Azərbaycan, MDB daxilində aparılan əməkdaşlıq çərçivəsində öz milli maraqlarını rəhbər tutur
Məlumdur ki, keçən əsrin 90-cı illərində Azərbaycan müstəqilliyini bərpa etdiyi zaman dünya miqyasında mürəkkəb və ziddiyyətli geosiyasi proseslər baş verirdi. Belə bir şəraitdə müstəqil dövlət qurmaq son dərəcə müdrik, yaradıcı və çevik yanaşma tələb edirdi. Müstəqillik və suverenlik anlayışları yeni məzmun çalarları kəsb etməyə başlamışdı. Hər bir ölkənin müstəqilliyi onun ətraf aləmlə qarşılıqlı münasibətlərinin xarakteri və məzmunu ilə sıx bağlı olurdu. Qlobal güclərin dünyanı bir-birindən “qarşılıqlı asılı olan” dövlətlər sistemi kimi qəbul etməsi bir tərəfdən əməkdaşlıq imkanlarını artırırdısa, digər tərəfdən bir sıra siyasi-ideoloji və geosiyasi modellərin ixracı üçün əsas hazırlayırdı. Bu səbəbdən müstəqilliyinə qovuşmuş dövlətlər xarici təsirlərlə daxili potensiallarını uyğunlaşdırmaq məcburiyyəti qarşısında qalmışdılar. Müstəqil dövlət quruculuğunun uğurlu olması üçün bunun mühüm əhəmiyyəti vardı. O cümlədən, daxili siyasətlə xarici siyasət bir-birini tamamlamalı idi. Azərbaycan 1993-cü ildən başlayaraq bu vəzifənin öhdəsindən gəlməyə başladı. Ümumilikdə isə, bu vəzifə milli, regional və qlobal maraqları uzlaşdıran inkişaf strategiyasının tərkib hissəsi idi. Təcrübə göstərdi ki, bu strategiya həm müstəqil demokratik dövlət quruculuğunu uğurla aparmağa, həm Cənubi Qafqazın aparıcı dövlətinə çevrilməyə, həm də, regional lider olmağa imkan yaratdı. Bu prosesdə xarici siyasət kursunun xüsusi yer tutduğunu etiraf etmək gərəkdir. 20-ci əsrin 90-cı illərinin əvvəllərində dünya miqyasında baş verən gərgin, dinamik və sürətli geosiyasi proseslər Azərbaycana da təsir etdi, lakin təəssüf ki, həmin dövrdə ölkəyə rəhbərlik edən şəxslərin yarıtmaz siyasəti ucbatından Azərbaycan geosiyasi baxımdan təcrid olunmuş siyasi həyat yaşayırdı. Yerli siyasi qrupların məhdud maraqları bütün digər faktorları kölgədə qoymuşdu. Bəzi dairələr Ermənistan vasitəsilə 1993-cü ilin əvvəlində Qarabağda işğal əməliyyatlarını genişləndirir, Azərbaycanın içərilərinə doğru ekspansiya siyasətinə əl atırdılar. 1993-cü il iyun ayının 15-dən situasiya dəyişməyə başladı. Bu, Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət edildiyi gün idi. Heydər Əliyev qarşısında duran vəzifələri həll etmək üçün yalnız siyasi-diplomatik üsula üstünlük verdi. Ən çətin anlarda belə, Heydər Əliyev danışıqlar, diplomatiya yolunu seçdi. Əvvəla, bununla o, cəmiyyətimizin fərqli cəhətlərini nəzərə alaraq gələcək düşmənçiliyin yaranmasına imkan vermədi, ikincisi, xarici düşmənlərin bundan yararlanmaq şansını əldə etməsinin qarşısını kəsdi, üçüncüsü, Azərbaycanın siyasi səhnəsində diplomatik fəaliyyət mədəniyyətinin yerini möhkəmləndirdi, dördüncüsü, növbəti nəsil siyasətçilərə nümunə oldu. Heydər Əliyev bu kimi gedişlərlə faktiki olaraq xarici siyasətin də ümumi cizgilərini və əsas metodlarını yaratdı. O, daxili problemləri həll etmək üçün tətbiq etdiyi siyasi və diplomatik məharətə əsaslanan üsulları xarici siyasi