Deməli belə: Əli Kərimli adında naxələf öz “facebook” statusunda Azərbaycan dövlətinə qarşı məkrli iş aparan və son dərəcə böyük cinayətlər törədən adamların – hansı ki, bir müddət jurnalist qiyafəsində gizlənmişdilər – müdafiəsinə qalxıb və onları “işıqlı gənclik” kimi təqdim edib. Ardınca isə həyasızlığına bir az da rəng, şiddət qataraq: “Bütün müasir gəncliyi bu cür olmağa, bu cür davranmağa, bu cür mübarizə aparmağa çağırıram” – tövsiyyəsində bulunub.
Heyhat! İnsan nə qədər “qırmızı”, nə qədər saxta, nə qədər riyakar olarmış?!
Əvvəla….ondan başlayım ki, “işıqlı” dediklərinin bütün cinayətləri faktlarla sübuta yetirilib və məlum “işıqların” zaman – zaman hansı dirəklərə və anti – milli fazalara qoşulmaları da istintaq tərəfindən tam müəyyənləşib, təsbit edilib!
İkincisi…Əgər sənin belə “montyor”luq, işıqsezmə, işıqgörmə qabiliyyətin vardısa – çox maraqlıdır – o zaman həmin işıqdan öz övladın Türkelə niyə ötürmürdün? Onu niyə “nurlandırmırdın?” Onu niyə qaranlıq oyunlara, qaramat məkanlara, qapqara işlərin içinə yuvarlayırdın?
Ya da olsun, digər tayın – Cəmil Həsənli. Danışanda ağzına çullu dovşan sığışmır. 4 sözündən 3-ü qeyrətdir, namusdur, şərəfdir, mərdlikdir, mənlikdir. Amma övladından, nəvəsindən söhbət düşəndə deyir, yetkinlik yaşına çatıblar, işlərinə qarışa bilmərəm.
Qarışa bilmirsən, heç nəyə qarışma da. Danışma da. Başına yaylıq bağlayıb gəz də. Sus da!
Sən axı Prezident olmaq istəmisən! Öz də…şirkət Prezidenti yox ha, ölkə Prezidenti!
Bu əxlaqlamı? Bu tərbiyə iləmi? Bu nümunə iləmi?
Mən hələ…..övladının adı Bəxtiyar Hacıyevin “list”indən çıxanları, qocaman müsavatçı ilə avto-qəzadan boylananları demirəm.
Hansından danışım? Birdirmi, ikidirmi, üçdürmü?
Hə, o ayrı mövzudur ki, bəzi insanların “kumandası”, kişilik təpəri öz əlində deyil. Acizdir. Bədbəxtdir. Qorxaqdır. Yazıqdır. Gücsüzdür. Bacarmır!
Amma məsələ burasındadır, həmin kəslər heç zaman sizintək komplekssiz davranmırlar, başlarından, boylarından yekə söhbətlərə girmirlər, heç kimə öyüd-nəsihət vermirlər!
“İşıqdan”, əxlaqdan, mənəviyyatdan bəhs etmirlər!
Ən azından – utandıqlarından!
Nəhayət üçüncüsü…Sənin gənclərə verdiyin məsləhətin əslində tam anlamı, gerçək açması bilirsənmi nədir, a bəy?
Budur ki, hamı cinayətkar, “bandit” olsun, hamı öz xalqına qarşı işləsin, hamı xarici səfirliklərin, başqa ölkələrin xüsusi-xidmət orqanlarının, bəlli lobbilərin pulu ilə bəslənsin, qidalansın!
Hamı “meydançılar”, “abzasçılar” kimi milli mənafeyə, dövlət maraqlarına xəyanət etsin!
Bax, bunu görməyəcəksən!
Bəlkə fərqli dizaynda güzgü alıb, qulağının dibini görə bilərsən – amma, əmin ol: Azərbaycan gəncliyi ilə bağlı məkrli arzularının reallaşdığı günü heç bir zaman görməyəcəksən!
Çünki, o gəncliyin idealı, kumiri sənin tövsiyyə elədiyin qaraguruh, ünsür yığını deyil, əsl qəhrəmanlardır, şəhidlərdir, qazilərdir.
Çünki bu millət, bu vətəndaş, bu seçici sizin kimi radikalların varlığından da, fikirlərindən də, yanaşmalarından da bezib, iyrənib, diksinib!
Çünki Əli Kərimli adında nadan, vətən xaini, Şuşanın, Xankəndinin geri qayıtmasından sonra sevinmək əvəzinə yasa batan, pəjmürdə olan ermənipərəst, fransızpərəst, hindistanpərəst əsla və əsla kiməsə faydalı məsləhət verə bilməz! Düzgün yön, yol, istiqamət göstərə bilməz! Dərs keçə bilməz! Ağıl öyrədə bilməz!
Bilməz ki, bilməz!
Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.