Məlumdur ki, tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətlərindən asılı olmayaraq, liderlik fenomeni xalqların gələcək taleyində, milli dövlətin inkişafında aparıcı rola malikdir. Lider, yalnız tərəfdarlarını, xalqı arxasınca aparan rəhbər deyil, o həm də, tarix yazan, tarixin yazdığı və tarixin gedişatına həlledici təsir göstərən bir şəxsiyyətdir. Bu kontekstdə ayrı-ayrı xalqların və dövlətlərin timsalında müxtəlif nümunələr mövcuddur. Milli dövlətçilik tariximizin inkişaf mərhələləri çoxəsrlik keçmişə dayanır və olduqca keşməkeşlidir. Tarixin elə mərhələləri var ki, onlar özündən əvvəlki ənənələri qorumaq, növbəti mərhələ üçün perspektivlər yaratmaq baxımından olduqca əhəmiyyətlidir və fövqəladə xarakter daşıyır. Əslində, dövlətçilik tariximizi davamlı edən, ardıcıllığını qoruyan bu mühüm həlqələr və onu yaradan böyük dövlət xadimləridir. Müasir dövlətçilik tariximizdə isə, bu uğuru təmin edən, sözün əsl mənasında, dünya şöhrətli dövlət xadimi, böyük tarixi şəxsiyyət və peşəkar strateq İlham Əliyevdir. Ölkə Prezidenti, cənab İlham Əliyev 2003-cü ildə hakimiyyətə gələndə ona qalan miras bir tərəfdən ictimai-siyasi sabitliyi təmin edilmiş, dövlət strukturları bərpa olunmuş Azərbaycan idisə, digər tərəfdən həm də, məğlub edilmiş və torpaqlarının 20 faizi erməni işğalı altında olan, iqtisadiyyatının, ordu quruculuğunun həyata keçirilməsi tələbi olan, bir milyondan çox qaçqın, məcburi köçkünün problemlərinin həll edilməsi zərurəti olan Azərbaycan idi. Bütün bu və digər çoxsaylı məsələlərlə bərabər həm də, sürətlə dəyişən, daim rəqabət halında olan dünya nizamında Azərbaycanın yerinin, rolunun, nüfuzunun artırılması zərurəti var idi. Yəni istər daxili siyasətdə, istərsə də, xarici siyasətdə elə strateji həmlələr etmək lazım idi ki, onlar nəticə etibarilə, milli inkişafımıza və ərazi bütövlüyümüzün bərpa olunmasına gətirib çıxarsın. Bütün bunların hamısını edə bilmək isə, mövcud qlobal və milli çağırışlar kontekstində, ikili standartların mövcud olduğu dünya nizamı, rəngli inqilablar erasında, əslində, bir möcüzə idi. Möhtərəm İlham Əliyev bu möcüzəni yarada bildi. Belə ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı soyuqqanlı bir şəkildə, ağılla hələ də dərk edilməsi çətin olan bir tarixi zəfərə imza atdı. Bütün dünyaya və dünya siyasətini müəyyən edən imperialist güc mərkəzlərinə, onların təzyiqlərinə rəğmən torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. Məsələyə strateji təhlil kontekstində yanaşdıqda diqqəti çəkən əsas məsələ budur ki, bütün bu zəfərləri əldə etmək üçün çox dəqiq hesablanmış dərin hərbi-siyasi, diplomatik və sosial-iqtisadi planlaşdırma müəyyənləşdirilib, zərgər dəqiqliyi ilə həyata keçirilib. Bu ardıcıllıqda önə çıxan əsas istiqamətlər isə, müstəqil iqtisadi siyasət həyata keçirməklə siyasi müstəqilliyi təmin etmək, iqtisadi resursların səmərəliliyini təmin etməklə iqtisadiyyatla sosial təminat arasında düzgün proporsional balans yaratmaq, ölkədə yeni, innovativ sənaye istiqamətləri formalaşdırmaq, ordu quruculuğu, hərbi sənayenin yaradılmasına xüsusi diqqət ayırmaq, bütün bunlara paralel olaraq milli hislərə və vətənpərvərlik ruhuna sahib olan yeni nəsil tərbiyə etmək idi. Hazırkı qlobal şərtlər, təzyiqlər içərisində bunların hər birini, xüsusilə sonuncunu etmək olduqca müşkül bir vəzifə idi, çünki müasir internet resursları və onların yaratdığı virtual reallıqlar çərçivəsində milli ruhu, milli identikliyi qoruyub saxlaya bilmək ən mühüm çağırışlardan biri idi. Yuxarıda sadaladığımız ayrı-ayrı istiqamətlərin hər biri üzrə xüsusi dövlət proqramları qəbul edildi və uğurla onların icrasına nail olundu. Nəticə etibarilə, elə indidən heyrətlə qarşılanan və bunların necə baş verdiyinin təcrübə kimi öyrənilməsi vacib hesab edilən böyük tarixi uğurlar əldə edildi. Beləliklə, Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu, bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirib və “güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin qanunauyğun nəticəsi olaraq, Azərbaycan sabitlik adası və inkişaf məkanı kimi tanınır. Ölkəmizin milli gücünü artıran əhəmiyyətli amillərdən biri də, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlikdir. Şübhəsiz ki, Azərbaycan vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsində, sosial rifahın yaxşılaşdırılmasında, inkişafın davamlı olmasında mühüm rol oynayan amillərdən biri etibarlı təhlükəsizlik və sabitlik mühitidir. Təsadüfi deyil ki, beynəlxalq reytinq agentliklərinin hesabatlarında da ölkəmizdə hökm sürən etibarlı sabitlik, təhlükəsizlik mühiti öz əksini tapır və yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Uzun illərdir ki, Azərbaycanda sabitlik təmin edilir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Xalqın bizim siyasətə göstərdiyi dəstək bizə güc verir, eyni zamanda, imkan verir ki, islahatları dərinləşdirək və Azərbaycanın uğurlu dayanıqlı inkişafını təmin edək”. Bunlara paralel olaraq ölkəmizin milli təhlükəsizliyi yüksək səviyyədə təmin edilib. Bu, strateji maraqların gerçəkləşməsinə və inkişaf dinamikasının davam etməsinə əlverişli şərait yaradıb. Şübhəsiz ki, hər bir ölkənin milli təhlükəsizliyi müxtəlif istiqamətlərdə təhdid ünsürlərinin neytrallaşdırılması və neqativ faktorlarla mübarizə metodlarının düzgün müəyyənləşdirilməsindən asılıdır. Azərbaycanda milli təhlükəsizliyin təmin olunmasına konseptual yanaşma mövcuddur və təhdid ünsürləri effektiv vasitələrlə neytrallaşdırılmaqdadır. Bütövlükdə, ölkəmizdə informasiya təhlükəsizliyi ilə yanaşı, ictimai, siyasi, iqtisadi, ekoloji, su, ərzaq və qida təhlükəsizliyinin təmin olunması hər bir vətədaşın layiqli həyat şəraitinin yaradılması, bütövlükdə isə, dövlətimizin milli maraqlarının qorunması baxımından mühüm strateji əhəmiyyətə malikdir.
