Azərbaycanın Tokiodakı səfirliyində Yaponiya dövlət və hökumət qurumlarının, o cümlədən parlamentin, Xarici İşlər Nazirliyinin nümayəndələrinin, ictimaiyyətin və bu ölkədə yaşayan həmvətənlərimizin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, səfir Gürsel İsmayılzadə çıxışında müasir müstəqil Azərbaycanın qurucusu, görkəmli siyasət və dövlət xadimi Heydər Əliyevin həyat yolundan danışıb. Bildirib ki, Heydər Əliyev xalqını dövrün mürəkkəb tarixi və siyasi sınaqlarından uğurla çıxaran, ardıcıl mübarizə yolu ilə müstəqilliyə aparan qüdrətli şəxsiyyətdir. Davamlı tərəqqi yolu ilə inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ömürlük missiyasının təntənəsidir.
Diplomat Heydər Əliyevin 1969-1982-ci illəri əhatə edən Azərbaycana rəhbərliyinin birinci dövründə çox qısa müddətdə respublikanın sosial-iqtisadi və mədəni həyatında böyük nailiyyətlərin əldə olunduğunu, Azərbaycanın keçmiş sovet respublikaları arasında inkişafına görə ön sıralara çıxdığını diqqətə çatdırıb. Bildirib ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü və daxili çəkişmələr nəticəsində dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qaldığı dövrdə xalqın tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Heydər Əliyev Vətənin xilası üçün misilsiz fədakarlıq göstərərək, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını alıb, ölkəni yenidən quraraq, dövlətin davamlı inkişafına zəmin yaradıb. Heydər Əliyevin milli neft strategiyasının uğurla həyata keçirilməsi ölkənin inkişafına güclü təkan verib. Demokratik və hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı müstəsna xidmətləridir.
Səfir G.İsmayılzadə elmi-siyasi ədəbiyyatda Heydər Əliyevin dünyanın ən görkəmli dövlət xadimlərindən olan Corc Vaşinqton, Mustafa Kamal Atatürk, Şarl de Qoll, Uinston Çörçil ilə müqayisə edildiyini deyib.
Diplomat Ümummilli Lider Heydər Əliyevin Azərbaycan-Yaponiya münasibətlərinə verdiyi önəmi vurğulayaraq, Cənubi Qafqaz ölkələrindən ilk dəfə məhz Heydər Əliyevin Yaponiyaya rəsmi səfərə dəvət olunduğunu və bu səfərdən sonra ikitərəfli münasibətlərin daha da inkişaf etdiyini deyib.
Yaponiya parlamentinin üzvü, Yaponiya-Azərbaycan parlamentlərarası dostluq liqasının rəhbəri Akira Amari görkəmli dövlət xadimi Heydər Əliyevlə bağlı xatirələrini danışıb. O, 1998-ci ildə Heydər Əliyevin Yaponiyaya səfəri zamanı onunla görüşdüyünü fəxr hissi ilə vurğulayıb. Akira Amari 1998-ci ildə Yaponiya-Azərbaycan parlamentlərarası dostluq liqası yaranandan bəri ona sədrlik etdiyini, ötən dövrdə Azərbaycana hər səfərində ölkənin davamlı inkişafının şahidi olduğunu diqqətə çatdırıb.
O, Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bünövrəsini möhkəm təməllər üzərində qoyduğunu, hazırda Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizin gələcəyə və inkişafa inamla addımladığını, Azərbaycanın nailiyyətlərinin Yaponiyadakı dostların sevindirdiyini deyib.
Tədbir iştirakçıları Ümummilli Liderin həyatı və fəaliyyətini, o cümlədən Yaponiyaya səfərini əks etdirən fotosərgi ilə tanış olublar.