Mayın 10-u Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci il dönümüdür. Azərbaycanı bəlalardan xilas edən Ulu Öndər ömrünü ölkənin parlaq gələcəyinə həsr etmiş, daim xalqa, vətənə böyük əzm və peşəkarlıqla xidmət etmişdir. Bugünkü Azərbaycanın varlığına hesablanmış xidmətlər tarixi missiyaları reallığa çevirib. Onun zəhmətinin bəhrəsi güclü Azərbaycandır və bundan sonra da gələcək nəsil bunun bəhrəsini görəcək. Əlamətdar gün münasibətilə Ulu Öndərin həyatı və fəaliyyətində yer alan saysız-hesabsız işlərdən simvolik olaraq 101 nümunəni təqdim edirik:
- 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyinat alması və bununla da Azərbaycançılıq naminə xidmətinin sürətlənməsi;
- 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilməsi və bundan sonra Azərbaycançılıq uğrunda sçox sayda işlərin görülməsi;
- Bakıya Kür su kəmərinin çəkilməsi;
- Gəncə şəhərində çini qablar zavodunun açılması;
- 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail olunması;
- 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilmiş qərarlar nəticəsində sovet Azərbaycanında orta ümumtəhsil məktəbləri şəbəkəsinin 3 dəfə genişləndirilərək 765-dən 2117-ə çatdırılması;
- Bakıda “XXIV Beynəlxalq Astronavtika Konqresi”nin keçirilməsi;
- Sərsəng su anbarının inşa edilməsi;
- 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul olunduqda yaradılan Konstitusiya Komissiyasının gündəliyindən Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi barədə məsələnin gündəlikdən çıxarılmasına müvəffəq olması;
- 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiya layihəsi qəbul edilərkən Azərbaycan dilinin ana dili kimi təsbitlənməsi;
- 1979-cu ildə strateji və siyasi əhəmiyyət daşıyan Ağdam-Xankəndi dəmir yolunun çəkilməsi;
- Şuşada görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsinin inşası;
- Şuşada Azərbaycanın görkəmli şairə-qadını, Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi Xurşidbanu Natəvanın abidəsinin ucaldılması;
- Hüseyn Cavidin cənazəsinin Sibirdən vətənə gətirilməsi;
- Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilməsi;
- Sovet Sosialist Respublikaları İttifaqı Nazirlər Soveti sədrinin birinci müavini seçilməsi;
- Yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qırğınlar ilə əlaqədar bəyanat verməklə bunu sərt şəkildə pisləmək üçün Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlməsi;
- 1990-cı il iyulun 22-də Naxçıvana gəlməklə Naxçıvanı xilas etmək üçün fəaliyyətə başlaması;
- Naxçıvan Muxtar Respublikası Ali Məclisində Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının muxtar respublikanın bayrağı kimi qəbul edilməsi;
- Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında SSRİ-nin qorunub saxlanması barədə referendumda Azərbaycanın iştirakı məsələsinin müzakirəsində çıxış etməsi və bunun əleyhinə səs verməsi;
- Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etməsi; ““
- Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında “Azərbaycanın müstəqillik Bəyannaməsi” ilə bağlı çıxış;
- Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Bayramı kimi qeyd olunması barədə qərar qəbul etməsi;
- Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 1990-cı ilin 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməsini tələb edən bəyanatın imzalanması;
- 1992-ci ilin may ayında Türkiyənin Baş naziri Süleyman Dəmirəlin Naxçıvana gəlişi və Araz çayı üzərində tikilmiş “Ümid” körpüsünün açılış mərasimi;
- Blokada şəraitində olan əhalinin çətin vəziyyətdən çıxarılması üçün 1992-ci ilin iyulun 9-da Türkiyə Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasındakı Sədərək-Dilucu körpüsünün rəsmi sərhəd keçid qapısı elan edilməsi barədə qərar;
- Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının birinci ildönümü münasibətilə Naxçıvan şəhərindəki Azadlıq meydanında təşkil olunmuş hərbi parad;
- Azərbaycan ziyalılarının müraciətinə cavab olaraq “Yeni, Müstəqil Azərbaycan uğrunda” sərlövhəsi ilə dərc olunan və Azərbaycanın gələcək inkişaf yoluna işıq salan proqram sənədi olan məktub;
- 1992-ci il oktyabr ayının 24-də Naxçıvanda baş vermiş dövlət çevrilişi cəhdinin qarşısının alınması;
- 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilməsi;
