Azərbaycan və Somali arasında münasibətlər son illərdə sürətlə inkişaf etməkdədir. Xüsusilə 12 fevral 2025-ci ildə Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfəri və səfər çərçivəsində imzalanan sazişlər, ikitərəfli əlaqələrin gələcək inkişafı üçün mühüm mərhələ təşkil edir. Azərbaycan və Somali arasındakı münasibətlər yeni formalaşan, lakin strateji əhəmiyyət kəsb edən əlaqələrdir. Hər iki ölkə geosiyasi baxımdan vacib mövqedə yerləşir və əməkdaşlıq potensialı böyükdür. Azərbaycan uzun illərdir ki, Afrika ölkələri ilə əməkdaşlığını genişləndirmək siyasəti yürüdür və bu kontekstdə Somali ilə əlaqələrin qurulması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Somali arasında diplomatik münasibətlərin qurulması, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin artırılması istiqamətində mühüm addımlar atılmışdır. Hər iki ölkə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi beynəlxalq qurumlarda fəal iştirak edir. Xüsusilə, Qoşulmama Hərəkatına Azərbaycan tərəfindən uğurla sədrliyinin həyata keçirilməsi və bu çərçivədə Afrika ölkələri ilə əlaqələrin gücləndirilməsi istiqamətində görülən işlər Somali ilə əməkdaşlığın da inkişafına zəmin yaratmışdır. İkitərəfli əlaqələr, xüsusilə iqlim dəyişikliyi ilə mübarizə sahəsində son dövrlərdə əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Bu əməkdaşlıq Bakıda keçirilən COP29 konfrası çərçivəsində daha da möhkəmlənmişdir. Konfrans zamanı Somali Prezidenti Həsən Şeyx Mahmudun Azərbaycana səfəri və konfransda iştirakı, iki ölkə arasında əlaqələrin gücləndirilməsi baxımından mühüm addım olmuşdur. Bu səfər çərçivəsində Azərbaycan və Somali liderləri arasında keçirilən görüşlər, ikitərəfli münasibətlərin inkişafına əlavə təkan vermişdir. Prezident cənab İlham Əliyev və Prezident Hasan Şeyx Mahmudun görüşü zamanı qarşılıqlı dəstək və əməkdaşlıq məsələləri müzakirə olunmuş və bu istiqamətdə konkret addımlar atılması qərara alınmışdır.
Tərəflər həmçinin Somalidə sərmayə imkanlarını müzakirə edib. Qeyd olunub ki, Prezident Hasan Şeyx Mahmudun səfərindən əvvəl Azərbaycanın böyük nümayəndə heyəti Somaliyə səfər etmiş, əsasən, səfərin hazırlanması və eyni zamanda, gələcəkdə güclü iqtisadi, siyasi və mədəni əlaqələrin qurulması üzərində çalışmışdır. “Düşünürəm ki, Prezidentin rəsmi səfəri nəticəsində digər heyəti konkret hədəf və məqsədlərlə sərmayə sahələrini müəyyən etmək, eləcə də Azərbaycanın sərmayələri qəbul oluna biləcək və faydalı olacaq konkret layihələri qeyd etmək üçün Somaliyə ezam etməliyik. Məsələn, bu sahələr infrastruktur, liman qurğuları və kənd təsərrüfatı ola bilər” – Azərbaycan Prezidenti deyib. Azərbaycanla Somali arasında müdafiə sahəsində əməkdaşlıq barədə sənəd imzalanıb və Prezident Mahmud Azərbaycanın müdafiə imkanlarının, o cümlədən müdafiə sənayesinin bəzi elementləri ilə tanış olub.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan müdafiə avadanlığının əksər hissəsini istehsal edərək, güclü müdafiə sənayesi potensialını yaradıb. Həmin avadanlıq həm bizə lazımdır, həm də müasir müdafiə avadanlığına malik olan 10-a yaxın ölkənin mühüm ixracatçısına çevrilmək imkanıdır. Burada təlimlər də var, çünki İkinci Qarabağ müharibəsi və sonradan antiterror əməliyyatı hərbi qulluqçularımızın yüksək peşəkarlığını nümayiş etdirdi. Müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığımızın mühüm sahələrindən biri olmalıdır. Bəyanatda bildirilir ki, iki ölkənin xarici işlər nazirləri çox tədbirlərdə görüşərək həmin məsələləri müzakirə ediblər. BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda bir-birimizə dəstəyi birmənalı olaraq davam etdirəcəyik.
Prezident Hasan Şeyx Mahmudun Bakıya səfəri zamanı “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Somali Federativ Respublikasının Prezidentinin Ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Energetika və Su Ehtiyatları Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş” kimi əhəmiyyətli sənədlər imzalanıb.
Niyaməddin Əsgərov,
YAP Beyləqan rayon təşkilatının sədr müavini