Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə Azərbaycan-türk millətinə qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan deyil, bəşər tarixində də ən qanlı faciələrdəndir. Qətliamlar zamanı ermənilər minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Erməni daşnakları və bolşeviklər Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə azərbaycanlı əhaliyə qarşı ağlasığmaz vəhşiliklər törədərək 70 mindən çox günahsız insanı xüsusi qəddarlıqla qətlə yetirib, kəndləri yandırıb, sakinləri yurd-yuvalarından didərgin salıblar. 1918-1920-ci illərdə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı nəticəsində indiki Ermənistan ərazisində, yəni, Qərbi Azərbaycan torpaqlarında yaşayan əhalinin çox böyük hissəsi, təxminən 565 min nəfəri vəhşicəsinə öldürülüb, yaxud öz dədə-baba torpaqlarından qovulub. 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Ermənilərin silahlı hücumu nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında 16 mindən çox insan xüsusi qəddarlıqla qətlə yetirilib, 167 kənd dağıdılıb.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq etmişdir. 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı. Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Məzarlıqda 500-dək insan kəlləsi vardı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır. Kompleksin ümumi sahəsi 3,5 hektardır və 5 hissədən ibarətdir.
Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsinin təmin edilməsi tapşırılmış, həmçinin Milli Məclisə soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilmişdir.
Azərbaycanın tarixi faktlara əsaslanan təbliğatı, diplomatik mübarizədə qələbəsi 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə də öz sözünü dedi. Şanlı Qələbəmizdən sonra paytaxt Bakıda açıq səma altında salınan Hərbi Qənimətlər Parkı, Gəncədə yaradılan Memorial Kompleks, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə dil açan hər bir daş, qaya erməni vəhşiliklərinə və onlara kimlərin havadarlıq etməsinə şahidlik edir.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.