- 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı bir vaxtda xalqın tələb və təkidi ilə Naxçıvandan Bakıya gəlməsi, Ali Sovetin sədri seçilməsi ilə qurtuluşun başlanması;
- Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icrasına başlaması;
- Erməni təcavüzünün qarşısının alınması məqsədilə təcili tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasının dərhal çağırılması xahişi ilə Təhlükəsizlik Şurasının sədrinə müraciət;
- Ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Prezidenti seçilməsi;
- Azərbaycanın NATO-nun “Sülh naminə tərəfdaşlıq” (SNT) proqramının üzvü seçilməsi;
- Atəşkəs sazişi olan Bişkek protokolunun imzalanması ilə Birinci Qarabağ müharibəsinin dayandırılması;
- Azərbaycanda nizami ordu quruculuğu;
- Bakıda Xəzər neft-qaz hasilatına dair “Xəzərneftqaz” I beynəlxalq sərginin keçirilməsi;
- İran İslam Respublikası ilə iki ölkə arasında dostluq münasibətlərinin inkişafı haqqında bəyanat;
- Qaçqın və məcburi köçkünlərin, Şəhid ailələrinin və həssas qruplara aid digər əhalinin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı mütəmadi işlərin görülməsi;
- Qanunvericilik bazasının genişləndirilməsi, mühüm dövlət təsisatlarının yaradılması, idarəetmənin təkmilləşdirilməsi;
- “Sahibkarlığın strategiyası və iqtisadiyyatın yenidən qurulması” mövzusunda Bakıda keçirilən beynəlxalq konfrans;
- “Əsrin müqaviləsi”nin imzalanması;
- BMT Baş Məclisinin 49-cu sessiyasında Millətlər Birliyinin xüsusi salonunda mətbuat konfransında bəyanat verməsi;
- Respublikada yaranmış ictimai-siyasi vəziyyətlə əlaqədar Milli televiziya və radio vasitəsilə çıxış, respublikada fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri ilə görüşün keçirilməsi və dünyanın bütün dövlətlərinə, hökumətlərinə və beynəlxalq təşkilatlarına ölkədə yaranmış təhlükəli vəziyyətlə bağlı müraciət;
- Azadlıq meydanında keçirilən Ümumrespublika həmrəylik mitinqində çıxış etməsi;
- “Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 1994-cü il 24 oktyabr tarixli fərman;
- Bakıda BMT-nin baş katibi Butros Butros-Qali ilə birgə mətbuat konfransı;
- Azərbaycan, Türkiyə, Rusiya, Qırğızıstan və Gürcüstan Həmkarlar İttifaqı Təşkilatlarının Əlaqələndirmə Şurasının Bakıda keçirilən iclası;
- Şəhid və qaçqın uşaqları üçün “Gülüstan” sarayında təşkil olunmuş Novruz bayramı şənliyində iştirak və çıxış;
- “Gülüstan” sarayında Azərbaycan və Türkiyə arasında neft sahəsində əməkdaşlığa dair sazişin imzalanması mərasimi;
- Azərbaycan-Ermənistan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması ilə bağlı bəyanat;
- Azərbaycanda 2-ci Beynəlxalq “Xəzərneftqaz-95” sərgi konfransı;
- Respublika sarayında “15-17 mart hadisələri və Azərbaycanda ictimai-siyasi vəziyyət” mövzusuna həsr olunmuş ümumxalq nümayəndələrinin toplantısı;
- Azərbaycan Respublikası ilə Ümumdünya Bankı arasında sənədlərin imzalanması;
- Bakıda “Hər şey insan üçün” birinci Azərbaycan Beynəlxalq Ticarət Sərgisi;
- Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlıq haqqında memorandum;
- Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əməkdaşlıq haqqında sənədlərin imzalanması;
- Azərbaycan Respublikası ilə Pakistan Respublikası arasında əməkdaşlıq haqqında sənədlərin imzalanması;
- “Gülüstan” sarayında “Qarabağ” neft strukturunda ARDNŞ ilə bir qrup xarici neft şirkəti arasında birgə iş haqqında sazişin imzalanması;
- Ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən ilk Konstitusiyasının qəbul olunması;
- Müstəqillik dövründə ilk dəfə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi;
- Londonda “Azərbaycanda investisiya imkanları” beynəlxalq konfransının keçirilməsi;
- Ümumdünya Bankının təşkil etdiyi “Azərbaycan üçün investisiyalar” beynəlxalq konfransı;
- Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq haqqında sənədlərin imzalanması;
- Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Krallığı arasında investisiyaların qarşılıqlı qorunması haqqında sazişin imzalanması;
- Müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunun keçirilməsi və növbəti ildən 2 fevral tarixinin Azərbaycanda Gənclər Günü elan edilməsi;
- Prezident sarayında Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması və birgə mətbuat konfransı;
