Bildiyimiz kimi, 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbədən sonra, erməni işğalından azad olunan tarixi torpaqlarımızda böyük bərpa və quruculuq işləri aparılır. Bu isə, öz növbəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin siyasi iradəsi, şəxsi qətiyyəti, hərbi sərkərdəlik məharəti, ordumuzun rəşadəti və xalqımızin bölünməz birliyi sayəsində qazanılmış şanlı qələbənin davamı olan “Böyük Qayıdış”ın reallaşması deməkdır. Müxtəlif dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət və işğaldan azad edilmiş ərazilərin bərpası, habelə, yenidən qurulması üzrə məsələlərin operativ həlli məqsədilə işçi qruplar fəaliyyətə başlamışdır. “Böyük Qayıdış”a dair bütün əsaslar və mexanizmlər mövcuddur. Bu fakt bir daha Azərbaycan xalqının, dövlətinin və ölkə rəhbərinin Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarını yüksək inkişaf etmiş regionlara çevirmək istəyinin, məqsədinin və əzminin ifadəsidir. Şübhəsiz ki, bu missiya çox çətin, mürəkkəb, lakin şərəfli və mühüm bir vəzifədir. Qarabağın və Şərqi Zəngəzurun inkişafı, “Böyük Qayıdış”ın reallaşması təkcə ərazi bütövlüyünün bərpası, vətəndaşlarımızın doğma yurdlarına dönməsi, ölkəmizin hərbi qüdrətinin artması ilə yanaşı, iqtisadi imkanlarımızın daha da artmasına səbəb olacaqdır.
Faktiki olaraq, 30 ilə yaxın bir müddət ərzində davam edən erməni terroru, vandalizmi nəticəsində Qarabağda, Şərqi Zəngəzurda humanitar və ekoloji fəlakət törədilmiş, qədim tarixi, mədəni, dini irsimiz məhv edilmiş, evlər dağıdılmışdır. Çox böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, erməni işğalçıları ilə bərabər, onların havadarı olan dövlətlər, həmçinin, bir sıra xarici şirkətlər də sərvətlərimizi istismar və talan etmişlər.
Tarixi ədalətin, respublikamızın ərazi bütövlüyünün və xalqımızın milli ləyaqətinin bərpasını təmin edən şanlı Zəfər istər ölkəmizdə, istərsə də, bütövlükdə Cənubi Qafqaz regionunda yeni siyasi, sosial-iqtisadi, mədəni-humanitar və hərbi-strateji çağırışların meydana çıxmasını şərtləndirdi. Əvvəla, Azərbaycan 30 ilə yaxın müddət ərzində işğal faktının, separatizmin hökm sürdüyü, toqquşma və qarşıdurmaların intensiv xarakter daşıdığı bölgədə yeni əməkdaşlıq imkanlarının, təhlükəsizlik mühitinin formalaşdırılması üçün əlverişli şərait yaratdı. Bu imkanlardan səmərəli istifadə Cənubi Qafqazın uzunmüddətli perspektivdə, həm region dövlətlərinin, həm də, güc mərkəzlərinin maraqlarının uzlaşdığı çoxşaxəli tərəfdaşlıq məkanına çevrilməsini mümkün edir. Bu isə, geosiyasi, hərbi-strateji baxımdan mühüm əhəmiyyətə malik olmaqla yanaşı, iqtisadi cəhətdən də faydalı və perspektivlidir. Digər tərəfdən, postmüharibə dönəmində yeni hədəflər müəyyənləşdirən Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində sistemli fəaliyyət həyata keçirməklə, həm mütərəqqi quruculuq və regional inkişaf modeli, həm də, bölgədə yeni tərəfdaşlıq platforması yaradır. Belə ki, müəyyən olunmuş strateji prioritetlərə uyğun olaraq, Azərbaycan dövləti öz iqtisadi gücü hesabına, müasir texnologiyalardan istifadə edərək və innovasiyalar tətbiq etməklə, bərpa-quruculuq işləri aparır. Bu proses çərçivəsində xarici tərəfdaşlarla da səmərəli əməkdaşlıq əlaqələri qurulur və birgə təşəbbüslər əsasında mühüm layihələr reallaşdırılır…
Sabit Mehdiyev,
YAP Beyləqan rayon təşkilatının məsləhətçisi