Mayın 16-da Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinn məlumatına görə iclası açan spiker Sahibə Qafarova bildirib ki, Milli Məclisin xüsusi iclası xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Sahibə Qafarova bu yubiley tədbirində iştirak edən xarici ölkələrin parlament sədrlərini və sədr müavinlərini, millət vəkillərini, beynəlxalq təşkilatların təmsilçilərini, diplomatları, bütün qonaqları Milli Məclisin adından səmimi salamlayaraq qeyd edib ki, xüsusi iclasda xarici ölkələrin 12 parlament sədri, 15 sədr müavini, 57 parlament üzvü, 4 beynəlxalq parlament təşkilatının, eləcə də xarici dövlətlərin diplomatik korpusunun təmsilçiləri iştirak edirlər. Spiker diqqətə çatdırıb ki, ümumiyyətlə, xarici ölkələrin 228 nəfər nümayəndəsi Bakıya təşrif buyurub, qonaqlarımızın təmsil etdikləri ölkələrin coğrafiyası dörd qitəni əhatə edir və bu gün iclasda hörmətli qonaqların ürək sözləri dinləniləcək.
Sonra Milli Məclisin sədri kürsüyə keçərək böyük şəxsiyyət və müdrik rəhbər Heydər Əliyev haqqında düşüncələrini tədbir iştirakçıları ilə bölüşüb.
Spiker Sahibə Qafarova qeyd edib ki, həqiqi milli liderlər həm sağlığında, həm də dünyasını dəyişəndən sonra onların əməllərinin və ideyalarının sönməz nuru mənsub olduqları xalqın həyatına və tale yoluna işıq salır. O, bildirib ki, Azərbaycanın öz tarixi ərzində yetişdirdiyi ən böyük siyasi və dövlət xadimlərindən biri olan Heydər Əliyevin keçdiyi ömür yolu doğma torpağa və xalqa məhəbbət və sədaqət meyarına çevrilmiş, fəaliyyəti dünya siyasət sənəti xəzinəsinə daxil olmuşdur. Onun sayəsində xalqımız əvvəlcə siyasi və dövlət müstəqilliyinin möhkəm təməlini yaratmış, daha sonra isə müstəqil dövlətini qurmaq, qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı reallaşdıra bilmişdir.
Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, 1969–1982-ci illərdə Azərbaycana ilk rəhbərliyi dövründə Heydər Əliyevin dahiyanə idarəçilik qabiliyyəti, strateji təfəkkürü və uzaqgörənliyi sayəsində ölkəmiz heyrətamiz inkişaf yolu keçdi. Sovet İttifaqının ən geridə qalmış respublikalarından biri olan Azərbaycan qısa müddət ərzində tənəzzüldən çıxaraq yüksəliş yoluna qədəm qoydu. Heydər Əliyev böyük uzaqgörənliklə bütün dövlət hakimiyyəti orqanlarının işini xalqın iqtisadi, sosial-mədəni tərəqqisi və milli oyanışı siyasətinin reallaşmasına yönəltdi. Ölkə həyatının bütün sahələrində quruculuq işləri geniş vüsət aldı. Minlərcə sənaye müəssisəsi inşa edildi, kənd təsərrüfatı istehsalı dəfələrlə artırıldı. Azərbaycan aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrildi.
Spiker vurğulayıb ki, Heydər Əliyevin dövründə keçmiş SSRİ məkanında İttifaq büdcəsindən dotasiya almayan iki respublikadan birinə çevrilən Azərbaycanın gələcəkdə müstəqil dövlət kimi yaşaya bilməsinə imkan verən zəngin iqtisadi potensial yaradıldı.
Bu illərin tariximizə mədəni intibah dövrü kimi daxil olduğunu qeyd edən Sahibə Qafarova Azərbaycan incəsənətinin bütün sahələrində yüksəliş dövrü yaşandığını, ədəbiyyat, musiqi, teatr, balet və digər yaradıcılıq sahələrinin sürətlə inkişaf etdiyini söyləyib. Diqqətə çatdırılıb ki, xalqın milli mənlik şüurunun güclənməsinə təkan verən, tarixi ənənələrinin qorunmasına yönələn işlər həyata keçirildi, mövcud imkanlar daxilində xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsaslar genişləndirildi. Eyni zamanda, təhsilin inkişafına, respublikadan kənarda kadr hazırlığına diqqət artırıldı, hərbi sahədə milli kadr potensialının yaradılması istiqamətində zəruri tədbirlər görüldü.
