Məlumdur ki, Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi vardır. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən amillər sırasında yer alır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edəndən sonra, 1991-ci il noyabr ayının 9-da onu tanıyan ilk dövlət, məhz Türkiyə oldu. 1992-ci il yanvar ayının 14-də Azərbaycan-Türkiyə diplomatik əlaqələri yaradıldı. Həmin vaxtdan Türkiyənin Azərbaycanda, 1992-ci ilin avqust ayından isə, Azərbaycanın Türkiyədə diplomatik missiyası fəaliyyətə başladı. Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında və ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən Heydər Əliyev, 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra, bu istiqamətdə kursun yüksələn xətt üzrə inkişafını təmin etdi. Ümummilli Lider Heydər Əliyevin Yeni Əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi: “1993-cü ilin yayından başlayaraq, Türkiyəyə münasibətdə də xarici siyasət kursunda ciddi dəyişikliklər edildi və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir mərhələ başlandı. Bu gün, Türkiyə Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabər hüquqlu iqtisadi tərəf-müqabilidir. İki qardaş dövlətin başçılarının qarşılıqlı rəsmi səfərləri zamanı hərtərəfli əməkdaşlığımızı əhatə edən bir sıra mühüm sənədlər imzalanmışdır. Azərbaycan-Türkiyə münasibətləri iki qardaş xalqın mənafelərinə xidmət etməklə yanaşı, dünyada, eləcə də, bölgədə sülhün və əmin-amanlığın bərqərar olması işinə də öz töhfəsini verir.” Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olaraq Türkiyəyə üç rəsmi, iki qeyri-rəsmi, on beş işgüzar səfər etməsi Ümummilli Liderin xarici siyasət konsepsiyasında Türkiyəyə verdiyi əhəmiyyətin və ölkələr arasındakı strateji birliyin çox fərqli olduğunun göstəricisidir. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də, regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də, məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Ölkə Prezidenti, cənab İlham Əliyev bununla bağlı bildirmişdir: “Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk”.
Sirr deyil ki, Azərbaycan və Türkiyə arasında təhsil sahəsində də əlaqələr genişlənməkdədir. Belə ki, müxtəlif vaxtlarda mühüm layihələr həyata keçirilmiş və bu proses davam etməkdədir. Bunlardan biri də, Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması layihəsidir. Uzun müddətdir yaradılması gözlənilən birgə universitet layihəsi, nəhayət ki, reallaşır. Sözsüz ki, Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması ciddi əmək tələb edir. Ən önəmlisi isə, Azərbaycan Türkiyənin ən tanınmış ali məktəbləri ilə əməkdaşlıq edəcək. Təbii ki, yaradılacaq birgə universitet iki ölkənin təhsil sahəsinə hansı yeniliklər gətirəcək, hər iki ölkənin təhsil sahəsindəki əlaqələrini yüksək səviyyəyə qaldıracaq. İlk başlarda birgə universitet iki – mühəndislik və tibb ixtisaları üzrə fəaliyyət göstərəcək. Daha sonra, digər ixtisaslar açılacaq. Birgə universitetin yaradılmasında məqsəd iki qardaş ölkənin mühəndislik və tibb üzrə biliklərini birləşdirməkdir. Universitetin ilk dəfə paytaxt Bakı şəhərində, daha sonra isə, Gəncə və Şuşa şəhərlərində açılması planlaşdırılır. Türkiyədəki Yükseköğretim kurulu (YÖK) Azərbaycanda açılacaq birgə universitetlə bağlı yüksək səviyyədə hazırlıqlar aparıb. Azərbaycan-Türkiyə təhsil əlaqələri hər il yüksələn xətt üzrə atır. Azərbaycan hələ, sovet dönəmi zamanından Türkiyə ilə ali təhsil sahəsində əlaqələr yaratmağa başlayıb, lakin bu əlaqələr mövcud dövrün siyasi tələblərinə uyğun aparılıb və müstəqil olmayıb. Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün sonrakı illərdə də siyasi və hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində xeyli tədbirlər həyata keçirilib. Bir məqamı qeyd edim ki, Türkiyənin Qazaxıstan və digər bir neçə ölkə ilə birgə universiteti fəaliyyət göstərir. Bütün sahələrdə Azərbaycanla qardaşlıq münasibətində olan dost ölkənin Azərbaycanla da ortaq ali təhsuil müəssisəsi yaradılması çox mühüm hadisədir. Qeyd edim ki, hazırda Türkiyədə minlərlə azərbaycanlı gənc ali təhsil alır. Digər tərəfdən isə, Türkiyə universitetlərinin əksəriyyəti dünya reytinqində ön yerlərdədir və məzunları müasir standartlara, əmək bazarının tələblərinə tam şəkildə uyğun gəlir. Ona görə də, onların təcrübəsindən yararlanmağa böyük ehtiyac var. Mövcud qanunvericiliyə görə, Azərbaycan və Türkiyə birgə universitet yarada bilər. Belə bir ali məktəbin yaradılması üçün iki ölkə arasında təhsil müqavilələri olmalıdır ki, Azərbaycan və Türkiyə arasında da kifayət qədər çox istiqamətli müqavilələr var. Azərbaycanın birgə universitet təsis etmək təcrübəsinin olduğunu xüsusi ilə qeyd etmək istəyirəm. Belə ki, hazırda Azərbaycan və Fransa birgə universiteti – UFAZ yaradılıb və fəaliyyət göstərir. Türkiyə və Azərbaycanda təhsil sahəsində islahatlar həyata keçirilir. Xarici ölkə universitetlərinin olması ölkədə ali təhsil müəssisələri arasında rəqabət mühitini də formalaşdıra bilər. Eyni zamanda xarici ölkə təcrübəsinin ölkəmizə gəlməsinə şərait yaradacaq. Türkiyə universitetlərinin, özəl məktəblərinin əksəriyyəti dünya reytinqində ön yerlərdədir. Məzunları müasir standartlara, əmək bazarının tələblərinə tam şəkildə uyğun gəlir. Ona görə də, onların təcrübəsindən yararlanmağa böyük ehtiyac var və bu istiqamətdə görülən işlərdə keyfiyyət əsas meyar olmalıdır. Digər tərəfdən, bunun üçün böyük vəsaitlər lazımdır, lakin işğaldan azad edilmiş ərazilərin bərpası üçün Türkiyə nümunəsində universitet kampusları da olacaq. Türkiyənin 210-a yaxın universiteti var və demək olar ki, onların hər birinin kampusu var. Türkiyə universitetləri bizdəki kimi, yalnız binadan ibarət deyil. Türkiyə universitetlərinin laboratoriyaları, yataqxanaları, təhsil alan tələbələrin yaşaması üçün bütün şərait var. Türkiyənin birbaşa, yaxından iştirakı ilə yaradılacaq universitetlər Azərbaycan təhsil sisteminin dünyaya inteqrasiyasına gətirib çıxaracaq. Azərbaycanın ali təhsil sistemi dünyada ciddi qəbul ediləcək. Hesab edirəm ki, biz bundan sonra, rəqəmsal, eyni zamanda “ağıllı universitet” layihələrinə keçməliyik, hansı ki, bu artıq, Türkiyədə var. Eyni zamanda, biz işğladan azad edilmiş ərazilərdə daha çox tədqiqat universitetlərini yaratmalıyıq. Düşünürəm ki, işğaldan azad edilmiş tarixi torpaqlarımızda universitet yaratmaq xatirinə universitet açmamalıyıq. Keyfiyyət əsas meyar olmalıdır. Bu nöqteyi-nəzərdən Türkiyənin yaxından iştirakı ilə yaradılacaq universitetlər daha çox gələcəyin ixtisaslı kadrların yetişdirilməsinə kömək olacaqdır. Eyni zamanda buraya xarici tələbələrin cəlb edilməsi üçün də imkanlar yaradılmalıdır. Ümumiyyətlə, Türkiyə-Azərbaycan iş birliyinə böyük ümidlərim var. İnanıram ki, istər Azərbaycan ali təhsil sisteminin təkmilləşdirilməsində, istərsə də, maddi-texniki bazasının təkmilləşdirilməsində Türkiyə nümunəsində Azərbaycan universitetləri dünya reytinqində irəliləyə biləcəklər…
Sabit Mehdiyev
YAP Berləqan rayon təşkilatının məsləhətçisi