- Müstəqil Azərbaycanda ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslərin əfv edilməsi haqqında fərmanın imzalanması;
- Azərbaycan-Rumıniya dövlətlərarası və hökumətlərarası sənədlər imzalandıqdan sonra birgə mətbuat konfransında bəyanat;
- Lüksemburqdakı konfranslar mərkəzində Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişin imzalanması;
- Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında 27 may 1996-cı il tarixli Müqavilə;
- Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya Federasiyası dövlət başçılarının görüşündə qəbul edilmiş “Qafqazda əmin-amanlıq, sülh, iqtisadi və mədəni əməkdaşlıq uğrunda bəyannamə”nin imzalanması;
- “Gülüstan” sarayında “Şahdəniz” yatağının birgə işlənməsi haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə xarici neft şirkətləri arasında müqavilənin imzalanması;
- Azərbaycan-Almaniya sənədlərinin imzalanması;
- Torpaq islahatının aparılması;
- Xəzər dənizi məsələlərinə dair birgə bəyanatın və Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında münasibətlərin əsasları haqqında müqavilənin imzalanması;
- Azərbaycanda qaçqınların və məcburi köçkünlərin problemlərinə həsr olunmuş beynəlxalq konfrans;
- Xəzərin Azərbaycan sektorunda “Dan ulduzu” və “Əşrəfi” neft yataqlarının birgə işlənməsi haqqında Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici neft şirkətləri arasında “Gülüstan” sarayında müqavilə imzalanması;
- “Yelisey” Sarayında ARDNŞ ilə “Elf-Akiten” və “Total” şirkətləri arasında “Lənkərandəniz” və “Talış-dəniz” neft müqavilələrinin imzalanması;
- Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında münasibətlərin prinsipləri haqqında birgə bəyannamənin və Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq haqqında birgə bəyannamənin imzalanması;
- “Elmin strateji inkişafı və Azərbaycanın Milli Elmlər Akademiyasında islahatlar” konsepsiyası;
- Humanizm dəyərlərinə əsaslanaraq ölüm hökmünün ləğv edilməsi;
- “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə dövlət komissiyası”nın yaradılması;
- Əlahiddə Azərbaycan Korpusunun yarandığı günün – 26 iyunun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunması;
- Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması;
- Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Azərbaycan Respublikasının Beynəlxalq Bankı arasında beynəlxalq bank-kredit xətti açılması haqqında sazişin imzalanması;
- “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzuranın ləğv edilməsi;
- Tarixi Böyük İpək Yolunun bərpası üzrə beynəlxalq konfrans;
- Azərbaycan qadınlarının qurultayı;
- Qərb İxrac Boru Kəmərinin (QİBK) istifadəyə verilməsi;
- Türkiyənin İstanbul şəhərində keçirilmiş ATƏT-in Sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) “Əsas İxrac Neft Kəməri”nin çəkilişi haqqında dövlətlərarası Müqavilənin imzalanması;
- “Qurtuluş” qazma qurğusunun istismara buraxılması;
- “Azəri-Çıraq-Günəşli” yataqlarının tammiqyaslı işlənilməsinin birinci mərhələsinin qətnaməsinin imzalanması;
- Prezident sarayında yüksək bal toplayaraq ali məktəblərə qəbul olmuş gənclərlə görüş;
- “21-ci əsrə baxış” adlı bəyannamə;
- Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi və burada müasir dövrümüzdə Azərbaycançılıq ideologiyası üçün sloqana çevrilən “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” ifadəsi;
- Moskvada Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə “Xəzər dənizinin dibinin bölüşdürülməsi haqqında Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında saziş”in imzalanması;
- Latın qrafikalı əlifbaya keçid prosesinin başa çatdırılması
- 2001-ci ilin martında “Azərbaycanın təbii qazının Türkiyə Respublikasına tədarük edilməsinə dair Azərbaycan və Türkiyə Respublikaları arasında təbii qazın satışı və alışı haqqında müqavilə”, həmin ilin sentyabrında isə “Təbii qazın Gürcüstan Respublikası ərazisindən tranziti, nəql edilməsi və satışına dair Azərbaycan və Gürcüstan Respublikaları arasında saziş” imzalanması ilə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin əsasının qoyulması;
- Azərbaycan xalqına müraciət edərək prezident seçkilərində namizədliyini özünün siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bəyan etməsi və bununla da Azərbaycanın gələcəyini əmin əllərə ötürməsi.
İdeya müəllifi və hazırlayan: Çingiz Səfərov