fəaliyyətə proyeksiyaladı. İndi hər kəsin haqqında danışdığı “balanslaşmış xarici siyasət kursu”nun rüşeymləri o vaxtlarda formalaşdı. Heydər Əliyev Azərbaycanın düşdüyü konkret geosiyasi və tarixi şəraiti nəzərə alaraq xarici siyasət kursunun əsas istiqamətlərini müəyyənləşdirməyə başladı. Əvvəlcə, nəzərə alındı ki, qlobal səviyyədə geosiyasi mühit Qərbin xeyrinə ciddi surətdə dəyişib. İkincisi, Rusiya ilə əlaqələri kəsmək çox təhlükəli və tarixi gerçəklik baxımından perspektivsizdir. Üçüncüsü, Türkiyə məlum səbəblərdən bölgədə strateji tərəfdaş olmalıdır. Dördüncüsü, İran böyük qonşumuz və ortaq tarixə malik olduğumuz cəmiyyət kimi xarici siyasətdə ciddi yer almalıdır. İranla əməkdaşlıq xətti seçilməlidir. Beşincisi, strateji istiqamət olaraq Qərbə inteqrasiya xətti götürülməlidir. Heydər Əliyev bu konsepsiyanın fonunda Azərbaycanın regionda olan digər dövlətlərə yönəlik xarici siyasət kursunu müəyyənləşdirdi. Bununla da, balanslaşmış xarici siyasət dərin təhlil əsasında dəqiq hesablanmış siyasi proqnozlara uyğun olaraq qurulurdu. Bu siyasətin mərkəzində güclü Azərbaycan dövləti və demokratik cəmiyyət yaratmaq dururdu. Onun əsas vəzifələrindən biri ölkənin pozulmuş ərazi bütövlüyünü təmin etmək idi, çünki ərazi bütövlüyü təmin edilməyən dövlətin tam mənada davamlı inkişaf etməsi mümkün deyildi. Hər an münaqişə amilindən yararlanıb, Azərbaycana istədiklərini qəbul etdirməyə cəhdlər edərlər. Bunu böyük güclər daha yaxşı bilirlər, elə bu məqsədlə də Azərbaycanın səylərinə baxmayaraq, keçən əsrin 90-cı illərinin ortalarından Dağlıq Qarabağ münaqişəsi donduruldu. Nə BMT-nin qətnamələri yerinə yetirildi, nə də, Ermənistanı sözdə deyil, əməldə işğalçı elan edib, müvafiq addımlar atıldı. Əksinə, təcrübə göstərdi ki, böyük güclər zaman-zaman Ermənistanın başına sığal çəkmək, ona silah satmaqla sürətlə inkişaf edən Azərbaycan üçün təhlükə mənbəyinin qaldığını nümayiş etdirdilər. 1993-1995-ci illərdə erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasına çalışmaq əvəzinə, Bakıda dövlət çevrilişi planları hazırlayıb, ölkəni yenidən xaosa sürükləməyə cəhd edildi. Hər bir halda, Azərbaycanın çətinliklərindən istifadə edib ona təzyiq göstərmək, sözəbaxan hakimiyyət formalaşdırmaq işi heç bir siyasi əxlaq normasına sığmır. Azərbaycanı əhatə edən böyük dövlətlərin, hətta min kilometrlərlə uzaqda olanların öz ambisiyaları vardı. Onlar bilirdilər ki, Azərbaycana nəzarət etmək bütövlükdə Cənubi Qafqaza nəzarət etmək demək idi. Azərbaycan həmişə böyük dövlətlərin maraq mərkəzində olub. Azərbaycan müxtəlif sivilizasiyaların kəsişmə məkanı, fərqli dinlərin və mədəniyyətlərin yanaşı yaşadığı yer olub. Azərbaycanın zəngin neft və qaz ehtiyatlarına malik olması böyük dövlətlərin diqqətini çox çəkirdi. Onlar bu zənginlikdən yararlanmaq üçün onun sahibi olan Azərbaycanın müstəqilliyini, sərbəst qərar vermək, kiminlə istəsə, onunla əməkdaşlıq etmək haqqını tanımaq istəmirdilər. Geosiyasi müstəvidə cərəyan edən proseslərin ümumi istiqaməti isə, burada vəziyyəti daha da mürəkkəbləşdirdi.
