Bildiyimiz kimi, Vətən müharibəsində tarixi qələbədən sonra, Azərbaycan sürətli şəkildə azad olunmuş ərazilərin bərpası prosesinə start verdi. Artıq, Qarabağda və Şərqi Zəngəzurda geniş miqyaslı layihələr icra olunur. Regionun əsas strateji üstünlüklərində birincisi onun tranzit marşurutlarının üzrəində yerləşməsidir. Azərbaycanın israrla açılmasını təklif etdiyi Zəngəzur dəhlizi bölgənin, daha geniş anlamda isə regionun iqtisadi inkişafında lokomotiv rolunu oynaya bilər. Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana, eləcə də, Azərbaycan ərazisindən Rusiyaya yüklərin daşınması üçün yeni əlverişli imkanlar yaranacaq. Sirr deyil ki, Zəngəzur dəhlizinin reallaşması türk dünyasının quru nəqliyyatı ilə birləşməsinə imkan yaradacaq. Orta Dəhlizin səmərəliliyinin artması ilə Xəzər dənizində Azərbaycanla həyata keçirilə biləcək layihələr, o cümlədən Naxçıvan və Rusiya ilə nəqliyyat, enerji əməkdaşlığı sahəsində Türkiyənin regiondakı strateji mövqeyinin əhəmiyyəti artacaq. Zəngəzur dəhlizinin açılması ilə Orta Dəhlizin dəmir yolu və avtomobil yolu ilə yükdaşıma qabiliyyəti artacaq ki, bu da Şərq-Qərb ticarətinin artmasına müsbət töhfə verəcək. Ordubaddan Naxçıvanın şimalında yerləşən Vəlidağ stansiyasına qədər olan 158 kilometrlik xətt əsaslı şəkildə təmir olunacaq. Bundan əlavə, xətt Vəlidağdan Ermənistan sərhədinə qədər 14 kilometr uzadılacaq. Bununla da Bakı-Tbilis-Qars dəmir yoluna alternativ olaraq Qars-Dilucu vasitəsilə Naxçıvan ərazisindən dəhlizə çıxış əldə etmək olacaq. Zəngəzur dəhlizinin Ermənistan sərhədinə qədər olan hissəsinin tikintisi davam edir, Horadizdən Naxçıvanın Ordubad rayonuna 166 kilometrlik yeni dəmir yolu çəkiləcək. Dəhlizin Ermənistana məxsus 43 kilometrlik hissəsinin tikintisi ilə bağlı Azərbaycanla Rusiya arasında danışıqlar aparılacaq. Zəngəzur dəhlizinin reallaşması, həmçinin, türk dünyasının quru nəqliyyatı ilə birləşməsinə imkan yaradacaq. Nəinki Cənubi Qafqaz, bütövlükdə türk dünyası üçün ən vacib layihələrdən biri, məhz Zəngəzur dəhlizinin reallaşmasıdır. Türkiyə və Azərbaycan Zəngəzur dəhlizinin reallaşması ilə bağlı sistemli fəaliyyətlər həyata keçirir, xüsusən də, Azərbaycan ilə Ermənistan arasında dəmiryolu komunikasiyasının bərpası ilə bağlı ümumi razılığın əldə edilməsi ondan xəbər verir ki, Zəngəzur dəhlizinin reallaşması imkanları kifayət qədər yüksəkdir. Eləcə də, Zəngəzur dəhlizinin açılması bölgədə sülhün iqtisadi zəmanəti olacaq. Ermənistan uzun müddətdir ki, bu prosesi ləngitməyə çalışır. Baxmayaraq ki, Ermənistan 10 Noyabr bəyanatını imzalamaqla bu öhdəliyi öz üzərinə götürüb.
Ölkə Prezidenti, cənab İlham Əliyevin səsləndirdiyi bəyanatlarından da aydın olur ki, Zəngəzur dəhlizinin açılması qaçılmazdır və Ermənistanla sülh müqaviləsinin əsas şərtlərindən biridir. Zəngəzur dəhlizinin açılmasından sonra, Azərbaycan ərazisindən Böyük İpək Yolunun şaxələnməsi mümkün olacaq. Birinci mərhələ yenə də, Azərbaycan Respublikasının Prezideti, cənab İlham Əliyevin təşəbbüsü ilə Bakı-Tiblisi-Qars dəmiryolunun açılması idi. İkinci mərhələ isə, Zəngəzur dəhlizindən keçərək oradan Naxçıvana, Qarsa, Qars üzərindən Türkiyəyə və Avropaya şərqdən gələn malları çatdıracaq. Eyni zamanda, bu dəhliz vasitəsilə Avropadan gələn mal və sərnişinlər şərq ölkələrinə çatdırılacaqdır. Beləliklə, Azərbaycan yeni logistik məkan kimi dünya ticarəti və iqtisadiyyatının mərkəzinə çevriləcək. Təbii ki, Zəngəzur dəhlizinin açılması Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımalarını da sürətləndirəcək. Azərbaycanda böyük Şərq-Qərb və Şimal-Cənub beynəlxalq dəhlizləri kəsişir. Bununla əlaqədar olaraq, son zamanlarda müzakirə olunan regiondakı bütün nəqliyyat dəhlizlərinin açılmasının strateji əhəmiyyətini xüsusilə qeyd etmək lazımdır.
Son dövrlər sülh danışıqlarında müəyyən irəliləyişin əldə olunması da Zəngəzur dəhlizi məsələsinin reallaşmasını yaxınlaşdırır, lakin bu dəhlizin açılmasından narahat olan qüvvələr də var. Eyni zamanda Zəngəzur dəhlizi Türk dünyasının birləşməsində əhəmiyyətli rola malikdir. Ermənistanla aparılan son danışıqlarda Zəngəzur dəhlizinin açılması ilə bağlı razılıqlar və bu layihənin reallaşmasında müəyyən irəliləyişlər əldə olunub. İran birmənalı Zəngəzur dəhlizinin açılmasının əleyhinədir və hər bir vasitə ilə buna mane olmağa çalışır. Digər tərəfdən Fransa da bu məsələdə maraqlı deyil, hətta Ermənistana silahla kömək edəcəyini vəd edir. Bu da, Ermənistandakı revanşist qüvvələri “ruhlandırır”. Son günlər Ermənistan tərəfindən təxribatların artması da bunun nəticələrindəndir.
Müşfiq Səfərov,
YAP Beyləqan rayon təşkilatının sədri