Ali Avrasiya İqtisadi Şurasının mayın 25-də Moskvada keçirilən geniş tərkibdə iclasında Azərbaycan Prezidenti İlham Əliyev qonaq qismində, Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə iştirak edib:
“Qeyd edim ki, Azərbaycan ikitərəfli formatda, Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə sıx əlaqələrə malikdir. Azərbaycanın həmin ölkələrlə 5 milyard dollara yaxın ticarət dövriyyəsi var. Bu gün Azərbaycanın güclü iqtisadiyyatı var, bizim heç kimin dəstəyinə ehtiyacımız yoxdur. Bu da bizə imkan verir ki, xarici siyasətimizi uğurla həyata keçirək”.
Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır: “Zəngəzur dəhlizi region ölkələrinin tranzit potensialını yüksəldir və nəqliyyat sahəsində yeni imkanlar açır. Azərbaycan müasir nəqliyyat-tranzit infrastrukturuna malikdir”. Azərbaycan ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünün müəllifidir.
Ermənistanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını nəzərə alsaq, sülh sazişinə nail olmaq üçün imkanlar var.
İclasda Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı məsələyə cavab verməyə çalışdı: “Ancaq cavab çox uğursuz oldu. Prezident onun bütün suallarına konkret və dəqiq cavab verdi. Laçın-Xankəndi yolu açıqdır. Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili yardım maşınları keçir.
Onu da qeyd edim ki, Rusiya prezidenti də Azərbaycanın mövqeyini dəstəkləyəcək açıqlamalarla çıxış etdi. Bu da xüsusi önəm və əhəmiyyət daşıyan məsələdir. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması işində Rusiya önəmli rol oynayır.
Bununla da Azərbaycan öz siyasi mövqeyini daha da möhkəmləndirdi və gücləndirdi”.
Milli Məclisin deputatı Ceyhun Məmmədov