2020-ci il 27 sentyabrdan başlayan və 44 gün davam edən, sonda düşmənin acınacaqlı məğlubiyyəti, Azərbaycanın isə şanlı qələbəsi ilə başa çatan 2-ci Qarabağ müharibəsi nəyinki Azərbaycanın, o cümlədən dünya hərb tarixinə yazıldı.
30 il işğal altında olan əzəli Azərbaycan torpaqları işğaldan azad olundu və tarixi ədalət, Azərbaycanın ərazi bötüvlüyü bərpa edildi. Prezident İlham Əliyevin hər zaman çıxışları və müsahibələrində söylədiyi kimi, artıq müharibə mərhələsi tarixə qovuşdu. İndi əsas məsələ iki ölkə arasında normallaşma prosesinin sürətlənməsi, sülhün əldə edilməsidir. Eyni zamanda hazırda Azərbaycanın əsas narahatlığı Ermənistan tərəfindən dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpa edilməsidir. Bu kimi məsələlərlə bağlı Azərbaycan Birləşmiş Millətlər Təşkilatı ilə də əməkdaşlığa maraqlı olduğunu hər zaman nümayiş etdirməkdədir. Qarabağda humanitar vəziyyət, əsasən də işğaldan azad olunmuş ərazilərin bərpasına dair Azərbaycanın planları var və bunu da icra edir. Ermənistan isə Qarabağda süni gərginlik yardır.
BMT Təhlükəsizlik Şurasının 16 avqust 2023-cü il tarixində növbədənkənar iclasında Azərbaycanın diplomatik qalibiyyətini də xüsusi qeyd etməliyik. Bununla, Ermənistanın növbəti avantürası puç oldu.
Belə ki, rəsmi İrəvanın “blokada” və ya “humanitar böhran” ilə bağlı ölkəmizə qarşı təbliğatı əsassız və sübutu olmayan iddialardır. Ermənistan Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və Qarabağ ermənilərini aclıqla soyqırımına məruz qoymasını BMT Təhlükəsizlik Şurasının 16 avqust tarixli növbədənkənar iclasında rəsmiləşdirərək Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə, Laçın dəhlizinin beynəlxalq gücdən istifadə edərək açılmasına çalışsa da, ciddi məğlubiyyətə uğradı. Faktiki olaraq heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi, Azərbaycanı qeyd edilən iddialarla bağlı ittiham etmədi. Bu, Azərbaycanın xarici siyasətinin, beynəlxalq təşkilatlarda məqsədyönlü siyasətinin bariz uğur nümunəsidir.
Ermənistanın təşəbbüsü ilə Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və “Dağlıq Qarabağ” ermənilərini aclıqla soyqırımına məruz qoyması iddiasının BMT TŞ-nin gündəliyinə gətirməsi və nəticə almaması, onun bu məsələni bir daha hansı isə beynəlxalq təşkilatın gündəminə gətirmə ehtimalının sıfıra endirdi. Rəsmi İrəvan növbəti təxribat törətməyə çalışırdı, amma səmərəsiz oldu. Əslində, regionda Ermənistan 30 il ərzində humanitar fəlakət yaradıb. İstər Ulu Öndər Heydər Əliyev, istərsə də Prezident İlham Əliyev daima bu faktı beynəlxalq tribunalarda səsləndiriblər. Hətta Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının sessiyalarında belə, bu haqda çıxışlar edib. Dövlətimizin başçısı 2017-ci ildə BMT-nin Baş Assambleyasının 72 sessiyasının açılışındakı nitqində deyib: “Aparıcı beynəlxalq təşkilatlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələri qəbul etmişlər. Ermənistan bu qərar və qətnamələri icra etmir”. Və məhz 2020-ci ildə müharibə gedişində 4 qətnamə Azərbaycan ordusu tərəfindən yerinə yetirildi və bu qətnamələr sadəcə formal olaraq qalaraq tarixə qovuşdu.
Dövlətimiz BMT institutları ilə daha çox qarşılıqlı əlaqə qurmağa çalışır. Azərbaycan tərəfindən BMT institutları bölgəyə bir neçə dəfə dəvət olunmuşdur. Ermənistanın bizim ərazilərdə nələrin törətdiyini öz gözləri ilə görmələrini istəmişdik. Baxmayaraq ki, işğal dövründən onlardan bir xəbər olmadı. Amma Vətən müharibsindən sonra regiona gəlmək istəyirlər. Lakin Ermənistan hər zamanki kimi buna etiraz edir. Bu gün Ermənistanın Xankəndinə gətirdiyi əcnəbi diplomatların, beynəlxalq təkşilat nümayəndələrinin qeyri-obyektivliyi ondadır ki, onlar işğal faktına heç zaman reaksiya verməyiblər. Təcavüzkarın yanında olmaları elə bu qurumların hansı məqsədə xidmət etdiyini göstərir.
Bu gün beynəlxalq ekspertlər Azərbaycanı qlobal geosiyasətindən danışmaq üçün ən etibarlı məkan hesab edirlər. Prezident İlham Əliyevin düşünülmüş xarici siyasəti, qonşu dövlətlərlə balanslı münasibətlər qurması, Qoşulmama Hərəkatına üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirməsi, beynəlxalq təşkilatlarda doğru istiqamətlərdə fəaliyyət göstərilməsi konsepsiyasının hazırlaması və tətbiq etməsi, tərəfdaş ölkələrlə qarşılıqlı maraqları eyni müstəviyə gətirməsi, strateji düşüncəni ön planda tutması TŞ-də Ermənistanın son ümidlərinin puça çıxması ilə nəticələnib. Bu, Azərbaycan Prezidentinin və dövlətimizin uzaqgörən xarici siyasətinin bariz nümunəsidir.
Rəşad Bayramov
“İctimai.az” İnformasiya portalının rəhbəri
Yeni Azərbaycan Partiyasının üzvü, YAP Nəsimi rayon təşkilatı ƏPT sədr müavini