Milli Məclisin Gənclər və idman komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılovun “Azərbaycan” qəzetində “Azərbaycan dövləti öz gücü hesabına ədaləti bərqərar etdi” başlıqlı məqaləsi dərc olunub.
Məqaləni olduğu kimi təqdim edirik:
“1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində bəşər tarixinin ən qanlı faciələrindən biri yaşandı. Azərbaycan tarixinə qanlı hərflərlə yazılan həmin gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın bu qədim şəhərinə hücum edərək dinc sakinlərimizə qarşı dəhşətli qırğın törətdi. Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salındı və Naxçıvanlı, habelə Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Bu soyqırımı zamanı 613 nəfər öldürüldü, onlardan 63-ü uşaq, 106-sı qadın, 70 nəfəri isə qoca idi. Bu amansız qırğında 8 ailə tamamilə məhv edildi.
Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məntəqəyə çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd göstərdilər. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda düşməndən gizlənən zaman donvurma nəticəsində həlak oldu.
İyirminci əsrin sonlarında bütün bəşəriyyətin gözü önündə törədilən bu cinayət erməni millətçilərinin təcavüzkar siyasətinin əyani sübutudur. Azərbaycan dövləti ötən illər ərzində bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün bütün zəruri addımları atdı. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Bu cinayətlə bağlı həqiqətlərin dünya birliyinə çatdırılması üçün davamlı fəaliyyət həyata keçirildi.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başladılan “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində mühüm tədbirlər həyata keçirildi. Çoxsaylı sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar, aksiyalar və digər tədbirlər təşkil olundu, həmçinin sosial media üzərindən uğurlu təşviqat həyata keçirildi.
Ali Baş Komandanın müdrik sərkərdəliyi, ordumuzun gücü və xalqımızın sarsılmaz iradəsi, birliyi nəticəsində ədalət bərpa olundu. Tarixi torpaqlarımız işğalçılardan təmizləndi, ərazi bütövlüyümüz və dövlət suverenliyimiz tam bərpa olundu.
Bu gün bütün şəhidlərimizin, Xocalı qurbanlarının ruhları şaddır. Bu gün Xocalıda üçrəngli bayrağımız qürurla dalğalanır. Xalqımıza qarşı cinayətlər törətmiş şəxslər Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab verdilər və layiqli cəzalarını aldılar. Azərbaycan xalqı və dövləti öz gücü hesabına ədaləti bərqərar etdi.
Bu gün isə digər azad olunmuş ərazilərimiz kimi Xocalıda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, xocalıların öz doğma torpaqlarına qayıdışı təmin olunur. Dövlətimizin gücü hesabına bölgəmizdə sülh, əmin-amanlıq təmin edilir.
Möhtərəm Prezidentimizin də dəfələrlə qeyd etdiyi kimi, xalqımız bu ağır faciələri heç zaman unutmayacaq. Soyqırımı qurbanlarının, şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq”.












