Ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsilə əlaqədar prokurorluq orqanları tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilir. Tədbirlərin davamı olaraq, iyunun 2-də Baş Prokurorluqda “Ulu Öndər Heydər Əliyev və hüquq elminin inkişafı” mövzusunda konfrans keçirilib.
Trend xəbər verir ki, Bakı Dövlət, Naxçıvan Dövlət, eləcə də “ADA” universitetlərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik, Milli Aviasiya, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına, Daxili İşlər Nazirliyinin Polis, Dövlət Gömrük Komitəsi, Ədliyyə Nazirliyinin Ədliyyə akademiyalarının hüquq fakültələrində təhsil alan tələbələrin, habelə professor-müəllim heyətinin iştirak etdiyi konfransda tanınmış ziyalılar, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, prokurorluğun veteranları və gənc prokurorluq işçiləri iştirak edib.
Konfransdan əvvəl ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, daha sonra isə Ulu öndər və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət himninin səsləndirilməsi ilə başlanan konfransda çıxış edən Baş Prokurorluğun idarə rəisi Elnur Musayev iştirakçıların diqqətinə tədbirin məqsəd və vəzifələrini çatdırıb.
Xalq yazıçısı Çingiz Abdullayevin çıxışı gənc hüquqşünaslarda böyük maraqla qarşılanıb.
Konfrans zamanı mövzu ətrafında prokurorluğun veteranları, ixtisaslaşmış ali təhsil ocaqların nümayəndələri və tələbələr də maraqlı çıxışlar edib.
Tədbir zamanı Baş Prokurorluğun təşəbbüsü ilə ərsəyə gəlmiş Ümummilli Liderin xatirəsinə həsr olunan “Böyük şəxsiyyət…3 ştrixdə” adlı sənədli film seyr edilib.