Bu gün, Azərbaycan çox mühüm ölkədir. O, Cənubi Qafqazda həlledici geosiyasi oyunçudur. Azərbaycan həm də, Şərqə və Mərkəzi Asiyaya açılan “geosiyasi pəncərə”dir. Cənubi Qafqazın başqa bir ölkəsinin coğrafi, geoloji və geosiyasi xarakteristikalarına görə bu funksiyanı yerinə yetirməsi imkanı yox dərəcəsindədir. Bütün bunlar onu göstərir ki, qlobal səviyyədə gedən geosiyasi proseslərin ümumi məntiqi, postsovet məkanının geosiyasi xüsusiyyətləri, Cənubi Qafqazda yaranmış ümumi vəziyyət və Azərbaycanın öz daxili siyasi mühitinin ziddiyyətləri sistem halında ölkənin strateji seçimini xeyli çətinləşdirmişdi. Bu cür iyerarxik maraqlar sistemini nəzərə almadan ümumi inkişaf strategiyası və onun tərkib hissəsi olan xarici siyasət kursu seçilə bilməzdi. Azərbaycanın xarici siyasəti son məqsəddə güclü dövlətlə güclü cəmiyyət modellərinin harmoniyasını təmin etməkdən ibarətdir. Bu yolda bütün xarici tərəfdaşlarla balansı həmişə saxlamaq mümkün olmaya bilər. Müasir tarixi mərhələdə bu, əsas şərt deyil, çünki geosiyasi və geoiqtisadi proseslər o dərəcədə sürətlə dəyişir ki, hər hansı statik durumun formalaşmasına ehtiyac yoxdur. Bu məntiqlə balans modeli də yeniləşməlidir. Burada əsas şərt əməkdaşlığa daim açıq olmaq və əlaqələr sistemini sivil qaydalar daxilində formalaşdırmaqdan ibarətdir. Həmin mənada balans dinamik, çevik və tarazlı münasibətlər sisteminin qurulması anlamına gəlir. Güclü dövlətlə güclü cəmiyyətin bir-birini tamamlaması məhz bu dinamizmdə öz təsdiqini tapır. Olduqca maraqlı, aktual və vacib bir müddəadır. Xarici siyasəti dövlət quruculuğu və cəmiyyətin inkişaf fəlsəfəsi ilə mükəmməl əlaqələndirməyin nümunəsidir. Qarşıya bu vəzifə qoyulursa, qətiyyətlə Azərbaycanın diplomatik xidmət sahəsini, diplomatiyanın metodlarını inkişaf etdirmək və onu daxili inkişafın tempinə uyğunlaşdırmaq lazım gəlirdi. Bunun üçün ilk növbədə, xarici siyasətin daha konkret səviyyədə vəzifələrini aydınlaşdırmaq lazım idi. Bu məqamda Heydər Əliyevin siyasi-diplomatik peşəkarlığı ilə böyük rəhbər və insan kimi güclü iradəsi həlledici rol oynadı. Azərbaycanı yolundan döndərmək mümkün olmadı. Ölkə beynəlxalq aləmdən suverenliyinə və müstəqilliyinə təminat ala bildi və iki istiqamətdə strateji dividend əldə etdi. Azərbaycan rəhbərliyinin bu gedişləri yalnız taktiki xarakter daşımırdı. Bəlkə də həmin dövr üçün mühüm əhəmiyyəti olan maliyyə gəlirindən çox, gələcək üçün prinsipial məna kəsb edən tərəfdaş kimi etimad qazanmaq daha önəmli idi. Azərbaycan həmin illərdə peşəkar diplomatik və siyasi-iqtisadi gedişləri ilə etibarlı tərəfdaş imicini qazandı. Yuxarıdakı mülahizələrdən görünür ki, Azərbaycan suverenliyini və təhlükəsizliyini təmin etmək üçün xarici siyasət vasitəsi ilə regional və qlobal səviyyədə uyğun siyasi mühit yaratmalı idi. Bu məqsəd geniş spektrli və şaxəli xarici siyasət yeritməyi qarşıya vəzifə kimi qoyurdu. Göründüyü kimi, 1993-cü ilin ikinci yarısından Azərbaycan sistemli bir xarici siyasət kursu götürmüşdür. Onun tərkibində qlobal geosiyasi mühitin nəbzini tutan, beynəlxalq münasibətlər sistemində dövlətimiz üçün əlverişli şərait yaradan, ölkənin bütün regionlarda yerləşən dövlətlərə əməkdaşlığını təmin edən istiqamətlər var. Bununla yanaşı, həmin kursda bazar iqtisadiyyatına keçid qarşısında yaradılan əngəlləri aradan qaldırılmasını və insan haqlarına əməl olunmasını təmin edəcək prioritetlər yer alıb. Bu istiqamətlər sistem halında Azərbaycanda güclü dövlət, demokratik cəmiyyət quruculuğu prosesini uğurla başa çatdırmaq üçün lazım olan xarici və daxili şərait yaratmalıdır. Bu gün, Azərbaycanın xarici siyasət sahəsində ciddi uğurları göz qabağındadır. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev məsələnin bu aspektinə daim ciddi diqqət yetirir və ölkəmizin son vaxtlar beynəlxalq miqyasda əldə etdiyi böyük uğurlar çevik xarici siyasət kursunun inkişaf etdiyini təsdiqləyir. Xarici siyasətin çevikliyi Azərbaycanı keçən müddət ərzində Cənubi Qafqazın lider dövləti səviyyəsinə yüksəldib. Ölkənin xarici siyasəti regional lider strategiyasına istiqamətləndiyindən bu mövqenin daha da möhkəmləndiriləcəyinə şübhə yoxdur. Xarici siyasətdə ayrıca istiqamət kimi beynəlxalq və regional təşkilatlarla sıx əlaqələr yaratmaq, onlarla əməkdaşlıq etmək götürülür. BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, MDB, İƏT, ECO, QDİƏT, GUAM, NATO, Qoşulmama Hərəkatı və başqa təşkilatlarla hərtərəfli münasibətlərin qurulmasına böyük diqqət yetirilir. Bütövlükdə, qeyri-dövlət və qeyri-hökumət təşkilatlarının sosial-mədəni və siyasi həyatda rolunun artması tendensiyası gücləndiyindən xarici siyasətdə onların yeri və rolu daha da genişlənir. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) daxilində aparılan aktiv diplomatik və ideoloji iş sayəsində Xocalı soyqırımı bir neçə dövlətin parlamentində müzakirə edildi. Azərbaycan diplomatiyası bu addımla 57 ölkə ilə münasibətlərinə yeni müsbət çalar gətirdi. Regional və qlobal miqyasda beynəlxalq təşkilatlarda aktiv diplomatik fəaliyyət qlobal geosiyasi mühitə sistemli şəkildə təsir etmək imkanı yaradır. Azərbaycan MDB çərçivəsində də aktiv fəaliyyət göstərir. Ölkəmizin bu quruma daxil olması və orada aktiv iş aparması ilə Ermənistanın bir çox mənfur planlarının qarşısı alındı, çünki Azərbaycanın razılığı olmadan MDB heç bir ciddi sənədi qəbul edə bilməz. Ölkəmizin təhlükəsizliyinin və ərazi bütövlüyünün təmini üçün bunun nə dərəcədə əhəmiyyətli olduğunu anlamaq çətin deyil. Azərbaycan MDB-nin bir çox sənədlərinə Ermənistan faktorunu nəzərə alaraq veto qoya bilir. Xüsusilə, təhlükəsizlik sisteminin yaradılması məsələsində ölkəmizin müstəqil mövqe nümayiş etdirməsi ermənilərin qərəzli siyasi niyyətlərini cilovlamağa imkan verir. Yeritdiyi çevik siyasət sayəsində Azərbaycan həm MDB-yə daxil olan dövlətlərlə sıx əməkdaşlıq edir, həm də, özünə qarşı ola biləcək təhlükəli qərarları neytrallaşdırır.
