Azərbaycanın müstəqil dövlət kimi ardıcıl nailiyyətlər qazanmasında milli həmrəylik, dövlətçilik ənənələrinə sədaqət və milli-mənəvi dəyərlərə bağlılıq mühüm rol oynayır. Ölkəmiz milli maraqlara əsaslanan müstəqil siyasəti, beynəlxalq nüfuzu, tolerantlıq və multikulturalizm ənənələri ilə seçilir. Bu modelin başlıca xüsusiyyəti milli kimliyin qorunması ilə dünyəvi dövlətçilik prinsiplərinin uzlaşdırılması, hər bir vətəndaşın hüquq və azadlıqlarına hörmət edilməsidir. Azərbaycanın dövlətçilik təcrübəsi təsdiqləyir ki, milli-mənəvi dəyərlərə bağlılıq, dini müxtəlifliyə ehtiram və qanunun aliliyi bir-birini tamamlayan prinsiplərdir.
Müasir dövrdə ideoloji təhlükəsizlik məsələsi xüsusi aktuallıq kəsb edir. İnformasiya texnologiyalarının geniş imkanları, sosial şəbəkələrdə yayılan yanlış məlumatlar, dini amildən siyasi məqsədlərlə istifadə cəhdləri cəmiyyətin dünyagörüşünə təsir göstərmək üçün müxtəlif vasitələr yaradır. Belə şəraitdə milli maraqların qorunması yalnız dövlət sərhədlərinin və fiziki təhlükəsizliyin təmin olunması ilə məhdudlaşmır. Vətəndaşların informasiya savadlılığının artırılması, gənc nəslin zərərli təbliğatdan qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi də mühüm vəzifələrdəndir.
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı proqram xarakterli nitqində ideoloji təhlükəsizliyə xüsusi diqqət yetirməsi bu məsələnin dövlətçilik baxımından əhəmiyyətini nümayiş etdirir. Savadlı, müstəqil düşüncəli, milli tarixini və dəyərlərini dərindən bilən gənclər məlumatları daha düzgün qiymətləndirə, manipulyativ çağırışları ayırd edə bilirlər. Bu baxımdan ailənin, məktəbin və cəmiyyətin birgə fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.
Məktəb yalnız bilik əldə edilən məkan deyil, həm də uşaqların dünyagörüşünün, davranış mədəniyyətinin və vətəndaşlıq mövqeyinin formalaşdığı sosial mühitdir. Burada şagirdlər birgə yaşamağı, qarşılıqlı hörməti, məsuliyyəti və ümumi qaydalara riayət etməyi öyrənirlər. Dövlət ümumi təhsil müəssisələrində vahid məktəbli geyiminin tətbiqi də bu mühitin formalaşmasına xidmət edir. Vahid forma kollektivə aidlik hissini gücləndirir.
Təhsilverənlər üçün işgüzar geyim tələblərinin müəyyənləşdirilməsi isə məktəbdə peşəkar münasibətlərin və müəllim nüfuzunun qorunması ilə bağlıdır. Müəllimin səliqəli, sadə və işgüzar görünüşü təhsil müəssisəsinin ümumi mədəniyyətini əks etdirir. Bu yanaşma geyimə formal tələb kimi deyil, məktəbdə nizam-intizamın, peşə etikasının və qarşılıqlı hörmətin təmin olunmasının bir elementi kimi baxılmasını nəzərdə tutur.
Şagird və müəllimlərin geyimi ilə bağlı tələblər qanunvericilik əsasında tənzimlənir. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda millilik və dünyəvilik ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri sırasında yer alır. Nazirlər Kabinetinin 2026-cı il 21 sentyabr tarixli qərarı ilə təhsilalanların geyim formalarına dair tələblərə dəyişiklik edilib, oktyabrın 6-da qəbul edilmiş qərarla isə təhsilverənlərin geyiminə dair tələblər təsdiqlənib. Bu normalar təhsil müəssisələrində vahid yanaşmanın təmin olunmasına və ümumi qaydalara riayət edilməsinə yönəlib.
Azərbaycanın dini dəyərlərə münasibəti ölkədə həyata keçirilən bərpa və quruculuq işlərində də aydın görünür. Məscidlərin təmiri, tarixi ibadət ocaqlarının bərpası, yeni məscidlərin inşası, dini-mədəni irsin qorunması milli-mənəvi dəyərlərə göstərilən diqqətin ifadəsidir. İşğaldan azad edilmiş ərazilərdə məscidlərin bərpası isə xalqımızın tarixi yaddaşının və dini irsinin qorunması baxımından xüsusi məna daşıyır. Bütün bunlar göstərir ki, dünyəvilik dini dəyərlərin inkarı deyil, dövlət və cəmiyyət həyatının qanunlar əsasında təşkil olunması, hər kəsin hüquqlarına hörmət edilməsi prinsipidir.
Digər tərəfdən, dini amildən siyasi məqsədlərlə istifadə edilməsi, müxtəlif dini baxışlar arasında qarşıdurma yaradılması və uşaqların ideoloji təsirlərə məruz qalması cəmiyyət üçün arzuolunmaz hallardır. Belə cəhdlərə qarşı ən təsirli vasitə hüquqi maarifləndirmə, obyektiv məlumatlandırma və sağlam ictimai düşüncənin formalaşdırılmasıdır. Dini etiqad azadlığına hörmətlə yanaşmaqla yanaşı, uşaqların hüquqlarının, təhsil maraqlarının və sərbəst inkişaf imkanlarının qorunması da daim diqqətdə saxlanılmalıdır.
Nəticə etibarilə, Azərbaycanın ideoloji təhlükəsizliyi milli-mənəvi dəyərlərin yaşadılması, keyfiyyətli təhsil, hüquqi düşüncə və ictimai həmrəyliyin möhkəmləndirilməsi ilə sıx bağlıdır. Gənc nəslin savadlı, vətənpərvər, müstəqil düşüncəli və qanunlara hörmət edən vətəndaşlar kimi yetişməsi bu istiqamətdə əsas prioritetlərdəndir. Milli birlik, dini və mədəni müxtəlifliyə hörmət, dünyəvi dövlətçilik prinsiplərinə sədaqət bir-birini tamamlayan dəyərlərdir. Bu dəyərlərin qorunması cəmiyyətin sağlam inkişafına, ölkənin ideoloji dayanıqlığına və dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə xidmət edir.
Niyaməddin Əsgərov,
YAP Beyləqan rayon təşkilatının sədr müavini










