm qismində çıxış etməklə yanaşı, ümummilli inkişafın da təkanverici keyfiyyət ünsürü, fundamental faktoru önəmi daşıyır. Bu, bir faktdır ki, universal səciyyə daşıyan, özündə mütərəqqi dəyərləri ehtiva edən milli ideologiyalar onun daşıyıcıları və tərəfdarlarını bir mərkəzdə birləşdirməklə yanaşı, ümummilli həmrəyliyi-bütövlüyü təmin edən, ictimai şüuru milli inkişaf mənbəyinə çevirən komponent kimi çıxış edir. Bu baxımdan, bir millətin və ya xalqın mənəvi potensialı əsasında təşəkkül tapmış milli ideologiya qeyri-formal komponent kimi milli dövlətin sistematik inkişafını, bütövlüyünü təmin etməklə yanaşı, perspektiv birlik və fəaliyyət konturlarını müəyyənləşdirən amil kimi səciyyələndirilir. Milli ideoloji sistem, həm də, milli inkişafın təminatçısı qismində çıxış edir, çünki milli ənənələrlə müasir mənəvi potensialı uzlaşdıran, rasional prinsipləri özündə ehtiva edən milli ideologiya fərdi və ictimai şüurun bütövlüyünü təmin etməklə yanaşı, insanların sağlam ideoloji oriyentirlərini müəyyənləşdirən, mənəvi şüurda rasional korreksiyalar edən inkişaf mənbəyi kimi səciyyələndirilir. Eyni zamanda, səfərbəredici, inteqrasiyaetdirici, maarifləndirici, tərbiyəedici, təbliğati funksiyaları özündə ehtiva edən ideologiya ümumi ideya-siyasi çağırışlar əsasında ümummilli birliyi-bütövlüyü, həmrəyliyi təmin etməklə yanaşı, ictimai şüura yeni-mütərəqqi dəyərlərin transformasiya olunması, ictimai-siyasi şüurun sağlam komponentlər əsasında formalaşması və dəyərlər sisteminin zənginləşməsi baxımından xüsusi önəm kəsb edir. Bu isə, nəticə etibarilə insanların ictimai-siyasi təfəkkürünü gücləndirməklə ümummilli inkişafın mənəvi substratını təşkil etmiş olur. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda təsbit etmək olur ki, universal ideoloji formula olmaq etibarilə azərbaycançılıq ideologiyası zamanın tələblərinə müvafiq olaraq dünya azərbaycanlılarını birləşdirən milli məfkurə, müstəqil Azərbaycan dövlətinin ideya əsası kimi çıxış etməkdədir. Bu, eyni zamanda, ölkədəki bütün dinlərin nümayəndələrinin, etnosların həmrəylik və qarşılıqlı anlaşma içində yaşayışını təmin edən mənəvi mexanizm önəmi kəsb edir. Bununla əlaqədar Ulu Öndər Heydər Əliyev bildirirdi ki, azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Eyni zamanda, ölkə Prezidenti, cənab İlham Əliyevin dilimizin mühafizəsinə, həmçinin, onun inkişafına göstərdiyi yüksək səviyyəli diqqət və qayğı bu sahədə əldə edilən nailiyyətlərin davamlılığını təmin edən fundamental faktor, mexanizm oldu. Ölkə Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli siyasətin mühüm strateji istiqaməti kimi Azərbaycan dilinin mühafizəsi və təbliği yönündə reallaşdırılan fundamental tədbirlər milli ideologiyanın-azərbaycançılığın daha da möhkəmlənməsini, kütləvilik səviyyəsinin daha da artmasını şərtləndirdi. Bunlarla yanaşı, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin imzaladığı Fərman və Sərəncamlar milli dilimizin mühafizəsi, eləcə də, onun inkişafı yönündə mühüm hüquqi substrat olmaqla yanaşı, milli identikliyi də gücləndirən əhəmiyyətli mexanizm oldu. Bütün bunlar onu deməyə əsas verir ki, milli inkişafın mənəvi-ideoloji əsaslarının təmin olunması, milli həmrəylik və bütövlüyə nail olunması baxımından neokonservativ səciyyə daşıyan azərbaycançılıq ideologiyasının seçimi ən məqbul variant idi. Şübhəsiz ki, ötən dövrlərdə ideoloji müstəvidə əldə edilən uğurlar bu qənaətə gəlməyə əsas verir.
Yuxarıda qeyd edilən fikirləri, Ulu Öndər Heydər Əliyevin bu kəlamı ilə tamamlamaq yerinə düşərdi: “Azərbaycançılıq – öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir.”
Sabit Mehdiyev,
YAP Beyləqan rayon təşkilatının məsləhətçisi