Xalqımızın Ulu Öndəri, əbədiyaşar şəxsiyyət Heydər Əliyevin müəyyən etdiyi yolla öz inkişaf yolunu müəyyən edən Azərbaycan bu gün müstəqillik tarixinin ən qüdrətli və ən şərəfli dövrünü yaşayır. Əldə edilən bütün nailiyyətlərimiz ilk növbədə hər bir istiqamət üzrə həyata keçirilən dövlət siyasətinin mütərəqqi olmasından, milli maraq və mənafelərimizi təmin etməsindən xəbər verir.
İnformasiya.az xəbər verir ki, bu sözləri “Azərbaycan” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev deyib.
“Azərbaycanın yüksəlişinin, qüdrətli dövlətə çevrilməsinin fonunda gənclər siyasətinin uğurları aydın görünməkdədir. Bu siyasətin nəticəsidir ki, gənclik bütün milli proseslərin, dövlətə və xalqa xidmət amallarının önündə gedir, vətənimizin daha böyük nailiyyətlər qazanmasına öz layiqli töhfələrini verir. Bütün bunlar Ulu Öndərimiz Heydər Əliyevin müəllifi olduğu dövlət gənclər siyasətinin möhkəm və sağlam, ən əsası milli və dövlətçilik dəyərlərinə bağlı təməllər üzərində bərqərar olmasından xəbər verir. Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən elan olunan 2 Fevral – Azərbaycan Gəncləri Günü yalnız gənclər tərəfindən deyil, cəmiyyətimizin bütün təbəqələri tərəfindən böyük sevgi və coşqu ilə qarşılanır.
Ulu Öndər siyasi rəhbərlikdə olduğu bütün dövrlərdə gənclərə böyük dəyər verib onların cəmiyyətdəki yerini və rolunu yüksək qiymətləndirib. Müstəqillik illərində gənc nəslin potensialından düzgün istifadə olunmasının prioritet kimi müəyyən edilməsi, bu sahədə dövlət siyasətinin vahid mərkəzdən koordinasiya edilməsi məqsədilə Gənclər və İdman Nazirliyinin yaradılması məhz Heydər Əliyevin adı ilə bağlıdır. 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin də iştirakı ilə keçirilən Azərbaycan Gənclərinin Forumu nəinki dövlət gənclər siyasətinin, bütövlükdə ictimai-siyasi fikrin mühüm hadisələrindən biri kimi xatırlanacaq.
Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti Ulu Öndərin adına layiq şəkildə, dövrün çağırış və reallıqları nəzərə alınmaqla davam etdirilir. Ötən 20 ildə bu istiqamətdə atılan addımlara qısa nəzər salmaqla gənclər siyasətinin nə qədər zəngin, uğurlu və nəticəyönümlü olduğunu görmək mümkündür. Bu dövrdə ardıcıl şəkildə gənclərlə bağlı dövlət proqramlarının qəbul edilməsi, gənclərin xaricdə təhsilinin dövlət tərəfindən təşviq olunması və dəstəklənməsi, 2007-ci ilin “Gənclər ili” elan olunması, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi, regionlarda “Gənclər evi”nin yaradılması, gənc ailələrin sosial qayğılarının dəstəklənməsi, ipoteka şərtlərinin sadələşdirilməsi məhz gənclərin inkişafına, cəmiyyətdə öz layiqli yerlərini tutmalarına, qayğılarının aradan qaldırılmasına hesablanmış mütərəqqi addımlardır. Beləliklə, uğurla reallaşan dövlət gənclər siyasətinin nəticəsi kimi ötən 20 ildə gənclərin inkişafında, təhsilində, məşğulluqlarının təmin edilməsində, ən əsası gənc nəslin cəmiyyət həyatının bütün sferalarında təmsilçilik səviyyələrində pozitiv dəyişikliklər baş verib.
İndiyə qədər Azərbaycan gənclərinin 9 forumu keçirilib və reallıq göstərir ki, hər bir forum gənclər hərəkatının daha da inkişafına böyük töhfələr verib. Bu gün ölkəmizdə elə bir sahə yoxdur ki, orada gənclər təmsil olunmasınlar. Azərbaycan gəncinin səsi dövlət idarəetməsindən, mötəbər beynəlxalq təşkilatlardan, dünyanın ən nüfuzlu ali məktəblərindən gəlir. Azərbaycan gənci beynəlxalq idman yarışlarında, mötəbər platformalarda respublikamızı layiqincə təmsil edir.
Mütərəqqi gənclər siyasətinin nəticəsidir ki, Azərbaycan gənci vətənpərvər, milli ideyalara bağlı, dövlətə, xalqa sədaqət ruhunda yetişir, formalaşır. Vətənə xidmətin ən böyük nümunələrini isə gənclərimiz 44 günlük Vətən müharibəsində və ondan sonrakı hərbi əməliyyatlarda, Qarabağda həyata keçirilən antiterror tədbirlərində yaratdılar. Əldə silah torpaqlarımızın azadlığı uğrunda döyüşən, bu yolda müqəddəs şəhidlik məqamına ucalan qəhrəmanlarımızın böyük hissəsi məhz gənclərimiz idi. Onlar öz qəhrəmanlıqları ilə Azərbaycan gəncinin vətən və torpaq sevgisini, fədakarlığını bütün dünyaya nümayiş etdirdilər. Şəhid gənclərimizin əziz xatirəsi hər zaman xalqımızın qəlbində yaşayacaq.
Dövlət gənclər siyasətindən irəli gələrək gənclərin ictimai fəallıqlarının yüksəldilməsi və stimullaşdırılması, təşəbbüslərinin dəstəklənməsi 2023-cü il ərzində Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən də diqqət mərkəzində saxlanılıb. Belə ki, il ərzində müxtəlif məzmunlu çoxsaylı tədbirlər – layihələr, proqramlar, görüşlər, təlimlər, seminarlar, aksiyalar keçirilib. Həmçinin gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə idman yarışları, intellektual oyunlar, ekskursiyalar təşkil olunub. Tədbirlərimizin bir qismi Azərbaycan Respublikasının Gənclər Fondu, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman və Mədəniyyət nazirlikləri, Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyi və digər qurumlarla birgə təşkilatçılıq çərçivəsində reallaşıb.
Xüsusilə qeyd etmək istərdim ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi Naxçıvan gəncləri tərəfindən böyük ehtiramla qeyd olunub. 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar olaraq il ərzində Naxçıvanda 216 gəncin iştirakı ilə “Gənclərin Qış Məktəbi”, “Fövqəladə Hallara Hazırlıq Düşərgəsi”, “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda seminarlar, 2500 nəfər gəncin iştirakı ilə “Naxçıvan marafonu-2023” yarışı, “Dövlət gənclər siyasəti: Heydər Əliyev və müasir gənclik” mövzusunda tədbir, “Gənc Dövlət Qulluqçularının II Çoxnövçülük Kuboku” intellektual turniri, “Heydər Əliyev və gənclər siyasətinin Azərbaycan modeli” mövzusunda konfrans, respublikanın 50 şəhər və rayonundan 500 komandadan ibarət, 4000-dən çox gəncin iştirakı ilə “İntellektual Klubların IV Gənclər Liqası”, “Heydər Əliyev və insan hüquqları” mövzusunda bilik yarışı, İbtidai Sinif Müəllimlərinin Naxçıvan Forumu və ağacəkmə aksiyası keçirilib. Hər bir tədbirin məqsədi Ulu Öndər Heydər Əliyevin siyasi irsinin və həyat yolunun gənclər arasında təbliğindən, həmçinin gənclərin bu istiqamətdə məlumatlılığının artırılmasından ibarət olub.
Ötən ilin dekabr ayında Bakı Konqres Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan və ölkədə fəaliyyət göstərən 3 minə yaxın könüllünü bir araya toplayan “Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu”nda Naxçıvan Gənclər Fondunun 8 nəfər könüllüsü “İlin könüllüsü” mükafatına layiq görülüb.
Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu bundan sonra da gənclərin asudə vaxtının səmərəli təşkili, onların bilik və bacarıqlarının, vətənpərvərlik hisslərinin artırılması, könüllülük fəaliyyətində fəal iştirakları, eləcə də layiqli vətəndaş kimi yetişmələri üçün zəruri tədbirləri davam etdirəcək.
Azərbaycan gənci öz dövlətinə, xalqına, dövlətçilik amallarına və milli dəyərlərə bağlıdır. Öz mənəvi məsuliyyətini düzgün dəyərləndirən gənc nəsil bundan sonra öz fəaliyyəti ilə qarşıdakı yeni inkişaf mərhələsində də ölkəmizin yüksəlişinə layiqli töhfələrini verəcək”.