Xətai rayonunda “Heydər Əliyev İli” çərçivəsində növbəti tədbirlər keçirilib.
Yeni Azərbaycan Partiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Heydər Əliyev İli” çərçivəsində Xətai rayonu, İlqar Zülfüqarov küçəsi 103 və 109 saylı yaşayış binalarının qarşısında parkın açılışı olub.
Tədbir iştirakçıları əvvəlcə yeni istifadəyə verilən parkda yaradılan şəraitlə tanış olublar.
Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində belə mühüm addımların atılmasının rəmzi mənası vardır. Çünki Ümummilli Lider Heydər Əliyev hakimiyyətinin hər iki dövründə yaşıllıqların genişləndirilməsini, ətraf mühitin qorunmasını daim diqqətdə saxlayırdı.
Sonra iştirakçılar yeni istifadəyə verilən parkda yerləşən Xətai Rayon Ağsaqqallar Şurasının binasının açılış mərasiminə qatılıblar.
Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid Milli Qəhrəman Məzahir Rüstəmovun atası, professor İzzət Rüstəmov onlara göstərilən bu diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Sonra çıxış edənlər – Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Ağsaqqallar Şurası sədrinin müavini Bayram Yusifov, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə və digərləri “Heydər Əliyev İli” çərçivəsində görülən işlərin, atılan addımların Ümummilli Liderin fəaliyyətinin bir istiqamətinin təqdimatı olduğunu söyləyiblər. Diqqətə çatdırılıb ki, bu gün istifadəyə verilən park Ulu Öndər Heydər Əliyevin bu günümüzə və gələcəyimizə hesablanmış siyasəti uğurla davam etdiyini göstərir. Dövlətimizin başçısı İlham Əliyev ölkəmizdə yaşıllıq zolaqlarının genişləndirilməsini daim diqqətdə saxlayır.