Ölkə Prezidenti, cənab İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi. Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm tarixi qələbə qazanan Azərbaycan həm öz ərazi bütövlüyünün, həm də, tarixi ədalətin bərpasına müvəffəq oldu. 2020-ci il sentyabr ayının 27-dən başlayaraq dekabr ayının 1-nə qədər davam edən bu mərhələ cəmi 64 gün çəksə də, əslində, nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqazda tamamilə fərqli və yeni bir eranın başlanğıcını yaratdı. Ona görə də, 44 günlük aktiv müharibə fazası və sonrakı 20 gündə 3 rayonumuzun bir güllə atılmadan azad edilməsi elə bir mühüm hadisədir ki, xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Yəni uzun illərdir davam edən, “Dağlıq Qarabağ” problemi adlandırılan məsələ birdəfəlik və heç bir status olmadan həll edildi, Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Azərbaycan xalqı məğlub edilmiş xalq statusunda təqdim edilməkdən qurtularaq qalib xalq statusu əldə etdi, milli birliyin və bərabərliyin simvoluna çevrildi. Əlbəttə, çox mürəkkəb tarixi mərhələdən keçdik. 44 günlük müharibə tarixində hər hansı kiçik səhv böyük faciələrə səbəb ola bilərdi. Otuz ilə qədər davam edən danışıqlar prosesində Azərbaycan xalqının səbri, dəyanəti, dözümü sınağa çəkildi, ancaq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev mürəkkəb regionda bu qətiyyətli qərarı və çox mürəkkəb prosesi diplomatiyanın, siyasətin mümkün etdiyi ən mahir incəliklə idarə etməyi bacardı, Qələbəmizi diplomatik-siyasi müstəvidə də möhkəmləndirdi. Azərbaycan xalqı bu prosesdə bir daha sübut etdi ki, ölkəmizdə xalq-iqtidar birliyi olduğu təqdirdə ən çətin məsələlər belə həll edilir. Bu gün də Azərbaycan xalqı bu Qələbə əhval-ruhiyyəsini böyük coşqu ilə yaşayır. Möhtəşəm Qələbə Azərbaycan xalqına, xalq da bu Qələbəyə layiqdir, çünki Azərbaycan dövlətçiliyi böyük imtahanlardan keçdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı ən doğru zamanda, ən doğru qərarı qəbul etməklə xalqımızın tarixi Qələbəsini təmin etdi. Diplomatik, siyasi və hərbi müstəvidə əldə etdiyi qələbələrlə qalibiyyətimizin simvoluna çevrildi. Cənab İlham Əliyev Qarabağ fatehi kimi adını hərbi-siyasi tariximizə qızıl hərflərlə yazdırdı. Son 200 illik tariximizdə ilk dəfə torpaqlarımızı azad edən Müzəffər Sərkərdə oldu. Bir sözlə, bütün cəbhələrdə möhtəşəm tarixi qələbənin memarı ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevdir.
Beləliklə, Azərbaycan yeni reallıq formalaşdırmaqla özünə mühüm strateji perspektiv təmin edib. Hazırda, Azərbaycan regionun lider və qalib ölkəsi kimi Prezident, Müzəffər Ali Baş Komandan və qətiyyətli Lider, cənab İlham Əliyevin rəhbərliyi ilə öz yeni gələcəyini inşa edir. Nəticə etibarilə, yuxarıda sadalanan bütün nailiyyətlərimizin baş tacı Vətən müharibəsində əldə etdiyimiz tarixi hərbi-siyasi qələbəmizdir. Hər nə qədər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyev tarixi qələbəmizin birinci qəhrəmanı kimi Azərbaycan əsgərini göstərsə də, hamımız bilirik ki, milli güc, yalnız milli lider tərəfindən təşkilatlandırılanda və idarə olunanda həqiqi milli gücə çevrilir. Ona görə də, ölkə Prezidenti, cənab İlham Əliyev sözün əsl mənasında xalqımızın qəhrəman övladı, böyük tarixi şəxsiyyət və nüfuzlu dövlət xadimidir…
Sabit Mehdiyev,
YAP Beyləqan rayon təşkilatının məsləhətçisi