Heydər Əliyevin 1982–1987-ci illərdə Sov.İKP Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışmasından danışan Sahibə Qafarova onun bu vəzifədə SSRİ-nin 12 nazirliyinin və 20-yə yaxın komitəsinin fəaliyyətinə nəzarət etdiyini diqqətə çatdırıb. Həmçinin, Heydər Əliyevin rəhbərlik etdiyi Operativ Məsələlər Komissiyası Sovet İttifaqının təsərrüfat idarəçiliyinin bir çox aktual məsələləri ilə məşğul olurdu və onun rəhbərliyi ilə sosial sahədə, təhsildə və səhiyyədə islahatlar aparılırdı. Spiker Sahibə Qafarova bildirib ki, bundan əlavə, Ulu Öndər xarici iqtisadi əlaqələr sistemini idarə edən əsas rəhbərlərdən biri idi, SSRİ-nin Asiya və Yaxın Şərqdə beynəlxalq əlaqələri ilə bağlı qərarların qəbul edilməsində mühüm rol oynayırdı. O, bir sıra digər sahələrə aid layihələrdə də yaxından iştirak edirdi.
Sahibə Qafarova xüsusi vurğulayıb ki, Moskvada çalışanda da Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafı üçün qüvvə və bacarığını əsirgəmirdi. Qeyd olunub ki, Ulu Öndərin Moskvada hakimiyyətin ən yüksək zirvəsində olması Azərbaycana qarşı düşmənçilik niyyəti bəsləyən qüvvələrin qarşısında ən böyük sipər idi. 1987-ci ilin oktyabr ayında Heydər Əliyev Sovetlər Birliyinin rəhbərliyində yüksək vəzifələrdən uzaqlaşdırıldıqdan sonra bu qüvvələr fəal hərəkətə keçmək üçün fürsət qazandılar. Məhz həmin istefa Azərbaycana qarşı məkrli planların reallaşdırılması yolunda ilk addım oldu.
Milli Məclisin sədri Sahibə Qafarova bir məqama diqqəti cəlb edərək bildirib ki, Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi, Sovet İttifaqının rəhbərlərindən biri olduğu dövrlərin təhlili göstərir ki, etibarlı və səriştəli siyasi rəhbərlik amili cəmiyyətin və dövlətin inkişafında həlledici rol oynayır. Bu həqiqəti xalqımızın 1988–1993-cü illərin faciəli hadisələri zamanı bir daha yəqin etdiyini vurğulayan Sahibə Qafarova deyib ki, respublika rəhbərliyində bir-birini əvəz edən şəxslərin qeyri-peşəkarlığı, bəzən də xəyanət yoluna düşməsi, müxtəlif qüvvələrin hakimiyyət uğrunda mübarizəsi, hərc-mərclik, xaos Azərbaycanı fəlakət həddinə gətirib çıxarmışdı. Ermənistandan azərbaycanlıların kütləvi şəkildə qovulması, Sumqayıt fitnəsi, Qanlı yanvar qırğını, xalqımızın maddi və mənəvi sərvətlərinin talan edilməsi, Xocalı soyqırımı, digər faciələr, Şuşanın, Laçının, başqa torpaqlarımızın işğal edilməsi, insanlarımızın öz vətənində didərgin salınması − bütün bunlar Azərbaycana qarşı yönələn məkrli planın mərhələ-mərhələ həyata keçirilməsinin nəticələri idi.
O vaxt çoxlarında Azərbaycanın bu qədər böyük təhlükələrdən qurtulacağına və 1991-ci ildə bərpa etdiyi müstəqilliyini qoruyub saxlayacağına inamın itdiyini deyən Sahibə Qafarova bildirib ki, məhz belə bir məqamda dillərdə dastan olan vətəndaş hünəri, siyasətçi qəhrəmanlığı tarixin gedişini dəyişdi, Azərbaycan üçün yazılmış ssenarilər alt-üst edildi. 1993-cü ilin iyun ayında Heydər Əliyevin dövlət rəhbərliyinə qayıdışı sayəsində Azərbaycan uçurumun bir addımlığından geri döndü, itirmək üzrə olduğu siyasi və dövlət müstəqilliyini qoruyub saxlaya bildi, xalqımızın mənliyi və ləyaqəti müdafiə olundu.
