Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun müvafiq əmrinə əsasən, Nurlan Şakir oğlu Verdiyev Nazirliyin Aparatında yeni yaradılan Aqroparklarla iş sektorunun müdiri vəzifəsinə təyin olunub.
Xatırladaq ki, bu təyinatadək Nurlan Şakiroğlu uzun müddət keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) sistemində fəaliyyət göstərib və burada İnvestisiyaların cəlb edilməsi və müsabiqələrin təşkili sektorunun müdiri vəzifəsini icra edib.
O, Azərbaycan Dillər Universitetinin Avropaşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsini, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər kadrların yenidən hazırlanması fakültəsini müvafiq olaraq bakalavr və magistr pillələri üzrə fərqlənmə diplomları ilə bitirib.
Bununla yanaşı, Nurlan Şakiroğlu beynəlxalq səviyyədə də təhsil sahəsində kifayət qədər təcrübəyə malikdir. Belə ki, o, Çin Xalq Respublikasının Harbin Ticarət Universitetində “Biznes məlumatlarının toplanması, sistemləşdirilməsi və təhlili”, həmçinin Hindistan Respublikasının Caypuriya İdarəetmə İnstitutunda “Yaradıcı və innovativ müəssisənin inkişafı” adlı ixtisasartırma proqramlarını müvəffəqiyyətlə başa vurub.
Peşəkar fəaliyyəti dövründə o, 100-dən artıq yerli və beynəlxalq tədbirin iştirakçısı, eləcə də dövlət əmlakının özəlləşdirilməsi sahəsində təqdimatların müəllifi və məruzəçisi olub.
Hazırda Nurlan Şakiroğlu eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi kimi də fəaliyyət göstərir. O, dövlət idarəçiliyi, iqtisadi islahatlar, innovativ inkişaf, habelə avtobioqrafik mövzularda 40-a yaxın məqalənin müəllifi, eləcə də bakalavr hazırlığı üçün “Davamlı inkişafın idarə edilməsi” fənn proqramının həmmüəllifidir.
Peşəkar biliyi, idarəetmə təcrübəsi və innovativ yanaşmaları ilə seçilən Nurlan Şakiroğluna yeni vəzifəsində uğurlar arzulayırıq!












