Sirr deyil ki, Yeni Azərbaycan Partiyasının yaradılması 1990-cı illərin əvvəlində mövcud olan gərgin ictimai-siyasi şəraitdən qaynaqlanır. Həmin dövrdə baş verən məlum hadisələr, ölkəni ciddi böhran vəziyyətinə gətirib çıxarmışdı. O vaxtkı hakimiyyətin yarıtmaz fəaliyyəti, ölkədəki vəziyyəti daha da çətinləşdirirdi. Belə bir məqamda, şübhəsiz ki, bütün diqqət Ulu Öndər Heydər Əliyevə yönəlmişdi. Milli dövlətçilik mənafelərinə xidmət edən iqtidarın yoxluğu, hakimiyyətin bir qrup savadsız, səriştəsiz, bəzən isə, xəyanətkar şəxslərin əlinə keçməsi ölkədə idarəolunmaz bir vəziyyətin yaranmasına, daxili qarşıdurmaların geniş vüsət almasına gətirib çıxarmışdı. Belə bir zamanda ölkənin taleyinə biganə olmayan ziyalılar, sadə insanlar Naxçıvana üz tutaraq Heydər Əliyevlə görüşlər keçirir, xalqı üzləşdiyi fəlakətlərdən, çətinliklərdən çıxarması üçün ondan kömək istəyirdilər. Ağır vəziyyətə dözməyən insanlar qondarma yaş senzinin ləğvi üçün respublikanın müxtəlif bölgələrində mitinqlər təşkil edir, dahi dövlət xadiminin yenidən böyük siyasətə qayıdışını tələb edirdilər. Nəhayət, respublikanın mütərəqqi fikirli ziyalıları 1992-ci ilin iyun ayında yeni siyasi mübarizə yolu seçərək Ümummilli Liderin rəhbərliyi ilə yeni Partiya yaratmaq qərarına gəldilər. Həmin ziyalılar oktyabr ayında Yeni Azərbaycan Partiyasının yaradılması xahişi ilə Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. Müraciəti imzalayanlar yaxşı bilirdilər ki, yeni müstəqillik qazanmış ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət, məhz Heydər Əliyevdir. Azərbaycan xalqının istəyinə heç zaman biganə qalmayan, özünün qurub-yaratdığı respublikanın dağılmasına dözməyən Heydər Əliyev Vətənin dar günündə xalqın səsinə səs verdi. Beləliklə, 1992-ci il noyabr ayının 21-də müstəqil Azərbaycanın çağdaş dövlətçilik tarixində yeni səhifə açan əlamətdar hadisə baş verdi. Naxçıvanda 550-yə yaxın nümayəndənin iştirakı ilə Partiyanın təsis qurultayı keçirildi, Ulu Öndər yekdilliklə təşkilata sədr seçildi. Müstəqilliyə yenicə qovuşmuş Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçən bu Partiyanın qısa müddətdə cəmiyyətdə həlledici çoxluq tərəfindən ölkəni idarə etməyə qadir alternativsiz qüvvə kimi qəbul olunması da, məhz Ulu Öndər Heydər Əliyevin fenomenal liderlik, idarəçilik keyfiyyətləri ilə şərtlənirdi. Ümummilli Liderin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı. Müstəqilliyin ilk illərində baş vermiş iqtisadi tənəzzülün, vətəndaş müharibəsinin, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin qarşısının alınması, dövlətçilik ənənələrinin və sabitliyin bərpası məqsədilə Heydər Əliyevin atdığı qətiyyətli addımlar qısa müddət ərzində hər bir vətəndaşın həyatında hiss olunmağa başladı.
Sevindirici haldır ki, tarix xalqın Ümummilli Liderə və onun yaratdığı Partiyaya etimadını təsdiq etdi. Qısa zamanda ölkədə siyasi sabitlik təmin edildi, atəşkəsə nail olundu, insanların sosial rifahının yüksəlməsi istiqamətində mühüm addımlar atıldı. Partiya yarandıqdan az sonra iqtidara gəldi və bugünkü möhtəşəm uğurlarımız üçün münbit şərait yarandı. Hal-hazırda Azərbaycan dünyada öz yeri, nüfuzu olan dövlət kimi tanınır və dünyada ən sabit, təhlükəsiz ölkələrdəndir. 1990-cı illərin əvvəlində dağılmaq təhlükəsi ilə üz-üzə olan Azərbaycan indi dünyanın ən uğurlu gənc dövlətlərindən biri kimi qəbul olunur. Bu illər ərzində Yeni Azərbaycan Partiyası Azərbaycan xalqına ləyaqətlə, şərəflə xidmət edib. İqtidarda olduğu müddətdə Yeni Azərbaycan Partiyasının və onun liderinin ölkəmizə rəhbərlik etməsi, Azərbaycan tarixinin ən parlaq səhifələrini təşkil edib, eləcə də, Azərbaycan dövlətinin qarşısında duran bütün əzəmətli vəzifələri yerinə yetirib. Ölkəmiz simasını kökündən dəyişib, Azərbaycan dünyada, o cümlədən regionda mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib, beynəlxalq miqyasda nüfuzu artıb. Artıq, dünyada Azərbaycan hörmətlə adı çəkilən ölkələr sırasındadır. Bu isə, öz növbəsində Ulu Öndər Heydər Əliyevin ideyalarına olan inamdan irəli gəlir. Bu nailiyyətlərin əldə edilməsi bilavasitə Partiya liderinin müəyyənləşdirdiyi siyasətin nəticəsidir. Heydər Əliyev siyasətinin, ideyalarının Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi, məhz Partiyanın sonrakı inkişafını şərtləndirən əsas amil olub. Yeni Azərbaycan Partiyasının əldə etdiyi qələbələr ölkə Prezidenti, cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətlə, həmçinin, bu siyasətə vətəndaşlarımızın yüksək münasibət göstərməsi ilə bilavasitə əlaqədardır. Faktiki olaraq, Yeni Azərbaycan Partiyası Azərbaycanın ən güclü və əzəmətli siyasi təşkilatı kimi özünü təsdiq edib. YAP sıralarında bu qədər insanın birləşməsi və onun siyasətində yaxından iştirak etməsi vətəndaşlarımızın mütləq əksəriyyətinin Heydər Əliyev ideyalarına dərin inamı, eyni zamanda, ölkə Prezidenti, cənab İlham Əliyevin siyasətinə inamın ifadəsidir.
Bu gün, ölkə əhalisi öz Prezidentinin həyata keçirdiyi siyasəti dəstəkləyir. Təbii ki, YAP bundan sonra da uzun illər Azərbaycan xalqına xidmət edəcəkdir. Azərbaycan vətəndaşları ötən illərin təcrübəsi əsasında qəti əmin olublar ki, YAP-ın mövcudluğu, onun liderinin Azərbaycana rəhbərlik etməsi əmin-amanlıq, sabitlik, inkişaf, tərəqqi, insanların rifahının yüksəlməsi, milli maraqların qorunması, ölkəmizin beynəlxalq müstəvidə nüfuzunun artması, müasirləşməsi, yeniləşməsi deməkdir. YAP-ın tarixi keçmişi nə qədər əzəmətli və möhtəşəmdirsə, gələcəyinin daha da parlaq olacağı əminlik, inam yaradır. YAP-ın sıralarında birləşən əzəmətli siyasi güc,məhz bu əminliyi, inamı reallığa çevirəcəkdir…
Sabit Mehdiyev,
YAP Beyləqan rayon təşkilatının məsləhətçisi