Sahibə Qafarova vurğulayıb ki, o vaxt ölkədə cərəyan edən proseslərə Heydər Əliyevin şəxsi müdaxiləsi olmasaydı, bu gün müstəqil Azərbaycan dövləti haqqında danışmaq çox çətin olardı. Milli Məclisin sədri bildirib ki, Ulu Öndərin o dövrdəki fəaliyyətinin əhəmiyyəti onun belə bir kəlamında çox dəqiq ifadə olunub: “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”.
Spiker deyib ki, Azərbaycan dövlətini tarixin çətinliklərindən çıxarıb xilas etmək, sabit və ardıcıl inkişaf yoluna çıxarmaq üçün böyük siyasi iradə və qətiyyət, çevik və dərin ağıl, zəngin təcrübə və ən əsası, xalqa tükənməz məhəbbət tələb olunurdu. Sahibə Qafarova əminliklə bildirib ki, Ümummilli Liderimizin dünyanın böyük güclərinin iradəsinə qarşı çıxması onun öz xalqı və Vətəni qarşısında fədakarlığı idi və tamamilə təbiidir ki, sonralar ölkənin qanunvericilik orqanı xalqın arzu və istəklərini nəzərə alaraq, Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü “Milli qurtuluş günü” kimi dəyərləndirmişdir.
Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətini xalqa sədaqətlə xidmətin, onun yolunda hər cür fədakarlığın timsalı kimi dəyərləndirən Sahibə Qafarova vurğulayıb ki, Ümummilli Liderin 1993-cü ildən 2003-cü ilədək olan on il ərzində həyata keçirdiyi nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir. Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, Ulu Öndərin xilaskarlıq missiyasında ilk addımı ölkəni dağılmaq və parçalanmaq həddinə gətirib çıxarmış dövlət və hakimiyyət böhranını aradan qaldırmaq, vətəndaş müharibəsi təhlükəsinin, terror və dövlət çevrilişi cəhdlərinin qarşısını almaq oldu. Ulu Öndər torpaqlarımızı müdafiə etməyi bacaran milli ordunun formalaşdırılmasını ən vacib vəzifələrdən biri kimi irəli sürdü. Bu istiqamətdə qəti tədbirlərin həyata keçirilməsi döyüş əməliyyatları zonasında dönüş yaratdı. 1994-cü ilin may ayında cəbhə xəttində atəşkəs elan olundu.
Spiker deyib ki, ölkədə möhkəm ictimai-siyasi sabitliyin təmin edilməsi Azərbaycan dövlətinin yeni neft strategiyasının həyata keçirilməsinə imkan yaratdı və Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının işlənilməsinə dair xarici neft şirkətləri ilə onlarca saziş imzalandı, Azərbaycan iqtisadiyyatına milyardlarla dollar məbləğində investisiya cəlb edildi.
Neftdən götürülən gəlirdən xalqın mənafeyi üçün daha səmərəli istifadə edilməsi məqsədi ilə Neft Fondu yaradıldığını bildirən Sahibə Qafarova Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün Bakı–Tbilisi–Ceyhan neft, Bakı–Tbilisi–Ərzurum qaz kəmərlərinin çəkilişinə başlandığını qeyd edib. Neft sənayesinin dirçəlməsinin iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına da şərait yaratdığını diqqətə çatdıran spiker Sahibə Qafarova deyib ki, bazar iqtisadiyyatı prinsipləri tətbiq olunub, iqtisadi islahatlar, o cümlədən torpaq islahatı, özəlləşdirmə aparılıb və ölkəmiz ardıcıl və dinamik inkişaf yoluna çıxıb.
Sahibə Qafarova Azərbaycan Respublikasının elmi əsaslar üzərində qurulan xarici siyasət konsepsiyasının hazırlanaraq həyata keçirilməsindən danışıb. O, bildirib ki, Azərbaycanı dünyaya birləşdirən siyasi bağlar möhkəmləndirildi, xarici dövlətlərlə yaxın münasibətlər quruldu, ölkəmiz nüfuzlu beynəlxalq təşkilatların bərabər hüquqlu üzvü oldu. Həmçinin Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, hakimiyyət bölgüsünə və demokratik təsisatların yaranmasına, qanunun aliliyinə təminat verən yeni Konstitusiya hazırlandı və qəbul olundu, demokratik seçki mexanizmi bərqərar edildi.
