Müstəqil, suveren, hüquqi və demokratik və dünyəvi Azərbaycan Respublikasının memarı və qurucusu, siyasət nəhəngi, dünyaya açılan qapımız milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Başqa sözlə, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Tarixşünaslıq ulu öndər Heydər Əliyev şəxsiyyətini öyrəndikcə, əslində, müstəqil Azərbaycan dövlətinin tarixi keçmişini, bugününü, ölkəmizdə həyata keçirilən dövlət quruculuğu prosesini öyrənir. Amerikalı siyasi xadim və politoloq Zbiqnev Bjezinski demişdir: “Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət – bir sözlə, şəksiz liderdir”. Bir başqa siyasi persona Rusiya Federasiyasının prezidenti V. Putin isə Ulu Öndəri mübaliğəsiz siyasət nəhəngi adlandırırdı.
Yüksək siyasi mədəni davranış, əxlaqi keyfiyyətlərin üstünlüyü, xeyirxahlıq və alicənablıq, inam və etibar, təmkin və səmimiyyət kimi, cəhətlər ulu öndər Heydər Əliyevin fərdi keyfiyyətləri idi. O, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir siyasətçi idi. İnsanların sosial problemlərinin duyumu və həllində Ulu Öndər təsisatlar üçün idarəetmə etalonu idi.
Ulu öndər Heydər Əliyev böyük mütəfəkkirlərin, sərkərdələrin, dahilərin vətəni olan Naxçıvanın yetişdirdiyi əvəzolunmaz şəxsiyyətdir. Həyatı boyunca ölkəmizin, o cümlədən, doğulduğu Naxçıvanın inkişafı, yüksəlişi, təhlükəsizliyinin təmini üçün əlindən gələni əsirgəməyən. H.Əliyev yüksək vəzifələrdə çalışdığı illərdə də heç vaxt Naxçıvanı unutmayıb, qədim diyarı daim diqqət mərkəzində saxlayıb.
Azərbaycan SSR-yə ilk dəfə hakimiyyətə gəldiyi 1969-cu ilin iyul ayının 14-dən sonrakı dövrdə ölkəmizin, o cümlədən, Naxçıvanın inkişafı, gələcəyi ilə bağlı çox mühüm qərarlar qəbul edib. 1970-ci illərə qədər Naxçıvan Azərbaycanın digər bölgələrinə nisbətən xeyli geridə idi və sənaye məhsulunun artım sürətinə görə keçmiş SSRİ-nin muxtar respublikaları arasında axırıncı yerlərdə qərar tuturdu. Bu isə iqtisadi və sosial inkişafın yetərsizliyinə günbəgün yol açırdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin dövrü dəyərləndirərək deyirdi: “Naxçıvanın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. İlk növbədə, ona görə ki, Naxçıvan Azərbaycan xalqına böyük şəxsiyyət ulu öndər Heydər Əliyevi bəxş etmişdir. Ulu öndər bütün dövrlərdə Naxçıvana böyük diqqət göstərmişdir. 1970–1980-ci illərin əvvəllərində respublikanın sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görmüşdür. O vaxt Azərbaycanın hər bir yerində olduğu kimi, Naxçıvanda da sürətli inkişaf dövrü müşahidə edilirdi. Ulu öndərin rəhbərliyi ilə Azərbaycan 1980-ci illərin əvvəllərində sovet məkanında ən qabaqcıl yerlərdə idi, o cümlədən, Naxçıvanda da böyük sosial quruculuq işləri aparılırdı.
Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri, şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Ölkənin çətin bir dövründə Ulu öndər Azərbaycan xalqının və dövlətinin xilas missiyasına Naxçıvandan başladı. Ulu öndərin 1990-cı ilin ortalarında, Naxçıvanın çətin vaxtlarında bura qayıtması bu qədim Azərbaycan torpağını təhlükələrdən sovuşdurdu. Ən əsası, bu qayıdışla Azərbaycanda müstəqillik uğrunda mübarizə özünün yeni mərhələsinə qədəm qoydu. Xalqımızın dahi oğlunun alovlandırdığı istiqlal mücadiləsi milli dirçəliş prosesinin bütün Azərbaycanda aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. SSRİ hökumətinin hələ fəaliyyətdə olduğu dövrdə Naxçıvan MSSR-in adından “Sovet Sosialist” sözlərinin çıxarılması Heydər Əliyevin sarsılmaz siyasi iradəsinin və böyük uzaqgörənliyinin nəticəsində mümkün oldu. Eyni zamanda, həmin sessiyada dahi rəhbərin təklifi ilə Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılması da sadəcə sözün redaktəsi deyildi. Bu, dünyada Sovet İttifaqı kimi tanınan, siyasi sistemini sovetlər üstündə quran möhtəşəm bir ölkənin siyasi strukturunda dəyişiklik edilməsi demək idi. 1990-cı il noyabrın 17-də Ulu öndərimizin sədrliyi ilə keçirilən tarixi sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olundu. Bütün bunlar yalnız və yalnız Naxçıvan Muxtar Respublika Ali Məclisinin sessiyasına sədrlik edən ulu öndərin həm böyük siyasi iradəsinin, yüksək azərbaycançılıq idealının, həm də qeyri-adi cəsarətinin sayəsində həyata keçirilmişdi.
Beləliklə, Ulu öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu. Blokada şəraitində olan Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı. Xüsusilə də Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan rəsmi təmaslar sıxlaşdırıldı. 24 mart 1992-ci il tarixində Ankarada Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında işbirliyi protokolunun imzalanması bu baxımdan müstəsna əhəmiyyətə malikdir.
Ötən əsrin 90-cı illərinin əvvəlindən etibarən ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər bir daha təsdiqlədi ki, müstəqilliyin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. Ölkədə 1991–1993-cü illərdə hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermişdi. Belə ağır şəraitdə respublikanın tərəqqipərvər qüvvələri, mütərəqqi ruhlu ziyalıları çıxış yolunu ulu öndər Heydər Əliyev kimi müdrik şəxsiyyətin hakimiyyətə gəlməsində görür, hər cür riskə rəğmən, bu istəklərini açıq ifadə etməkdən çəkinmirdilər.
1993-cü il iyun ayının 9-da xalqın təkidi ilə Bakıya qayıdan ulu öndər təbiətin ona bəxş etdiyi fövqəlidarəçilik keyfiyyətlərindən məharətlə bəhrələnərək ölkəni vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtardı, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil oldu. İyunun 15-də ulu öndər Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi isə ölkədəki kütləvi inamsızlıq, hərc-mərclik mühitinin aradan qalxmasına, siyasi gərginliyin tədricən azalmasına, sözün həqiqi mənasında xalqın böyük fəlakətlərdən qurtulmasına real zəmin yaratdı.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə dövlət rəhbərliyinə qayıdandan sonra da Naxçıvanla bağlı gerçəkləşdirdiyi kompleks layihələr blokada şəraitində də inkişaf etməyin, tarixi nailiyyətlər qazanmağın örnəyini dünyaya sərgilədi. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilərək özünün ən yüksək mərhələsinə çatdı. Naxçıvan dövlət başçısının ötən müddətdə imzaladığı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarında daim əhatə olunmuş, bundan başqa, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında ayrıca Prezident Sərəncamı imzalanmış, nəhayət, muxtar respublika sosial-iqtisadi həyatının ayrı-ayrı sahələrinin və onun müxtəlif rayonlarının inkişafı ilə bağlı sənədlər qəbul edilmişdir. Bütün bunlar da Naxçıvan Muxtar Respublikanın hərtərəfli tərəqqisini təmin etmişdir. Prezident cənab İlham Əliyevin 2023-cü il iyun ayının 5-də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamı isə müasir Naxçıvanın yeni yüksəlişinin yol xəritəsini müəyyənləşdirdi.
Bəli, bu gün dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan kompleks islahatlar, əldə olunan nəticələr xalqın gələcəyə olan inamını daha da artırmışdır. Ulu öndər Heydər Əliyev siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirib və onun ətrafında daha sıx birləşib.
Tarixi şəxsiyyətlərə olan münasibət də, hadisələrə olan münasibət kimi, dəyişə bilir. Heydər Əliyev, şübhəsiz ki, böyük tarixi şəxsiyyətlərimizdəndir. Geridə qoyduğumuz tarixi yolu diqqətlə təhlil etdikdə, bir daha əmin oluruq ki, ölkəmizdə dahi lider Heydər Əliyev siyasi kursunun alternativi yoxdur. Bu yol Heydər Əliyevlə başlanan əbədi Zəfər Yoludur.
Milli Məclisin deputatı Ceyhun Məmmədov