Bakıda Prezident İlham Əliyevin himayəsi ilə keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkənin investisiya imkanlarının xarici investorların diqqətinə çatdırılması, yeni biznes əlaqələrinin qurulması və beynəlxalq iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün mühüm müzakirə meydanına çevrilib. Sayca ikincisi keçirilən forumun üstünlüyü Azərbaycanın sabit iqtisadi-siyasi mühitinə iştirakçıların böyük diqqət ayırması ilə bağlıdır. Sabit valyuta, xaricdən gələn kapitalın daha çox cəlbi üçün Azərbaycanın yaratdığı üstünlüklər dünyada geniş iqtisadi gücə malik olan şirkət rəhbərlərinin ölkəmizə olan yatırımlarının axıcılığına ciddi təsir təsir göstərir. Təsadüfi deyil ki, Forumda təmsil olunan investisiya qurumlarının idarə etdiyi aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarından çoxdur. Bununla yanaşı, təxminən 2,8 trilyon ABŞ dolları həcmində suveren fondların, dövlət qurumlarının və pensiya fondlarının kapitalını təmsil edən institutlar Azərbaycanın investisiya mühitinə töhfə vermək üçün bir araya gəlmişdilər. Ümumiyyətlə, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan investisiya layihələrini əhatə edən 23 sənəd imzalandı.
Məsələyə daha geniş aspektdə baxsaq görərik ki, bu ilin iyun ayında keçirilmiş Bakı Enerji Həftəsi çərçivəsində elan edilmiş layihələr də nəzərə alınmaqla, planlaşdırılan birgə layihələrin ümumi dəyəri 16,7 milyard ABŞ dollarına çatacaq. Nəzərə alsaq ki, Azərbaycana son 20 ildə 350 milyard dollar investisiya yatırılıb və bunun yarısı xarici investisiyalardır, əldə olunan razılaşmalardan irəli gələn öhdəliklər bu rəqəmin daha da böyüməsinə şərait yaradacaq.
Qlobal iqtisadi münasibətlərdə yeni geosiyasi reallıqların meydana çıxması, ticarət əlaqələrində gərginliyin artması, təchizat zəncirlərinin yenidən formalaşması və qeyri-müəyyənliyin yüksəlməsi investorların qərarlarına təsir edən mühüm amillər sırasındadır. Belə bir şəraitdə iqtisadi sabitlik, etibarlı biznes mühiti və uzunmüddətli perspektivlərin aydın olması investisiya qərarlarında xüsusi əhəmiyyət qazanır. Azərbaycanın həyata keçirdiyi ardıcıl iqtisadi siyasət, sahibkarlıq və investisiya mühitinin inkişaf etdirilməsi, eləcə də xarici tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi ölkənin regional iqtisadi mövqeyini daha da möhkəmləndirir.
Nəqliyyat və logistika dəhlizləri, enerji əməkdaşlığı, rəqəmsal transformasiya, yaşıl iqtisadiyyat və digər yeni iqtisadi istiqamətlər üzrə formalaşan imkanlar da Azərbaycanı regionda mühüm iqtisadi tərəfdaşlardan biri kimi təqdim edir. Bu baxımdan, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu investorlar, dövlət qurumları və biznes nümayəndələri arasında birbaşa dialoqun qurulmasına, yeni təşəbbüslərin müzakirəsinə və qarşılıqlı maraq doğuran layihələrin formalaşdırılmasına imkan verən əhəmiyyətli platformadır.
İnvestisiya forumlarının əhəmiyyəti, ilk növbədə, burada səsləndirilən fikirlərin və aparılan müzakirələrin sonradan konkret iqtisadi layihələrə və biznes əməkdaşlıqlarına çevrilməsi ilə ölçülür. Bu baxımdan, ötən il keçirilmiş I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun nəticələri xüsusi maraq doğurur. Tədbir çərçivəsində dəyəri 10 milyard ABŞ dollarını ötən investisiya sazişlərinin imzalanması Azərbaycanın beynəlxalq investorlar üçün yaratdığı imkanların miqyasını göstərir. Ümumi məbləğin 7 milyard dollardan artıq hissəsinin qeyri-neft-qaz sektoruna yönəlməsi isə xüsusilə diqqətəlayiq məqamdır. Qeyd edək ki, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində isə 11 sənəd imzalanıb.
Azərbaycanda reallaşdırılan investisiya təşəbbüslərinin əhatə dairəsi ölkənin daxili bazarı ilə məhdudlaşmır. Əlverişli coğrafi mövqe və inkişaf edən nəqliyyat-logistika imkanları investorlar üçün Mərkəzi Asiyadan Xəzər dənizinə, Cənubi Qafqaz və Türkiyə üzərindən Avropa bazarlarına qədər uzanan geniş iqtisadi məkana çıxış imkanı formalaşdırır.
Prezident İlham Əliyev Forum iştirakçılarına müraciətində Azərbaycanın bu üstünlüyünə xüsusi diqqət yetirib. Dövlət başçısının vurğuladığı kimi, Orta Dəhliz Mərkəzi Asiya ölkələrini Xəzər üzərindən Cənubi Qafqaz, Türkiyə və Avropa ilə əlaqələndirən mühüm marşruta çevrilir. Bununla yanaşı, formalaşmaqda olan Zəngəzur dəhlizi – TRIPP bağlantısı Azərbaycanın regional nəqliyyat və logistika qovşağı kimi mövqeyini daha da möhkəmləndirə, Avrasiya məkanında ticarət əlaqələrinin, investisiya axınlarının və sənaye kooperasiyasının genişlənməsinə yeni imkanlar aça bilər.
Əminliklə deyə bilərik ki, Forum ölkəmizin xarici sərmayə üçün açıq, əlverişli və dayanıqlı iqtisadi mühitini, eləcə də strateji layihələrdə etibarlı tərəfdaş kimi mövqeyini hərtərəfli nümayiş etdirməyi bacarıb. Davamlı xarakter daşıyan investisiyalar iqtisadiyyatın şaxələndirilməsinə, yeni texnologiyaların və innovasiyaların tətbiqinə, əlavə dəyərin və məşğulluğun artırılmasına önəmli təsir göstərərək Azərbaycanın qlobal məkanda prestijinin daha da artmasına şərait yaradacaq.
Müşfiq Səfərov,
YAP Beyləqan rayon təşkilatının sədri












