11 iyunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə Yekaterinburq şəhərinin Oktyabrski rayonunun Sərgi Mərkəzində həmyerlimiz, Ural Dövlət Memarlıq və İncəsənət Akademiyasının Rəssamlıq kafedrasının professoru Mirzə Əvəz oğlu Məmmədovun rəsm sərgisinin açılış mərasimi keçirilib.
Sərginin açılış mərasimində dövlət və hökumət nümayəndələri ilə yanaşı, elm xadimləri, diplomatik korpusun rəhbərləri, Sverdlovsk vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələri və bu şəhərdə təhsil alan soydaşlarımız iştirak ediblər.
Açılış mərasimində çıxış edən baş konsul v.i.e Şöhrət Mustafayev, Yekaterinburq şəhərinin merinin müavini xanım Marina Sergeyevna Fadayeva, RF XİN-nin Yekaterinburq şəhərindəki nümayəndəliyinin rəhbəri Aleksandr Vladimiroviç Xarlov, Beynəlxalq Xarici İqtisadi Əlaqələr nazirinin müavini Lyudmila Nikolaevna Berq, Oktyabrski rayonunun icra başçısı İqor Vitaliyeviç Kostenko və “Azərbaycan-Ural” İctimai Milli Mədəniyyət Təşkilatının sədri Şahin Şıxlinski Baş Konsulluq tərəfindən təşkil olunan azərbaycanlı rəssamın sərgisində bir araya gəlməkdən məmnunluqlarını ifadə ediblər və bu sərginin yalnız bir rəssamın yaradıcılığını deyil, həm də iki xalq arasında mədəni körpünün, sənətin birləşdirici gücünün, insan ruhuna toxunan universal dəyərlərin nümunələrindən biri olduğunu qeyd ediblər. Eyni zamanda, natiqlər Mirzə Məmmədovun yaradıcılığından ətraflı bəhs ediblər, onun həm Azərbaycan, həm də Rusiya mədəniyyəti ilə bağlı yaradıcılığının milli sərhədləri aşdığını və ümumi bəşəri hissləri birləşdirdiyini vurğulayıblar.
Bundan əlavə, Ş. Mustafayev çıxışında bu il ölkəmizdə elan edilmiş “Konstitusiya və Suverenlik İli” mövzusuna, habelə Azərbaycanın görkəmli rəssamı Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd olunmasına toxunub, habelə ölkəmizdə sənətə və sənətşünaslığa verilən yüksək qiymətdən bəhs edib. O, öz çıxışında vurğulayıb ki, Azərbaycanda rəssamlıq sənəti gündən-günə inkişaf edir və dövlət səviyyəsində rəssamlıq sənətinə böyük diqqət və qayğı vardır. Belə ki, Ş. Mustafayev:- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri sayəsində Azərbaycanda – müasir incəsənət muzeylərinin, qalereyaların yaradıldığını və bərpa olunduğunu, gənc rəssamlar üçün müsabiqələrin və sərgilərin təşkil olunduğunu, Azərbaycan rəssamlarının əsərlərinin xarici ölkələrdə nümayiş etdirildiyini, və ən önəmlisi — Azərbaycanda hərkəsin sənətə sevgisinin və marağının dəstəkləndiyini qeyd edib.
Çıxışının sonunda o, sərginin təşkilində göstərdikləri dəstəyə görə Sverdlovsk vilayətinin rəhbərliyinə, Yekaterinburq şəhərinin administrasiyasına və Oktyabrski rayonunun administrasiyasına öz təşəkkürünü bildirib. Açılış mərasiminin sonunda sərgidə nümayiş olunan 41 rəsm əsərin müəllifi Mirzə Məmmədov çıxış edərək, öz yaradıcılığından danışıb və sərginin təşkilinə görə Baş Konsulluğa və göstərilən dəstəyə görə isə yerli administrasiyaya minnətdarlığını bildirib.
Açılış mərasimində furşet təşkil olunub və qonaqlara milli mətbəximizin ləziz təamları təqdim olunub.