Spiker Sahibə Qafarova Azərbaycanda Şərq və müsəlman aləmində ilk dəfə olaraq ölüm cəzasının ləğv edilməsinin və digər tədbirlərin dövlətimizin beynəlxalq aləmdə nüfuzunu xeyli artırdığını diqqətə çatdıraraq, ölkədə onlarca yeni siyasi partiyanın yaradıldığını və sərbəst fəaliyyətə başladığını qeyd edib. Bildirilib ki, Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası hakim partiya və cəmiyyətin aparıcı siyasi qüvvəsi oldu.
Milli Məclisin sədri deyib ki, milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətin, ədəbiyyatın və incəsənətin inkişafı üçün lazımi tədbirlər görüldü, milli dövlətçilik ideologiyası və idarəçilik fəlsəfəsi formalaşdırıldı. Azərbaycançılıq, müstəqillik və dövlətçilik amalları naminə milli həmrəyliyin yaradılması istiqamətində əməli addımlar atıldı. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızla əlaqələrin inkişaf etdirilməsi, diaspor təşkilatlarının yaranmasına kömək göstərilməsi dövlət siyasətinin tərkib hissəsinə çevrildi.
Sahibə Qafarova vurğulayıb ki, tale Heydər Əliyevi xüsusi bir missiya üçün seçmişdi və o özü də bunu hiss edirdi. Bu hiss, bu duyğu ona güc verir, başqalarını aciz edən çətinlikləri aradan qaldırmaqda, xalqımız üçün hazırlanmış buxovları qırmaqda ona kömək edirdi.
Heydər Əliyevin dərin zəkası və siyasi duyumu ilə mərdliyi, cəsarəti və əzmkarlığının vəhdət təşkil etdiyini deyən spiker Sahibə Qafarova onun bütün varlığının vətənə məhəbbətlə yoğrulduğunu, gücünü xalqdan aldığını, xalqın da Heydər Əliyevə sonsuz sevgi və ehtiramı ilə cavab verdiyini bildirib. Sahibə Qafarova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu Öndərin fəaliyyəti haqqında dediyi sözlərindən sitat gətirib:
“Azərbaycan xalqı Heydər Əliyevin simasında güclü Lideri seçərək, öz taleyini ona etibar etdi və yanılmadı. Azərbaycan xalqı müdrik xalqdır, dəfələrlə ən çətin anlarda, ən çətin dövrlərdə yeganə düzgün müdrik qərar qəbul etmişdir.
Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti kimi misilsiz xidmətləri vardır. Məhz onun qoyduğu yolla bu gün Azərbaycan uğurla gedir”.
Spiker Sahibə Qafarova deyib ki, Heydər Əliyevin başladığı işləri eyni əzm və iradə ilə, daim dəyişən tarixi şəraitin tələblərinə uyğun şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti sabit və ardıcıl yüksəlişi və yeniləşməni gündəlik həyatımızın reallığına çevirmişdir. Cəmiyyət və dövlət həyatının bütün sahələrində əldə edilən uğurlar dünyanın diqqətini Azərbaycana cəlb etmişdir.
Sahibə Qafarova vurğulayıb ki, yaradılmış böyük siyasi, iqtisadi, hərbi potensial Ümummilli Liderimizin ən mühüm vəsiyyətini şərəflə yerinə yetirməyə imkan vermişdir – dövlətimizin taleyüklü problemi həll edilmiş, torpaqlarımızın 30 illik işğalına son qoyulmuş, ərazi bütövlüyümüz və tarixi ədalət bərpa olunmuşdur.
Azərbaycan Respublikasının gələcəyə inamla baxan, dünyanın geniş bir bölgəsində söz sahibi olan qüdrətli dövlət olduğunu deyən Sahibə Qafarova belə bir inam ifadə edib ki, həyata keçirilən uzaqgörən siyasət Azərbaycan dövlətinə və xalqına indiyə qədər olduğu kimi, qarşıdakı illərdə də yeni-yeni uğurlar gətirəcəkdir.
