Azərbaycan xalqı onun tarixində müsbət dəyişiklər etməyi bacaran hər bir ictimai xadim, elm adamı, ziyalını qəlbində yaşadır, hörmət və ehtiramını ifadə edir. Akademik Zərifə xanım Əliyeva ömrünü tibb elmininin inkişafına, insanların sağlamlığına, ictimai işlərə həsr etməklə sağlığında böyük rəğbət qazanmışdır. O, bu gün böyük ehtiramla yad edilir və gələcəkdə də insanların ona olan sevgisi bitməyəcək. Çünki, Zərifə xanım həyatı boyu vətəninə, xalqına səmərəli xidmət göstərən və insanların sağlamlığı üçün çalışan əsl Azərbaycan qadını olub.
Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olan Zərifə xanım gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoymuşdu. O, özünün bu ali məqsədinə çatmış və ömrünü tibb elminin inkişafına həsr edərək bəşəriyyət üçün böyük işlər görmüşdür. XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda geniş yayılan traxoma infeksion xəstəliyi ilə mübarizədə Zərifə xanımın böyük əməyi olmuşdur. Belə ki, O, xəstəliyin yayıldığı rayonlarda həkim-oftalmoloqlara məruzələr oxuyur, müalicəvi və profilaktik tədbirlərin təşkilində fəal iştirak edir və xəstəliklə mübarizədə ciddi səy göstərirdi. Bütün respublikada tətbiq etdiyi müalicə metodunun nəticəsində ölkə bu xəstəlikdən xilas olmuşdu. Həmin vaxt traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Zərifə xanım Əliyevanın da həmmüəllifi olduğu fundamental “Terapevtik oftalmologiya” kitabı bu gün də hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalır. Fəaliyyəti çəçrivəsində böyük işlər görən Zərifə xanım 1981-ci ildə oftalmologiya aləmində ən yüksək mükafat olan M.İ.Averbax adına mükafata layiq görüldü.
Zərifə xanım Əliyeva böyük alim olmaqla yanaşı həm də vəfalı ömür gün yoldaşı, gözəl ana idi. Ulu Öndər Heydə Əliyev onun haqqında danışarkən bildirirdi ki, Yaradan ona elə böyük ürək bəxş edib, qəlbinə elə parlaq bir nur çiləmişdi ki, onunla rastlaşan, ünsiyyətdə olan hər bir kəs ilk növbədə özündə ümid, təsəlli, inam, sakitlik tapar, könülləri xeyirxahlıq şəfəqinin şölələri ilə işıqlanardı. Prezident İlham Əliyev də Zərifə xanım haqqında “Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı” – deyə qeyd edir. O, elmdə qazandığı uğurlarla yanaşı ailə dəyərlərinin qorunmasında da iz qoymuşdur. Prezident İlham Əliyevin bu gün Azərbaycan xalqı üçün etdikləri buna nümunədir. Zərifə xanımın xatirəsi xaqlımızın qəlbində yaşayır və yaşayacaqdır.
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov