İkinci Qarabağ müharibəsində Azərbaycanın parlaq qələbəsi nəinki ölkə tarixinin, bütövlükdə dünyanın hərbi əfsanəsinə çevrildi. 4 oktyabr 2020-ci il tarixində Ali Baş Komandan İlham Əliyevin müjdəsini verdiyi Cəbrayıl şəhəri 27 illik əsarətdən sonra işğaldan azad olundu. Nəhayət ki, Cəbrayıl uzun müddət düşmən tapdağında qaldıqdan sonra işğaldan azad olunaraq yenidən Azərbaycan torpaqlarına birləşdirildi.
Həmin gün bütün Azərbaycan xalqı, o cümlədən cəbrayıllılar, böyük sevinc içində idilər. Bu tarixi müjdəyə sevinən xalqımız Azərbaycanın bütün şəhər və bölgələrində üçrəngli bayraqlarımızı dalğalandıraraq, bir daha qələbəmizə olan sevgilərini böyük coşqu ilə nümayiş etdirdilər. Bu günü görmək, bu sonsuz sevinc hisslərini yaşamaq xalqımızın ən böyük arzusu idi.
Ermənilər Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.
1993-cü ildən ötən dövr ərzində böyük əziyyətlər hesabına əldə edilən nailiyyətlər, qazanılan uğurlar zərrə-zərrə bizi möhtəşəm qələbəyə yaxınlaşdırdı. Bu böyük sevinci cəbrayıllılara, bütün xalqımıza bəxş edən möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, xalqımızın bütün igid, qəhrəman əsgər və zabitlərinə ürəkdən təşəkkür edirik. Sevinirik ki, həyat öz axarına düşür, Cəbrayıl camaatı öz ata-baba yurdlarına qayıdır və yenidən xoşbəxt, firavan həyat sürməyə başlayır.
Cəbrayıl rayonu 2020-ci ildə işğaldan azad edildikdən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə regionda “Böyük Qayıdış” proqramı çərçivəsində genişmiqyaslı bərpa, yenidənqurma və infrastruktur layihələri sürətlə həyata keçirilir.
“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” tərəfindən idarə olunan bu proses əhalinin doğma yurdlarına təhlükəsiz və rahat qayıdışını təmin etməyə yönəlib.
Cəbrayıl şəhərinin Baş planına uyğun olaraq çoxmənzilli yaşayış kompleksləri, fərdi evlər və inzibati binalar inşa edilir. İlk çoxmənzilli yaşayış məhəllələri artıq istifadəyə verilib və sakinlər köçürülüb. Həmçinin Şükürbəyli və Horovlu kəndlərində də sakinlərin bir qismi köçürülüb və artıq öz doğma kəndlərində yaşayırlar.
Rayonun böyük kəndlərindən olan Soltanlı kəndində irimiqyaslı tikinti işləri yekunlaşmaq üzrədir. Macarıstan şirkətləri ilə birgə layihələndirilən kənddə 420-dən çox müasir fərdi ev, sosial obyektlər və infrastruktur qurulur və bura yaxın zamanda əhalinin köçürülməsi planlaşdırılır.
Bütün bunlar onu söyləməyə əsas verir ki, tezliklə Cəbrayıl eləcə də işğaldan azad olunmuş digər rayonlarımız dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək.
İşğaldan azad edilən bölgələrin yenidən qurulması və dirçəlməsi üçün davamlı tədbirlər həyata keçirilir. Bu istiqamətdə ən çox diqqət çəkən məqamlardan biri də yeni məktəblərin tikilməsidir. Şuşada, Füzulidə, Xankəndidə və digər bölgələrdə, bu gün isə Cəbrayılda, onun kəndlərində məktəbin fəaliyyətə başlaması qürurvericidir.
Bu gün Cəbrayıl şəhərinə gedib sakinlərlə görüşəndə, orada görülən işlərlə tanış olanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən güclü siyasətin, xalqımızın böyük qəhrəmanlığı və Qarabağ zəfərinin nəticəsini müşahidə edirik. Müzəffər Ali Baş Komandanın iradəsi, ordumuzun rəşadəti sayəsində torpaqlarımız işğaldan azad edildi və bu gün Cəbrayıl öz sakinlərini yenidən qucaqlayır.
Azərbaycanın iqtisadi gücü, həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri, dövlətimizin siyasi möhkəmliyi məhz bu reallığı təmin edib. Ölkəmizin hər bir bölgəsində, xüsusilə də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr, Prezidentimizin uzaqgörən siyasətinin bariz göstəricisidir.
Milli Məclisin deputatı Ceyhun Məmmədov