Spiker əminliklə bildirib ki, Heydər Əliyev dühasının və zəhmətinin bəhrəsi olan müstəqil Azərbaycan dövləti daim var olacaq, Ulu Öndərin dediyi kimi, “əbədiyyətə qədər yaşayacaqdır”.
Sonra Milli Məclisin xüsusi iclasında iştirak edən xarici ölkə parlamentləri sədrlərinin, parlamentlərin vitse-spikerlərinin, komitə sədrlərinin, parlamentlərarası dostluq qrupları rəhbərlərinin, beynəlxalq təşkilatların başçılarının çıxışları dinlənilib.
Tədbirdə Parlamentlərarası İttifaqın sədri Duarte Paçeko, Misir Nümayəndələr Palatasının sədri Hanafi Qibali, Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili, İordaniya Nümayəndələr Palatasının sədri Əhməd Ali Safadi, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanov, Qırğızıstan Jokorku Keneşinin sədri cənab Nurlanbek Şakiyev, Mərakeş Nümayəndələr Palatasının sədri Rəşid Əl Alami, Serbiya Milli Assambleyasının sədri Vladimir Orliç, Cənubi Afrika Respublikası Milli Assambleyasının sədri Nosivive Mapisa-Nqakula, Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Əlcəzair Xalq Palatası sədrinin müavini Səlim Şennofi, Belarus Parlamentinin Respublika Şurası sədrinin müavini Valeri Belski, Belarus Parlamentinin Nümayəndələr Palatası sədrinin müavini Valeri Mitskeviç, Xorvatiya Parlamenti sədrinin müavini Davorko Vidoviç, Macarıstan Milli Assambleyası sədrinin müavini Şandor Lejak, Malavi Parlamenti sədrinin müavini cənab Madalitso Kazombo, Moldova Parlamenti sədrinin müavini Mixail Popşoy, Pakistan Milli Assambleyası sədrinin müavini Zahid Akram Durrani, Rumıniya Parlamentinin Deputatlar Palatası sədrinin müavini Vasile-Daniel Suçiu, Rusiya Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin, Rusiya Federal Məclisinin Dövlət Duması sədrinin müavini Aleksey Qordeyev, Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurası sədrinin birinci müavini Hamad Əl Rahumi, Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratyuk, İtaliya Senatının Azərbaycan parlamenti ilə dostluq qrupunun rəhbəri Marko Skurria, Malayziya Nümayəndələr Palatasının Azərbaycan parlamenti ilə dostluq qrupunun rəhbəri Tuan Aminolhuda bin Hassan, Türkiyə Böyük Millət Məclisinin Büro katibi, millət vəkili Bayram Özçelik, Türkmənistan Parlamentinin Beynəlxalq və parlamentlərarası əlaqələr komitəsinin sədri Beqmurat Muhamedov, Venesuela Parlamentinin İnzibati və xidmətlər daimi komissiyasının sədri Pedro Karreno, Ərəb Parlamentinin sədri Adel bin Abdul Rahman Əl Asumi, Türkdilli Dövlətlərin Parlament Assambleyasının Baş katibi Mehmet Süreyya Er, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi Asəf Hacıyev, Qırğızıstan Parlamentinin 1-ci sədri Medetxan Şeremkulov çıxış ediblər.
Çıxışlarda Azərbaycan xalqının və dövlətinin tarixində əlamətdar hadisələrdən olan Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə dəvətə və bu mötəbər tədbirin yüksək səviyyədə təşkilinə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürlər ifadə olunub.
Xarici ölkə nümayəndələri bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin yüksək liderlik keyfiyyətləri, uzaqgörənliyi sayəsində müasir Azərbaycan öz dövlət müstəqilliyini qoruyub saxlaya və möhkəmləndirməyə nail olub. Onun Azərbaycanın tərəqqisi və inkişafında danılmaz xidmətlərindən bəhs ediblər. Ulu öndərin xilaskarlıq missiyasını uğurla yerinə yetirdiyini vurğulayıblar. Azərbaycanın beynəlxalq səviyyədə tanınmasında, nüfuzunun möhkəmlənməsində Heydər Əliyevin önəmli rolunu qeyd ediblər.