Hazırda, xarici siyasətin əsas istiqamətləri sırasında ikitərəfli əlaqələr əhəmiyyətli mövqeyini saxlamaqdadır. Bu zaman qarşılıqlı anlaşma prinsipi əsas götürülür. Bu əsasda başqaları ilə bərabərhüquqlu, qarşılıqlı faydalı münasibətlər qurmaq mümkün olur. Beynəlxalq təhlükəsizlik baxımından həmin prinsip əhəmiyyətlidir. Siyasi təhlükəsizliyin təmini bu prizmada aktual problem kimi qəbul edilir. Siyasi təhlükəsizlik dövlət quruculuğu məsələlərini müstəqil yerinə yetirmək üçün cəmiyyətin imkan və qabiliyyətlərini ifadə edir. Belə şəraitdə dövlətin siyasi təhlükəsizliyi məsələsi çox sayda faktorun nəzərə alınmasını tələb edir. Həmin aspektdə xarici siyasətin siyasi təhlükəsizliklə beynəlxalq təhlükəsizliyin uyğunlaşdırılmasında çevik mexanizm kimi hədsiz əhəmiyyəti aydın görünür. Müstəqilliyini yaxın keçmişdə əldə etmiş dövlətlər üçün bu məsələ ikiqat vacibdir. Azərbaycan bütün bu şərtləri nəzərə alaraq xarici siyasətin əsas istiqamətlərini üç səviyyədə sistemləşdirmişdir. Birinci səviyyə Azərbaycanla coğrafi qonşu olan böyük dövlətləri əhatə edir. Burada konkret olaraq Rusiya, Türkiyə və İran nəzərdə tutulur. İkinci səviyyə Orta Asiya dövlətləri, Gürcüstan və Ermənistanla olan münasibətlərdən ibarətdir. Üçüncü səviyyə isə, Avropa, ABŞ və Uzaq Şərq də daxil olmaqla Asiya və islam dövlətləri istiqamətində aparılan siyasətdən ibarətdir. Bunların fonunda dünyanın bütün dövlətləri ilə siyasi əlaqələr qurmaq xətti yeridilir. Beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqaməti hər üç səviyyəni əhatə edir – buraya məhəlli və qlobal miqyaslı təşkilatlar daxildir. Bu yolda aşırımlardan inamla keçən, qarşıya çıxan maneələri qorxmadan dəf edən gənc müstəqil dövlət, indi regionun lideridir. Dövlət başçısının rəhbərliyi ilə ölkəmizin xarici siyasətinin prioritetləri qətiyyət və inamla həyata keçirilir. Azərbaycanın xarici siyasət kursu region səviyyəsində pozitiv geosiyasi dəyişiklikləri stimullaşdırır. Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq, yalnız əməkdaşlıq və inteqrasiya istiqamətində fəaliyyət göstərir. Dövlətimiz yeni beynəlxalq enerji layihələri, iqtisadi əməkdaşlıq proqramları və mədəniyyətlərarası dialoqa xidmət edən tədbirlər həyata keçirdikcə, bəzi qüvvələrin təxribatçı hərəkətləri artır. Cəbhə xəttində atəşkəsi pozurlar, bəzi media orqanlarında ölkəmizə qarşı qərəzli yazılar dərc edirlər, müxtəlif beynəlxalq dairələrdən təzyiqlər etməyə çalışırlar. Bütün bunlar mahiyyətcə sürətlə inkişaf edən Azərbaycana qısqanclığın nümayişidir…
Sabit Mehdiyev,
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının məsləhətçisi