Çıxışlarda Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin bir çox çətinlikləri dəf edərək öz əzmi ilə ölkəsinin iqtisadi müstəqilliyinin əsasını qoyduğu qeyd olunub. Onun müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında, Azərbaycan dilinin, zəngin mədəni irsinin qorunmasında müstəsna xidmətlərindən danışılıb. Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dünya ölkələri ilə əlaqələrinin qurulmasında və inkişafında xidmətləri qeyd olunaraq, onun nəinki Azərbaycan xalqının, dost ölkə xalqlarının da taleyində xüsusi yerinin olduğu bildirilib. Vurğulanıb ki, Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasında, iqtisadi potensialının gücləndirilməsində, ölkənin regionda və dünyada nüfuzunun artmasında Heydər Əliyevin müdrik siyasəti önəmli rol oynayıb.
İclasda Heydər Əliyevin bütün türk dünyasının birliyi, həmrəyliyi naminə gördüyü işlər, irəli sürdüyü təşəbbüslər, türk dünyasının beynəlxalq nüfuzunun güclənməsinə verdiyi böyük töhfələr qeyd olunub. Onun siyasi kursunun mühüm istiqamətlərindən biri kimi türk dövlətləri ilə əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətində mühüm yer tutur. Qardaş ölkələrdə Ulu Öndərin adını daşıyan küçələrin, parkların açılışı, abidəsinin ucaldılması və digər mühüm addımlar türk dünyasının birliyinin güclənməsində, habelə Azərbaycanla türk dövlətləri arasında əlaqələrin inkişafında müstəsna xidmətləri olan Heydər Əliyevin əməyinə verilən dəyərin bariz nümunəsidir.
İclas iştirakçıları müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev ideyalarının ölkə Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini vurğulayıblar. Bu gün Azərbaycanda multikultural dəyərlərə önəm verildiyi, ölkəmizin dünyada və regionda sülhün və əmin-amanlığın təmin olunmasında atdığı addımlar təqdir edilib. Qeyd edilib ki, Heydər Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın dünya dövlətləri ilə dərinləşən və genişlənən əlaqələri bu gün yeni mərhələyə qədəm qoyaraq, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə daha da inkişaf etməkdədir.
Bildirilib ki, hazırda Azərbaycan mötəbər beynəlxalq təşkilatlarda da dünya ölkələri ilə əməkdaşlığını uğurla həyata keçirir. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan səmərəli fəaliyyət göstərir, bir çox mühüm təşəbbüslərlə çıxış edir.
Çıxışlarda dövlətlərarası əlaqələrin inkişafında parlamentlər səviyyəsində əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub. Parlament diplomatiyasının xüsusi rolundan danışan qonaqlar Azərbaycanın təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi çərçivəsində əlaqələrin möhkəmlənməsinin vacibliyindən bəhs ediblər.
Xarici ölkə nümayəndələri müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi xadim, dahi şəxsiyyət, xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinin daim hörmət və ehtiramla anılacağını bildiriblər.
Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Milli Məclisin xüsusi iclasına yekun vuran parlamentin sədri Sahibə Qafarova bildirib ki, Böyük siyasi və dövlət xadimi Heydər Əliyev bütün xalqlara və ölkələrə böyük ehtiramla yanaşırdı və Azərbaycanın dostlarının sayının çox olmasına çalışırdı. Çünki bilirdi ki, dövlət öz dostları və tərəfdaşları ilə güclüdür.
Milli Məclisin spikeri bu gün burada iştirak edən dostlara bir daha öz minnətdarlığını bildirib. Azərbaycan xalqının Ümummilli Liderinin 100 illik yubileyini onlarla birlikdə qeyd etməyin çox xoş olduğunu söyləyib.
Sahibə Qafarova vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan naminə yorulmaz fəaliyyəti ilə hələ sağlığında xalqımızın dərin hörmət və məhəbbətini qazanaraq onun qəlbində özünə möhtəşəm abidə ucaltmışdır. Onun ideyaları bugünkü və gələcək nəsillərin əməllərində yaşayır və daim yaşayacaqdır. Nə qədər ki Azərbaycan var, Heydər Əliyev də var olacaqdır.
Bununla Milli Məclisin bugünkü iclası başa çatıb.